“Təzadlar”ın araşdırması: Bakının Babək, 8 noyabr (keçmiş Nobel) və H.Əliyev kimi əsas prospektlərindən Cavanşir körpüsü ilə paytaxtın mərkəzinə daxil olan avtomobillərin təxminən 20 faizi mərkəzə istiqamətlənir, qalanları rayonlara, “Sədərək” və “Binə” ticarət mərkəzlərinə gedir...

…Bakının vacib problemlərindən biri də tıxaclara yüklənmədir. İctimai rəy və mütəxəssislərin real qənaətləri belədir ki, şəhərdə uzun illərdir aparılan xaotik tikinti bumu paytaxtı nəqliyyat vasitələri ilə süni yükləməkdədir. Nə qədər yazılıb deyilsə də, bunun qarşısı hələki alınmır. Məsələn, “pilot layihə” adı altında şəhərin mərkəzində Sovetlər dönəmində tikilmiş 2- 3 və ya 4-5 mərtəbəli binaları sökülür və yerində 20-30 mərtəbəli göydələnlər tikilir... Nəticədə, vaxtilə həmin göydələnlərin tikildiyi ərazidən 10-15 avtomobil yola çıxırdısa, indi ən azı 500-1000 avtomobil. Nəzərə alsaq ki, son 10 ildə Bakının mərkəzində  yüzlərlə belə çoxmərtəbəli binalar tikilib və tikintisi indi də davam edir, onda paytaxtın canını boğzına yığan tıxacların niyə qarşısıalınmaz olduğunu düşünməyə dəyər...

Bakıda mərkəzdənqaçma ilə deyil, mərkəzəqaçma ilə tikilən mənzillər...

 Adətən, Bakı kimi paytaxt şəhərlərdə mövcud problemlərdən çıxış yolları axtarılır, tədbirlər görülür. Bakıda da buna cəhdlər edilir. Amma yoolardakı tıxacları nizama salmağa edilən səylərlə. Lakin faktdır ki, Bakı uzun illər pərakəndə tikintilərin meydanına çevrilib. 20-30 mərtəbəli yaşayış binasının yanında bir və ya beşmərtəbəli binaların olması hansı tikinti mədəniyyətinə uyğundur, demək çətindir.

 Ən vacibi: adətən, köhnə və ömrünü başa vurmuş binaları söküb yenisini tikəndə mövcud şəhər infrastrukturu nəzərə alınır. Bakıda isə mövcud yüklənməni azaltmaq üçün şəhərin mərkəzindən kənara köçürmələr nəzərə alınmır. Məsələn, şəhər kənarında yaşayış binaları tikib yeni güzəştlər tətbiq etməklə mərkəzdə yaşayan əhalini təbii yolla kənara köçürmək və mərkəzdə yükü azaltmaq olar. Lakin apardığımız müşahidələr də göstərir ki, əksinə, şəhərin mərkəzində daha çox göydələnlər tikilməklə əhali süni olaraq mərkəzə daşınır. Bu isə istər-istəməz Bakının mərkəzində süni tıxacların yaranmasına səbəb olur.

“ Bakıda avtomobillərin sayı çoxdur” əsassızlığı...

 Bəs ölkə mediasının Bakının bu vacib probleminə yanaşması necədir? Bunu öyrənmək üçün elektron mediamızda axtarış sistemindən istifadə edərək araşdırma apardıq... Təəssüflər olsun, bu mövzu ilə mövqeyi öyrənilən ekspertlər yanlış olaraq Bakıdakı tıxacların üç səbəbini deyirlər: “1.Hərəkətin təşkilində səhvlərin olması; 2.Qayda pozuntuları; 3.Avtomobil sayının çoxluğu”. Hərəkəin təşkilində səhvlərin olması və ya qayda pozuntuları tıxacların yaranmasında müvəqqəti rol oynayır və az sonra aradan qaldırılır. Amma axı Bakıda hər gün səhər və axşam saatlarında Yol Polisi əməkdaşlarının nəqliyyatın idarə edilməsi üçün hansı əziyyətlər çəkdiklərinin də şahidiyik. Hətta bəzən elə olur ki, bir yol ayrıcında qarşıdakı yolun nəqliyyatla tıxanmasını nəzərə alan DYP əməkdaşları işıqforla irəli hərəkət etməli nəqliyyat vasitələrinin məcburi qarşısını alır ki, yol boşalsın... Bakıda isə avtomobillərin sayı çox deyil, sadəcə, Bakı avtomobillərin sayına görə daralıb…

Avtomobillərlə dolub-daşan və hər gün daralan Bakı...

Bakıda nəqliyyat vasitələrinin sayının çoxluğuna gəlincə, bu olduqca yanlış qənaətdir. Bakıda nəqliyyat çox deyil, Bakı daralıb... Bəli, doğru eşitdiniz. Tanınmış QHT rəhbəri Mirvari Qəhrəmanlının da qənaəti belədir:

-...Hər gün işə ictimai nəqliyyatla gedirəm. Eləcə də evə gələndə... Hər gün də eyni mənzərədir. Buna son qoyulmalıdır. Əsas problem isə Bakının mərkəzində çoxsaylı mənzil tikintisidir. Bir zamanlar Prezident İlham Əliyev şəhərin mərkəzində göydələnlərin tikinsinin qadağan olunduğunu demişdi. Təəssüflər olsun, iş adamları, mənzil tikən MTK rəhbərləri köhnə tarixə sərəncam alıb vurhavur çoxmənzilli binalar tikməkdədirlər. Harda boş yer var, ələ keçirib göydələn tikirlər. Belə getsə, Bakının yaxın 5-10 ildə nə gözlədiyini təsəvvür edin.

-Bəzi ekspertlər guya Bakıda avtomobillərin sayının çox olduğunu tıxaclara əsas səbəb kimi qeyd edirlər...

-Qətiyyən razı deyiləm. Bakıda təxmini rəqəmlərə görə 700-750 min avtomobil gündəlik istismardadır.... Əhalisinin sayına və ərazisinin sahəsinə görə Bakıdan iki dəfə böyük şəhərlər var ki, belə tıxaclara rast gəlinmir... Sadəcə, Bakıda şəhərin mərkəzində darlaşma var, çoxmənzilli binaların hesabına mərkəzdə nəqliyyat vasitələrinin süni surətdə sayı artıb...

Bəli, bu gün Bakının nəqliyyat çoxluğunu fizikanın adi bir qanunu ilə müqayisə edə bilərik: 1 litrlik qaba iki litr suyu necə doldurmaq olar? Təbii ki, daşıb yerə töküləcək... Yaxud, bədən ölçüsü 48 olana 42 ölçülü paltarı necə geyindirmək olar? Bakıda şəhərin mərkəzinə süni doldurulmuş nəqliyyat vasitələri də paytaxtın mərkəzi hissəsinə sıxışmır, normadan iki dəfə artıqdır! Nəzərə alsaq ki, Bakının əsas yolları demək olar Sovet dönəmində olduğu sahəsində qalıb. əsasən də mərkəzi küçələr. O küçələr ki, hər gün tıxaclarla yüklüdür...

Bəs Bakıda tıxaclardan qurtulmağın real çıxış yolu varmı?

Bəli, problem ciddidir... “Təzadlar”ın Araşdırma Qrupu paytaxda ardıcıl müşahidə apardı. Gəlinən nəticə belədir: Bakının Babək, 8 noyabr (keçmiş Nobel) və H.Əliyev kimi əsas prospektlərindən paytaxtın mərkəzinə bir istiqamətdən-Cavanşir körpüsündən daxil olan avtomobillərin təxminən 20 faizi mərkəzə istiqamətlənir, qalanları rayonlara, “Sədərək” və “Binə” ticarət mərkəzlərinə gedir. Bunu dəqiqləşdirmək üçün bir neçə gün ardıcıl olaraq adı çəkilən prospektlərdən mərkəzə daxil olan avtomobillərin arxasınca gedərək mühşahidə apardıq və fakt təsdiqini tapdı. Hesab edirik ki, paytaxtın sosial-iqtisadi  problemlərinə cavabdeh qurumlar xüsusi işçi qrup yaradaraq müəyyən etməlidir ki, mərkəzə doğru axan nəqliyyat vasitələri niyə rayonlara və adı çəkilən ticarət mərkəzlərinə gedərkən Bakının mərkəzinə doluşmalıdır? Beynəlxalq təcrübəni öyrənmək üçün yenə də xarici media və elektron sistemlərdən istifadə etməklə, tarixi təcrübəyə ekskursiya etdik. Məlum olur ki, məsələn, Kerç yarımadasında, Krımda, Sevostopolda və s. yerlərdə nəqliyyat vasitələri yarımadanın bir tərəfindən digər tərəfinə getmək üçün şəhərin mərlkəzinə girmədən xüsusi bərələrlə ünvana daşınır.

 Zənnimizcə, Bakıda da bu üsuldan istifadə etməklə Bakının mərkəzinə dolan avtomobil yükünü azaltmaq olar. Məsələn, Mərdəkan, Hövsan, Pirallahı, Günəşli, 8 km qəsəbəsi, yaxud elə Gənclik, Əhmədli, Zığ ərazisində yaşayan yüz minlərlə sürücü rayonlara, yaxud “Binə”, “Sədərək” Ticarət Mərkəzlərinə, “Meyvəli bazar”a getmək üçün mütləq Bakının Z.Əliyeva küçəsindən keçib Neftçilər prospektinə daxil olub istiqamətlənməlidir. Çünki alternativ yol yoxdur. Müşahidələrimiz də bunu təsdiqləyir.

 Mən hələ neçə illər əvvəl nəqliyyat naziri Ziya Məmmədova ünvanlı araşdırma yazımda təklif də vermişdim ki, Bakının mərkəzinə daxil olub rayonlara, TM-lərinə, “Meyvəli Bazar”a istiqamət götürən avtomobillər üçün, məsələn, keşmiş “Lenkombinat” və ya “Nargilə” kafesi adlanan ərazilərdə bərələr təşkil edərək dənizin sahili ilə həmin avtonəqliyyat vasitələrini Lökbatan dairəsi istiqamətinədək daşımaq olar. Həmin araşdırma yazısına reaksiya da gəldi və rəsmi cavab məktubunda nazir Z.Məmmədov qeyd edirdi ki, maraqlı təklifdir, nəzərə alınacaq, öyrəniləcək. Bir müddət sonra Nazirlər Kabineti bu məsələni müzakirəyə çıxardı və dənizdən deyilən ünvanlara yol çəkilməsi təklifi gəldi. Bildiyim qədər, Çin şirkətləri bui şi görmək üçün layihə də təqdim etmişdilər. Lakin Xəzərin hava şəraiti nəzərə alınaraq bundan imtina edildi. Həm də bu bahalı layihə idi. Amma bərələrdən istifadə ən ucuz başa gələn layihədir…

 Azərbaycanda bərələrdən istifadə təcrübəsi yetərincədir, amma…

Azərbaycanda bunun üçün yetərincə texniki imkan və təcrübə də var. Məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı il boyu, günün 24 saatında fasiləsiz iş cədvəli əsasında işləyir. Liman 5 terminaldan ibarətdir: 1. Əsas yük terminalı; 2. Konteyner terminalı; 3. Bərə terminalı; 4. Dübəndi neft terminalı; 5. Sərnişin terminalı. Limanın Bərə terminalı hazırda hər birinin uzunluğu 87 metrə bərabər olan 2 qaldırıcı körpüyə malikdkir. Bərə hər reys üçün 28 vaqon və ya 45 treyler yük maşını, çoxsaylı sərnişin və çoxsaylı minik maşını götürə bilir. Deməli, texniki imkan və təcübə var. Qeyd olunan yükdaşıma üçün isə 1- 2 və ya 3-4 mərtəbəli daha iri bərələr quraşdırıb hava şəraitindən asılı olaraq hər bərə bir dəfəyə 800-1000 avtomobil daşıya bilər. Bununla da Bakının mərkəzində uzun zaman içində tıxacda qalmadan, izafi benzin yandırmadan da xilas olmaq mümkündür. Bu həm də Bakı havasının ekoloji durumuna böyük töhfə olardı…

Asif Mərzili

(Yazı Media Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.)


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA