Azərbaycanda ən çox nikah sayı 2011-ci ildə 88145 nəfər, ən az nikah isə 1942-ci ildə- 10840 nəfər, ən çox boşanma 2019-cu ildə- 17148 fakt, ən az boşanma isə 1945-ci ildə olub- 310 fakt...

...Ailə bir dövlətdir. O dövlətin atributu da, strukturu və qayda-qanunu da hər birimizin qürur mənbəyimiz-məbədimiz olan Azərbaycan dövlətinin təməl prinsipləri ilə eynidir, vəhdət təşkil edir... Və bu kiçik dövləti qorumaq, onun möhkəmləndirmək üçün əlimizdən gələn hər şeyi etməyə hazır olmalıyıq. Amma əlimizdən gələn çox şey var, lakin bunlar ortada olan bəlli problemlərin həlli üçün yetərli deyil, bəzi hallarda gücümüz xaricindədir...

 Azərbaycanda niyə son 20 ildə boşanmalar artımlı rəqəmlərlə irəliləməkdədir???

 Məsəldir, pul çox şeyi həll edir, amma hər şeyi həll edə bilmir! Bu, həyatın qanunudur. Amma həyatın daha bir vacib qanunu da var ki, onu pulla deyil, insani qaydalar və qanunlarla həll etmək lazımdır. Bu ailə qanunudur. Bu “qanunlar toplusu” isə ailələrin özəl xarakterindən, nəsil-nəcabətindən, soy kökündən, adət-ənənəsindən asılı olur. Bir-birinə o mənada uyğun gəlməyən ailələrdə isə sonradan boşanmalar-ayrılmalar baş verir. Ortada isə iki gəncin bir daha bərpa edilməyəcək sınıq qəlbi və onlardan sonra qalmış körpələrin bədbəxt-sınıq taleyi qalmış olur...

***

 Apardığım təhlillər qanımızı qaraldandır. Vaxtilə az qala bütün dünyaya nümunə ola biləcək Azərbaycanın ailə institutu indi acı taleyini, pis günlərini yaşamaqdadır. Bu pislərin kökü isə 90-cı illərdən başlayır. Bunu statistik rəqəmlərə istinadla deyirəm.

Elə ilk olaraq tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ilə söhbətimizdə yəqinləşdirdim ki, Azərbaycanda niyə boşanmalar bu qədər qarşısıalınmaz bəlaya çevrilib:

-Səbəblər çoxdur... Bəzən sosial problemləri nümunə çəkirlər, amma nəzərə alaq ki, bu problemlər keçmişdə də var idi. Məhkəmələrdə baxırıq, hakim boşananlara sual verir ki, səbəb nədir? Deyirlər ki, xasiyyətimiz tutmadı... Baxırsan, xasiyyət nədir: oğlan belə deyir, qız belə istəyir, oğlan belə tələb edir, qız belə istəmir... Qaynanalar fərqli düşüncə və tələbdə... Və sair. Lakin boşananlar isə, sanki nəyəsə arxayındırlar ki, gənc yaşlarında ayrılmağa qərar verirlər. Axı boşanmadan sonra bir də necə saf ailə təməli qurula biləcək, bax bunu düşünməlidir gənclər. Valideynlərin də günahı çoxdur, onların sözü keçmir, eşidilmir... Nəticədə Azərbaycanın ailə institutu dağılır, zəifləyir, Avropalaşır, ruslaşır və s.

***

 Adının yazılmasını istəməyən psixoloq həmsöhbətim isə daha sərt mövqedədir:

-Statistikaya baxın, boşanma-ailə dağılmaları daha çox 90-cı illərdən başlayıb. Xarici filmlərdəki yad təbliğat, internetdəki açıq-saçıq və xəyanət üzərində qurulmuş senarili filmlərin meydan sulaması... boşanan gənclərin beynini pozması ilə nəticələnməkdədir. Vaxt vardı, hind filmlərindəki əsl sevginin sonda qalib gəlməsini görüb gələcəkdə onlara oxşamağa qərar verərdik, bu filmlər nümunə idi... Oğlan düşünür ki, əşşi, boşayıb biri ilə günümü yola verəcəm... Qız da həmçinin oxşar düşüncəyə sahib olur... DİN-nin insan alverinə qarşı mübarizə siyasətinin tərkib hissəsi olan reydlərini statistika ilə təhlil edəndə olduqca maraqlı faktla rastlaşmışam: fahişəliyə cəlb edilmişlərin, yaxud buna könüllü cəlb olunanların demək olar 85-90 faizi boşanmış xanımlar olur... Bunlar əvvəl dediyim o təbliğatın zərərli təsirinə düşənlərdir. Məhkəmələrdəki boşanmaların da mahiyyətində görün nə durur: boşanan xanımların bir çoxu deyir ki, ərim işləmir, evə çörək gətirmir və s. Bunlar bəhanələrdir. O qədər işləməyən kişilər var ki, belə çıxır ki, onlar boşanmalıdırlar?! Niyyət sərbəst həyata atılmaq, gün keçirmək və s.-dir. Sonda isə körpə uşaqları atasız və ya anasız böyüyür. Belə uşaqların gələcəyi də problemli olur, hamar olmur...

  Bəs statistika boşanmaları necə əks etdirir?

 Dövlət Statistika Komitəsinin rəsmi saytından əldə etdiyim rəsmi məlumatlar isə Azərbaycanda boşanmalar sahəsindəki acı məncərəni göstərir və hər kəsi bu sahəyə xüsusi diqqət yetirməyə səsləyir. Valideynlər, evlənməyə hazırlaşan gənclər bu statistikadan ibrət götürüb ailə quranda bəzi ailə təməli prinsiplərini indidən göz altına almalıdırlar.

*** 

Beləliklə, apardığım təhlillər görün  nəyi diqtə edir: Məsələn, 1935-ci ildən 2022-ci ilədək olan dövrdə rəsmi qeydə alınmış nikah və boşanmaların sayı məyyusedici faiz nisbəti ilə rəqabətdədir. Əslində, bu rəqabət bizim gələcəyimizi təqib edir. Məsələn, 1935-ci ildə 31 262 nikah olubsa, həmin ildə boşanmalar 14438 olub. Təsəvvür edirsinizmi, evlənənlərin 46,2 faizi boşanıb.

Burda bir haşiyə çıxım: 1935-37-ci illər Azərbaycanda da repressiyaların başladığı illər idi. Görünür, həmin illərdə təqibdən yayınmaq üçün ailələrdə süni boşanmalar sürətlə baş verib.

***

...1945-ci ildə isə 15766 nigah olub, 310 boşanma. Bu rəqəm indiyədək olan ən az boşanma faktı kimi kimi tarixə düşüb. 1960-cı ildə isə 46635 nikah bağanıb, cəmi 2910 boşanma olub. Amma 2000-ci ildə isə nikahların sayı kəskin aşağı düşüb: 39 611 nikah, 5 478 boşanma. Sonrakı illərdə isə vəziyyət belədir:
2001-ci il – 41 861 nikah, 5 382 boşanma,
2002-ci il – 41 661 nikah, 5 738 boşanma,
2003-cü il – 56 091 nikah, 6 671 boşanma,
2004-cü il – 62 177 nikah, 6 914 boşanma,

2005-ci il – 71 643 nikah, 8 895 boşanma,
2006-cı il – 79 443 nikah, 7 817 boşanma,
2007-ci il – 81 758 nikah, 8 340 boşanma,
2008-ci il – 79 964 nikah, 7 933 boşanma,
2009-cu il – 78 072 nikah, 7 784 boşanma,

2010-cu il – 79 172 nikah, 9 061 boşanma,
2011-ci il – 88 145 nikah, 10 747 boşanma,
2012-ci il – 79 065 nikah, 11 087 boşanma,
2013-cü il – 86 852 nikah, 11 730 boşanma,
2014-cü il – 84 912 nikah, 12 088 boşanma,

2015-ci il – 68 773 nikah, 12 764 boşanma,
2016-cı il – 66 771 nikah, 13 114 boşanma,
2017-cı il –  62 923 nikah, 14 514 boşanma,
2018-ci il – 62 484 nikah, 14 857 boşanma,
2019-cu il – 63 869 nikah, 17 148 boşanma.

2020-ci ildə  35348   nikah, 14628  boşanma;

2021-ci ildə  50 089 nikah, 15659 boşanma!

Beləliklə, ötən il ailə quranların 31,3 faizi ayrılıb (təxminən üçdə biri!).

Bir daha xatırladıram ki, Azərbaycanda ən çox nikah sayı 2011-ci ildə olub- 88 145 nəfər, ən az nikah isə 1942-ci ildə olub- 10840 nəfərdir. Ən çox boşanma isə 2019-cu ildədir- 17148 fakt, ən az boşanma isə 1945-ci ildədir- 310 fakt!

Bəs boşananlarla ailə quranların yaşı ailə institutunun möhkəmlənməsində necə təsirlidir?

 Statistika göstərir ki, Azərbaycanda ailə quran cütlüyün orta yaş həddi getdikcə artmaqdadır. Müraciət etdiyim ekspertlər bunu cütlüklərin fərdi qərarı ilə əlaqələndirirlər. Məsələn, psixoloq Yasəmən Məmmədli deyir ki, “...Gənclər cəmiyyətdə baş verən boşanmaları, ailə münaqişələrini və s. görüb bu acı təbliğat və təşviqatdan özləri üçün pis nəticə çıxarır, ailə qurmaqda qəti qərara gələ bilmirlər. Necə deyərlər, göz gördüyündən qorxur... Eləcə də gənclərin ailə dolandıracaq iş tapmalarındakı çətinliklər, təhsildəki uzun zaman və s. qərar qəbul etmə müddətini artıran səbəblərdəndir... TV-lərdəki ailə münaqişələri, xəyanətlər üzərində qurulmuş serialların nümayişi də mənfi təbliğat kimi gəncləri ailə qurmaq fikrindən daşındıran səbəblərdəndir. Mən bura gənclərimizin 90-cı illərdən üzü bəri həyatda özlərini normadan artıq sərbəst aparmalarını, davranışlarına diqqətsizliklərini də əlavə edərdim ki, bunlar da gənc qız və ya oğlanın seçim edib ailə qurmasına süni mane olan səbəblərdəndir...”.

 ***

Bu da rəsmi statistika: məsələn, 1990-cı ildə ailə quran cütlüklərdə (oğlan və qız) orta yaş həddi 27, 4 və 24,3 olubsa, bu rəqəm 2000-ci ildə 28,4 və 23,6 olub.

2019-cu ildə isə ailə quranların orta yaş həddi 29,4 və 24,7 olubsa, 2020-ci ildə 30 və 25,2 olub.

2021-ci ildə bu göstərici 31,3 və 25,9 ilə tamamlanıb.

 Ailələr daha çox neçə illik nikahdan sonra boşanır???

  Bir maraqlı statistika da diqqəti çəkir. Məsələn, 2020-ci ildə 14628 boşanma olub ki, boşanmaların 4634-ü  5 il nigahda olanlardır. 4336 boşanma isə 5-9 il nigahda olandan sonra ayrılanların payına düşür. Boşananların 4004-ü 9-19 il nigahda olandan, 1654-ü isə 20 il və daha yuxarı müddətdə nikahda olandan sonra ayrılanlardır... Deməli, nikahda qalma-birgə yaşama müddəti artdıqca, ailəni möhkəmləndirən səbəblər və ya faktorlar çoxalır, bağlar daha da möhkəmlənir. Bu səbəbdən də həmin yaş və ya nikahlılarda boşanmalar da azalır... Həmçinin, gənc xanım “Hələ nə yaşım var ki?!” bəhanəsi ilə, gənc oğlan isə “Gələcəyim qabaqdadır...” kimi yersiz bəhanə ilə ayrılmağa meyilli olur. Lakin düşünmürlər ki, ikinci və ya üçüncü dəfə nikaha girmə də olduqca çətin olur, hətta bəzən mümkünsüzdür...  

 Bəs ən çox boşanmalar hansı bölgələrimizi əhatə edir?

 Budur, məsələn, 2020-ci ildə ölkə üzrə 14628 boşanma qeydə alınıb. Bakıda isə 4238 boşanma faktı qeydə alınıb. Bakı rayonlarındakı rəqəmlər də düşündürücüdür: məsələn, 2020-ci ildə Binəqədidə 550, Xətaidə 544, Suraxanıda 444, Yasamalda 535 fakt. Göründüyü kimi, ən çox boşanma Binəqədinin payına düşür (Bu rayonda nəsə baş verir deyəsən...).

 Bakı rayonlarından ən az boşanma isə Pirallahıda- 29, Səbaildə isə 209 fakt olub!

Bölgələrə gəlincə, Naxçıvan MR üzrə 462, Gəncədə 597, Ağdamda 376, Tovuzda 256, Xaçmazda 266, Masallıda 411, Yevlaxda 378 boşanma qeydə alınıb.

 Bəs qadınlar daha çox hansı yaşda boşanır?

  Bu da maraqlı statistikadır. Məsələn, 2020-ci ildə ölkə üzrə 14628 boşanma olubsa, ondan qadınlar arasında 2327 boşanma 18-24 yaşda (15,9 faiz), 3737 boşanma 25-29 yaşda (25,6 faiz), 3378 boşanma 30-34 yaşda (23,1 faiz) və sair yaşda baş vermişdir. Yəni, qadınlar arasında ən çox boşanma 25-34 yaş arasında baş verir. Niyə? Niyə qadınlar həmin yaşa çatanda boşanma barədə qərar verirlər???

 Bakı şəhərində də mənzərə diqqəti çəkir. Məsələn, Bakı şəhərində qadınlar arasında ən çox boşanma (4238 fakt) 30-34 yaşda (1105 fakt) və 35-39 yaşda (909 boşanma) baş verib. Bir sözlə, qadınlarımız 30 yaşı keçib 40-a çatanda daha çox boşanmaya meyilli olurlar. Səbəblərini deyə bilmərəm, bunu yalnız boşanan qadınlar arasında sorğu keçirib rəyləri öyrənəndən sonra söyləmək olar. Amma bütün hallarda, mənzərə acınacaqlıdır, təhlükəlidir və qarşısı alınmalıdır.

***

...Yuxarıda təqdim edilən rəsmi rəqəmlərdən belə qənaətə gəlirəm ki, Azərbaycanda boşanma tendensiyası dayanmaq bilmir, əksinə, illər ötdükcə, dinamika yuxarıya doğrudur-artmağa meyillidir.

Bütün hallarda, aidiyyəti dövlət qurumları səbəbləri öyrənməklə, bu mənfi tendensiyanın qarşısını almalıdır. Çünki həyatda heç nə səbəbsiz deyil. Deməli, boşanmalarda da hansısa ciddi səbəblər var. Yoxsa, kim və ya hansı ailə istəyər ki, qurulan isti ocaq dağılıb xarabalığa çevrilsin... Gəlin ocaqlarımızı yandıraq, əksinə, söndürməyək, yaxud söndürüb külü ilə oynamayaq...

Asif MƏRZİLİ

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İst. 6.3.18). 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA