booked.netbooked.net booked.net  

Bəşəriyyəti sınağa çəkən bu bəla ilə mübarizədə zəif nöqtələr hansılardır?- Dünya Narkotiklərlə Mübarizə Komitəsi Azərbaycanın da adı keçən statistikanı açıqlayıb…

…Azərbaycan Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyevin sosial şəbəkə hesabında hər gün ölkədə baş verən xarakter cinayətlərin statistikası barədə məlumat yer alır. Diqqətimi daha çox narkotiklərlə bağlı cinayət hadisələri cəlb edir. Ən narahatedici fakt isə budur ki, bu cür cinayət hadisələrinə (özü də qrup halında törədilən cinayətlərə) hər gün rast gəlirik. Məsələn, martın 4-dəki hadisələrin biri haqqında E.Hacıyev təəssüf  hissi ilə belə yazır: «"Narahat olacaq qədər vicdanlı adam deyilik..." – Etiraf! Narkotika bəladır. Məhv edir, müflis edir, fəlakətə düçar edir. Bunu bilməyən yoxdur. Bu fəlakətə səbəb olan şəxslər polis tərəfindən ifşa edildikdə onları danışdırır, sorğu-sual edirik. Hərəsinin özünəməxsus bəhanəsi var. Ancaq ortaq bir fikirləri var: "Ağılı olardı, qurşanmazdı. Ağılsızdır - biz nə edək? Yalan vədlərə inanıb tələyə düşməzdi. Biz hər "mal" satanda onların miskin halını görüb narahat olacaq qədər vicdanlı adam deyilik..."».

 Narkomaniyanın yıxdığı evi fələk də yıxa bilməz!

 …Çünki narkomaniya özü də elə fələyin bir üzüdür! Həmin gün Nəsimi rayonunda narkotik vasitələrin satışında şübhəli bilinən daha 10 nəfər tutularaq istintaqa cəlb edilib. İstintaq ifadələri fərqli olsa da onları bir məqsəd birləşdirir: Daha çox insanı tələyə salıb müştəri toplamaq! Qanunsuz dövriyyədən 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan Orxan İbrahimov, İsmayıl Məhərrəmov, Anar Əliyev, Turanə Əliyeva, Xanımnaz Axundova, İlqar Qasımov, Hüseyn Hüseynov, Vüqar Əliyev, Fuad Tağıyev və Nəriman Məmmədov saxlanılıblar:  «…Bu şəxslərdən külli miqdarda heroin, metafetamin və elektron tərəzilər aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə ediblər».

 Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanların hər biri barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir…

 Onlayn qaydada razılaşdırılan narkotika  Azərbaycana necə və hansı yollardan keçib gəlir???

 Rəsmi məlumatın bir məqamı diqqəti cəlb etməyə bilməz: «…saxlanılan şəxslərin hər biri narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə ediblər».

Sual olunur, bu narkotik vasitələr Azərbaycana necə daxil olunur??? Axı ölkəmizin quru, su, hava, dəmir yolunda Dövlət Gömrük Komitəsinin və Sərhəd Xidmətinin xüsusi yoxlama postları var. Necə olur ki, bir mobil telefonu keçirməyin mümkünsüz olduğu bu postlardan o boyda, özü də az qala hər gün, narkotik vasitələr necə keçirilir??? Yerin bir altı qalıb, bəlkə tunel qazıb gətirirlər?! Axı hər belə yolla gətirilən narkotik vasitələr gələcəyimizi yox edib aparır…

 Narkotiklərə Beynəlxalq Nəzarət Komitəsinin hesabatında Azərbaycanın da adı keçir…

 Apardığım araşdırmanın coğrafiyasını bu dəfə genişləndirməli oldum. Maraqlıdır, bu qədər narahat olduğumuz bir bəla ilə mübarizədə dünyanın mənzərəsi necədir? Beynəlxalq Narkotiklərə Nəzarət Komitəsinin direktoru Kornelis de Jonherenin məruzəsi 2020-ci ili əhatə edir. Hesabatda Azərbaycann da adı keçir. Komitə rəhbəri hesabat çıxışında qeyd edir ki, COVID-19 xəstələrinin müalicəsi üçün lazım olan və ciddi nəzarət edilən dərmanlara tələbatın artmasına, psixi durumu pisləşən insanlar üçün müalicələr başımızı qatsa da, narkotikdən istifadə edən insanları unutmaq olmaz. Sitat: «Hökumətlər profilaktik qayğı və reabilitasiya xidmətlərinin fasiləsiz olaraq göstərilməsini təmin etmək öhdəliyinə əməl etməlidirlər. Komitə, həmçinin pandemiyanın narkotiklərdən istifadə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə təsiri ilə bağlı məlumatları toplayır. Pandemiya yaşlı insanların həyatına qeyri-mütənasib şəkildə təsir edib. Eyni zamanda əhalinin bu kateqoriyasında narkotikdən istifadənin gizli epidemiyası da baş verir… Yaşlı insanlar arasında narkomaniya və bununla bağlı ölüm halları artmaqdadır və narkomaniyaya müraciət edən yaşlı insanların sayı da artır”.

 Hesabatın bu fəslində Komitə tövsiyə edir ki, bu gizli epidemiyaya daha yaxından nəzər salınsın və əhalinin tez-tez diqqətdən kənarda qalan bu kateqoriyasının sağlam və firavan həyat üçün zəruri olan xidmətlərdən istifadəsi  təmin edilsin.

 Narahatlıq doğuran hallar da artmaqdadır…

 Beynəlxalq Narkotiklərə Nəzarət Komitəsinin direktoru Kornelis de Jonherenin məruzəsində Azərbaycanın da adı keçən məqamlar diqqəti çəkir: «…2014-cü ildə istifadəyə verilmiş IONICS-in 138 ölkədə və 15 beynəlxalq təşkilatda 773 hüquq-mühafizə orqanları əməkdaşları var ki, onlar narkotiklərin daşınma yolları barədə xəbərdarlıq alıblar. 15 faizi qeyri-tibbi sintetik opioidlər və təhlükəli fentanillə əlaqəli maddələr olan 209 unikal yeni psixoaktiv maddə ilə bağlı 13 mindən çox hadisə İONİCS vasitəsilə aidiyyəti üzrə ötürülüb. Komitə Azərbaycan, Əlcəzair, Andorra, Belarus, Burkina Faso, Burundi, Vanuatu, Qabon, Qambiya, Qvineya-Bisau, Honduras, Konqo Demokratik Respublikası, Cibuti, Zambiya, Zimbabve, İran (İslam Respublikası) hökumətlərinə bu narahatlıqlarla bağlı çağırışlar edib. “...Məlumatlara görə, 2019-cu ildə üzv dövlətlərin, yəni Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan və Özbəkistanın ərazilərində 2018-ci illə müqayisədə heroinin müsadirəsi 69,6 faiz artıb, tiryəkin götürülməsi isə 41,3 faiz aşağı düşüb. Ümumilikdə, 2018-ci ildəki 5,3 tona qarşı 2019-cu ildə 5,7 ton opiat götürülüb. Heroin müsadirəsi ən çox Qazaxıstanda artıb, 2018-ci ildəki 58,6 kq-dan 2019-cu ildə 1522 kq-a çatıb. 2019-cu ildə heroin götürülməsi də əvvəlki illə müqayisədə Azərbaycanda (73 faiz) və Özbəkistanda (98,5 faiz) artıb”. 

 Kovid narkotika daşımaları xeyli məhdudlaşdırıb…

 Komitə COVİD-19-un Mərkəzi Asiya regionunda, eləcə də Rusiya Federasiyası və Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə potensial təsirini təhlil edərək qeyd edir ki, kovidlə bağlı karantin rejimləri və dövlət sərhədlərinin bağlanması, bunun nəticəsində insanların hərəkətinə qoyulan məhdudiyyətlər transmilli mütəşəkkil cinayətkar qrupların narkotik vasitələrin və prekursorların transsərhəd qaçaqmalçılığını həyata keçirməsinə mümkünsüzlük yaradıb.

Odur ki, Kovid bu imkanları müəyyən qədər məhdudlaşdırıb və transsərhəd narkotik cinayətindən əldə edilən gəlirləri azaldıb. Eyni zamanda, CARICC bu mövzunun daha da öyrənilməsini zəruri hesab edir, çünki 2020-ci ilin ilk aylarında bütün CARICC regionunda narkotik vasitələrin, o cümlədən əfqan mənşəlilərin götürülməsində ümumi artım müşahidə edilmişdir ki, bu da narkotiklərin artması ilə əlaqədar ola bilər. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, o cümlədən sərhədlərdə malların daşınmasına nəzarət etmək üçün aidiyyəti dövlətlər tərəfindən görülən tədbirlər mütəşəkkil cinayətkar qrupların fəaliyyətinin gücləndirməsinin qarşısını ala bilər.

 Ərzaq daşımalarında narkotik vasitələrin ötürülməsi kimi sui-istifadələr artır...

 Komitə onu da nəzərə alıb ki, narkotiklərlə məşğul olan transmilli cinayətkar qruplar pandemiya zamanı həmin ölkələrin əhalisinin qida təminatı sistemindən narkotik vasitələrin daşınması üçün istifadə edirlər. CARICC narahatlıqla qeyd edir ki, Əfqanıstan heroinin Rusiya Federasiyasında və onun hüdudlarından kənarda Mərkəzi Asiya dövlətləri vasitəsilə qeyri-qanuni bazarlara daşınması COVID-19 pandemiyası zamanı çətin olsa da, ticarət mallarının daşınması kimi opiatların qanunsuz dövriyyəsi riski qalmaqdadır. Məsələn, 2020-ci ilin mart ayında İran İslam Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş iki əsas narkotik vasitə aşkarlanıb: birinci əməliyyat zamanı 43 kq-dan çox heroin, 500 qram tiryək, 1,6 kq sirr və 2 kq metafetamin aşkar edilərək götürülüb. İkinci əməliyyat zamanı - ümumilikdə 61 kq heroin, tiryək və sirr götürülüb.

 Narkotiklərdən ölənlər və öldürənlər…

 Nonews.co nəşrinin məlumatında narkotiklərin planet əhalisinin ölümünün əsas səbəbi kimi qeyd edilməsə də, nəşr yazır ki, müxtəlif ölkələrin ölüm nisbəti ilə bağlı statistik məlumatlar bir çox göstəriciləri təhlil etməyə imkan verir. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi narkotikdən ölüm halları ilə bağlı məlumatları toplayıb və təhlil edib. Bununla da Dünya Narkotik Hesabatında əhalinin mütləq və nisbi ölümünə (1 milyon əhaliyə düşən ölüm) görə ölkələrin siyahısını dərc edilib. Statistikanın göstərdiyi kimi, ən çox ölüm (həm kəmiyyət, həm də əhalinin sayına nisbətən) ABŞ-da müşahidə olunur. Həm də gözlənilmədən zirvədə Şimali Avropa ölkələri olub.

Qeyd etmək lazımdır ki, ölüm nisbəti statistikasına (narkotiklə bağlı ölüm) bütün növ narkotiklərdən: opiatlar, amfetaminlər, halüsinogenlər, kokain, heroin, ekstazdan istifadə edən  insanların ölümləri daxildir. Statistikaya 15 yaşdan 64 yaşa qədər olan insanların ölümü ilə bağlı məlumatlar daxil edilib. Hesabatın son versiyası 2018-ci ildə dərc olunub. Bu siyahıda təəssüf ki, Azərbaycanın da adı var. Sıralamadan bəzi ölkələrin adları belədir (hər 1 milyon əhali sayına görə):

- ABŞ – 300,7;

- İsveçrə- 173,5;

- Estoniya- 134,3;  

- Azərbaycan- 3,8 və sair.

***

Bəli, bu ucuz ölümlərə görə hər kəs özü cavabdehdir, amma cavabdehlik problemin həllinə heç nə vermir.

Yeri gəlmişkən, Azərbaycan Dövlət Statistika Komitəsindən əldə etdiyim məlumatı da diqqətinizə çatdırıram: 1993-2020-ci illərin stasistikasını təhlil edəndə acı təəssüf hissi keçirməli oluruq. Belə ki, əgər 1993-cü ildə narkotiklə bağlı 1348 cinayət hadisəsi qeydə alınıbsa, bu rəqəm 2005-ci ildə 1961, 2015-də 2949, 2020-ci ildə isə 4832 olub. Artım göz qabağındadır.

Eləcə də, narkotiklə bağlı məhkum olunmada da təəssüfləndirici hallar var: məsələn, 1993-cü ildə Azərbaycanda narkotiklə bağlı 1267 nəfər məhkum olunubsa, bu rəqəm 2005-də 1669, 2011-də 2245, 2020-də isə 3117 olub! Yenə də artım!

Əvvəllər də cinayət törətmişlərin təkrar törətdiyi cinayətlərin statistikasına gəlincə isə, narkotiklə bağlı 2015-də 873 cinayət hadisəsi təkrar törədilibsə, bu rəqəm 2019-da 1085, 2020-də 1505 olub.

***

Bəli, bu rəqəmlərin arxasında həyatı puç olmuş narkomanın və ona ümid bəsləmiş, gələcəyinə inanmış atanın, ananın, yaxud həyat yoldaşının, oğulun, qızın… göz yaşları dayanır. Amma narkomaniya göz yaşlarına inanmır… Bu təəssüfləndirici göz yaşlarının axmaması üçün isə zamanında narpkomaniyaya yox deyilməlidir…

Asif MƏRZİLİ

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 6.3.4)

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN