Təəssüflər olsun ki, zaman keçdikcə qadınlar törətdikləri cinayətlərin sayına və xarakterinə görə kişilərə rəqabətli görünürlər...

....Xanımlar-qadınlar bütün sahələrdə üstün yaşam və fəaliyyətə layiqdirlər. Bunun bərqərar olması üçün istər dövlət, istərsə də özəl qurumlarda bütün lazımı üstün şəraitin olmasına səylər göstərilir. İctimai və dövləti maraqların təmin olunması üçün qadınlar üçün yaradılan şəraitin bəhrəsi isə hər yerdə hiss olunur. Çünki qadınlar təkcə zərif cincin nümayəndəsi kimi diqqətdə deyillər, həm də cəmiyyətin gələcəyini doğacaq bir müqəddəs varlıq kimi də hörmətə və diqqətə layiqdirlər.

 ***

Bu yazıda məqsəd qadınların cəmiyyətdə törədilən cinayətlərdəki xüsusi çəkisini araşdırmaq, buna səbəbləri müəyyənləşdirməkdir... Lakin məqsədimiz qətiyyən o deyildir ki, bununla həm də qadınların cinayətkar obrazını yaratmaqla və mənfi obrazını təqdim etməklə onlar qınaq obyekti edilsin... Əksinə, niyyətimiz qadınları bu əməldən çəkindirmək üçün acı statistikanı təqdim edərək hamını bundan xəbərdar etmək, cinayətkarsız qadın  cəmiyyətimizi formalaşdırmağın yollarını birgə aramaqdır...

Qadınlar niyə cinayət törətməyə meyilli olmaqdadır???

Problemi araşdırmaq üçün nümunə olaraq 1993-2020-ci illər ərzində qadınlar tərəfindən törədilən cinayətlərin statistikasını əldə etdik.  Diqqət edin, Azərbaycan Baş Prokurorluğundan “Təzadlar”a verilən sonuncu məlumatdan bəlli olurdu ki, illər ötdükcə qadınlar tərəfindən törədilən cinayətlərin sayı artmaqda, necə deyərlər, sambalı da çoxalmaqdadır. Məsələn, 1993-cü ildə Azərbaycanda 14968 nəfər cinayət hadisəsi törətmişdirsə, onların 14241 nəfəri kişilər, 727 nəfəri isə qadınlar olmuşdur ((5,1 faiz). Həmin dövrdə 10782 nəfər məhkəmə hökmü ilə məhkum olunmuşdursa, bunun 10390 nəfəri kişi, 392 nəfəri isə qadınlar olmuşdur (3,8 faiz).

İllər üzrə bu acı statistika belə dəyişmişdir:

-2000-ci il:

-Cinayət törətmişlərin sayı: 12906 cinayət (11726 kişi, 1180 qadın-10, 1 faiz);

-Məhkumlar: 14605 (13795 kişi, 810 qadın- 5,9 faiz);

2010-cu il:

-Cinayət törətmişlərin sayı: 18689 cinayət (16371 kişi, 2318 qadın-14,2 faiz);

-Məhkumlar: 14312 (13239 kişi, 1073 qadın- 8,1 faiz).

2020-ci il:

-Cinayət törətmişlərin sayı: 17482 cinayət (16613 kişi, 869 qadın-5,23 faiz);

-Məhkumlar: 9946 (9547 kişi, 399 qadın-4,2 faiz).

Biz statistikanı 10 ildənbir götürdük deyə, mənzərə ola bilsin bir qədər fərqli görünsün. Lakin 2020-ci ildə istər ümumi cinayət törtmişlərin sayına, istərsə də məhkum edilənlərin sayına görə qadınların xüsusi çəkisində azalma olmuşdursa, əvvəlki illərdə əks rəqəmlər diqqəti çəkir. Məsələn, 2019-cu ildə 17823 cinayət törətmişlərin sayında kişilərin payı 16784 olubsa, qadınların sayı 1039 olub (6,2 faiz), məhkumların sayında isə qadınların xüsusi çəkisi 4,6 faiz təşkil edib.

Yəni, 2020-ci il istisnalıq təşkil edir və acı da olsa deməliyik ki, əvvəlki illərdə törədilmiş cinayət hadisələrində qadınların xüsusi çəkisi artımla diqqəti çəkir.

 Qadın tərbiyəçidir! Amma indi qadın həm də cinayətkardırsa, bəs günahkar kimdir???

 Bəli, cəmiyyət və insan faktoru olan məkanda cinayət hadisələrinin baş verməsinə bəlkə də təbii baxmaq olar, amma bu əməldə cəmiyyətin tərbiyəçisi olan qadınların da yer almasına necə təbii baxaq??? Və niyə indi bəlkə də yalnız kişilərdə rast gəldiyinə vərdiş etdiyimiz cinayətlərdə qadınlara rast gəlirik? Bu artıq faicədir, dəhşətdir.

Bəli, cinayət hadisəsi qadın-kişiliyə baxmır, amma indi necə razılaşaq ki, məsələn, cinayət törətmişlər arasında qadınlar daha çox dələduzluq, oğurluq, narkotik satışı... kimi əməllər törədirlər?! Ehtiyatda olan polis polkovniki Mahmud Hacıyev mediaya açıqlamasında deyir: “...Dələduzluq cinayətinin tərkibini yaradan əsas əlamətlərdən biri qarşıdakı şəxsin inamını qazanmaqdır. Qadınlar isə qarşı tərəfin etimadını kişilərlə müqayisədə daha asan əldə edirlər. Bunu əldə etdikdən sonra cinayəti törətmək asanlaşır. Ölkədə, eləcə də dünya ölkələrində həmişə qadınlara xaraktercə ürkək, qorxaq, zəif-zərif olaraq baxılıb. Buna görə də qadın qarşı tərəfin inamını və etimadını daha tez qazanır. Qadın zərif olduğu üçün bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da xanımlar kişilərə nisbətən daha az cinayət törədirlər. Ola bilər ki, ilbəil bu say artsın, ancaq yenə də kişilərin törətdiyi cinayətlər ilk sırada olur”.

Təəssüfləndirici haldır ki, geridə qalan illərdə qadınların narkotik vasitələrin təsiri ilə cinayət törətməsi, eyni zamanda xuliqanlıq etməsi halları nisbətən azalsa da, ümumən bu statistika təəssüf doğurmaya bilməz. Çünki, etiraf etməliyik ki, ümumilikdə cinayət törədən qadınların sayı illər üzrə hələki artmaqdadır.

Bəs qadınları dəhşətli cinayət törətməyə nə məcbur edir?

Təəssüflər olsun, mediada həm də qadınların törətdiyi dəhşətli cinayətlər yer almaqdadır. İlk olaraq ölkəmizdə böyük səs-küy yaradan, qadınlar tərəfindən törədilən cinayətlərə diqqəti cəlb etmək istərdik: Məsələn, nəvəsini və gəlinini amansızlıqla qətlə yetirən Şərqiyyə Hüseynovanın törətdiyi cinayət hələ də yaddaşlardan silinməyib. 10 dekabr 2014- cü il tarixdə Qum adası Zeytun bağları adlanan ərazidə baş vermiş hadisədir. Oğlu işdə olan zaman Şərqiyyə Hüseynova həyətdə gəlini, 1994-cü il təvəllüdlü Elnarə Nəcəfova ilə mübahisə edir, qaynana gəlininə hücum edərək onu itələyib yıxır. Sonra yerdən daş parçası götürərək gəlinin gicgahından bir neçə zərbə vurur. Elnarə Nəcəfova aldığı zərbələrdən ölür. Şərqiyyə Hüseynova daha sonra evə girir və Elnarə Nəcəfovanın qızı, nəvəsi- 6 aylıq Emilyanı boğaraq öldürür. Bu hadisə ölkədə ən çox müzakirə olunan və qınağa səbəb olan qətllər sırasında dayanır.

***

Qadınlar tərəfindən törədilmiş digər qətl hadisəsi 2014- cü ilin yanvar ayında Xaçmazda baş verib. 44 yaşlı Bünyat Seyidovun həyat yoldaşı 39 yaşlı Şamama Seyidova və oğlu 18 yaşlı Əmir Seyidov tərəfindən öldürüldüyü məlum olub. Bünyat Seyidov öldürüldükdən sonra xalçaya bükülərək həyətdə yerləşən tualetin quyusuna atılıb. Cinayətin üstü  2015- ci ilin mart ayında açılır. Buna qədər qadın ərinin Moskvaya işləməyə getdiyini deyərək, izi itirməyə çalışmışdır.

***

Başqa bir cinayətkar qadın öz doğma övladlarını qətlə yetirən anadır. Hadisə 6 iyun 2015- ci il tarixdə Bakının Sabunçu rayonunda saat 20:30-da Albalı bağ massivində baş verib. 27 yaşlı ana iki övladını öldürüb, özünə də intihar məqsədilə xəsarət yetirib. Belə ki, İkinci Albalı bağ massivi 515-ci bağ evində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Quliyeva evdə tək olarkən iki körpə balasını boğub öldürür. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə yetirir. Məlum olub ki, o, 2012-ci il təvəllüdlü Ayan Asif qızı Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğazını kəsərək öldürüb. Daha sonra məktub yazaraq intihara cəhd edib. Qadın məktubunda həyatından bezdiyini yazıb: “Mən həyatdan bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm”.

Qadın cinayətkar, yaxud cinayətkar qadın... axtarışda...

Qadınlar tərəfindən törədilən cinayətlərin növünə nəzər yetirdikdə, məlum olur ki, məsələn, 30 il əvvəl qadınlar daha çox tamah niyyətli oğurluq və ya falçılıq üstündə həbs edilirdisə, sonrakı illərdə bu sıraya dələduzluqdan, xuliqanlıqdan tutmuş, narkotikaya və adam öldürməyədək, daha ağır cinayətlər əlavə olunub.

 Daha bir maraqlı statistika: Bakı şəhər Baş Polis İdarəsinin rəsmi saytında axtarışda olan qadınların hansı maddə ilə ittiham olunması diqqəti çəkir. Məsələn, axtarışda olan qadınların əkəsiyyəti Cinayət Məcəlləsinin 144-cü maddəsi ( Adam oğurluğu, insan alveri), 243- cü maddə ( Fahişəliyə cəlb etmə) maddələri ilə təqsirləndirilir və axtarılır.

Qadın sürücü qayda-qanun pozucusu kimi...

Bəlkə də vaxtilə qadın sürücülərə rast gələndə təəccüblənərdik. İndi, hətta ağır yol-nəqliyyat hadisəsi törətmiş qadın sürücüləri görəndə belə təəccüblənmirik, çünki artıq buna vərdiş etməkdəyik. Amma həm də  təəssüflənməkdəyik. Budur, Baş Dövlət Yol Polisi İdarəsi 2021-ci ildə qadın sürücülərin yol verdikləri yol-nəqliyyat qaydalarının pozulması barədə statistikanı açıqlayıb. 2021-ci ildə yolda müəyyən edilmiş sürət həddini aşmağa görə 84381 qadın sürücü barəsində elektron qərar çıxarılıb. Təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməyə görə 5494, yolayrıcını keçmə qaydalarının pozulmasına görə 1363, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 1257 qadın sürücü barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib. Ötən il ərzində qadın sürücülər tərəfindən törədilmiş ümumilikdə 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, həmin qəzalarda 17 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb. 2020-ci illə müqayisədə sürücülük vəsiqəsi alan qadınların sayı 2021-ci ildə 67 faiz

Bəli, qadınlar zərifdir, məxsusi hörmətə layiqdir, lakin yollardakı qəzalar göstərir ki, bu zəriflik bəzən qan və ölümlə nəticələnir. Odur ki, yollara zərif gözlə deyil, ciddi nəzərlə baxmaq lazımdır...

***

Sonda: əvvəldən dedik, məqsədimiz bu acı statistik rəqəmləri təqdim etməklə qadınların cinayətkar obrazını təqdim etmək deyildir. Sadəcə, çalışdıq ki, gələcəyimizin yeni nəsil istehsalçısı olan, zərif və bəzən zəif adlandırdığımız, elə bu nəzərlə də diqqət kəsildiyimiz qadınların nədən cinayətə meyillənməyini cəmiyyətin kişilərinin diqqətinə çatdıraq. Zamanında qadınlarımız yaylıq atıb iki qan düşməni olanları barışdırar, düşmənçiliyə son qoyardı… İndi qadın özü cinayət törədirsə- narkotik satır, oğurluq edir, adam öldürürsə, bunda günahkar kimdir?-sualına gəlin birlikdə cavab tapaq. Düşünürəm ki, bu əməllərdə günahkarın kimliyini bilmək üçün hər kəs güzgüyə baxmalıdır… Axı necə ola bilər ki, Azərbaycana Milli Qəhrəman doğan, şəhid anası olan, Şuşa fatehini... bəxş edən qadın-ana cinayətkar olsun? Və niyə də olsun?!

Asif MƏRZİLİ

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İst. 6.3.18)


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA