booked.netbooked.net booked.net  

“Cənab Prezident, rəsmi sənəd və faktlarla SOCAR-ın rəhbər əvəzi Rövşən Nəcəfə müraciət edirəm, heç bir reaksiya vermir…”

“Təzadlar” SOCAR-ın adının gizli saxlanmasını xahiş edən məsul əməkdaşının Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlıya təqdim etdiyi və görünməmiş korrupsiya əməllərini ifadə edən maliyyə sənədlərinin araşdırmasını davam etdirir... Bu gün redaksiyamıza yeni bank və maliyyə sənədləri təqdim edilib. Tanınmış iqtisadçı ekspert və hüquqşünasların birgə rəyindən sonra bəzi məqamları təqdim etməli olduq.

Bundan başqa, şikayətçi SOCAR-ın rəhbər əvəzi olan Rövşən Nəcəfin baş verənlərə susqunluğundan şübhəli olaraq bu dəfə Prezident İlham Əliyevə müraciət etdi…

 “Rövşən Nəcəf, əslində, kimdir, neft sahəsində hansı təcrübəyə malikdir?”

 Müraciətə həm də SOCAR rəhbərinin peşə səriştəsinə aydınlıq gətirən kiçik bir arayışı təqdim edib. Məlum olur ki, Birinci vitse-prezident, SOCAR prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf Çingiz oğlu, 1982-ci il aprelin 9-da Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 2007-2008-ci illərdə ARDNŞ-ın təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi, Beynəlxalq Enerji Menecmenti və Siyasəti üzrə magistr proqramını uğurla bitirmişdir. Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlamışdır. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq departamentinin İnvestisiya Siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışmışdır. 2008-2009-cu illərdə ARDNŞ-nın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf Nazirinin köməkçisi olmuşdur. 2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri, 2019-cu il 28 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, 2020-ci il 11 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini, 2021 ci il 24 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti və SOCAR-ın prezidenti vəzifəsinin müvəqqəti icraçısı təyin edilmişdir.

 Göründüyü kimi, o, bir gün də olsun neft və qaz çıxarma, mədən, emal və s. sahələrdə işləməmişdir. Təbii ki, SOCAR rəhbərliyində cəmi 2 ay 15 gündür çalışan bir şəxs belə bir mürəkkəb xarakterə və struktura, məmurlara... və onların əməllərinə nüfuz edə bilməz. Amma...

 Bəs şikayətçini Prezident İlham Əliyevə müraciət etməyə nə vadar edib?

 Beləliklə, şikayətçinin bu dəfə Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinə və “Təzadlar” qəzeti redaksiyasına göndərdiyi (təqdim etdiyi), Prezidentə ünvanlı müraciətini təqdim edirik:

 “Çox hörmətli cənab Prezident!

Sizin korrupsiyaya bulaşmış sahələrin rəhbərlərinə qarşı mübarizliyiniz görərək bu dəfə şəxsən Sizin özünüzə müraciət etməli oldum. İstəməzdim ki, indiki vaxtda qızıl kimi vaxtınızı alım. Amma məcbur oldum. Çünki SOCAR-da çalışan bəzi məmurların korrupsiya əməllərindən Baş prokuror Kamran Əliyevə yazıram, səs çıxmır. SOCAR-ın faktiki rəhbəri Rövşən Nəcəfə yazıram, reaksiya verilmir. SOCAR Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayəl Cabbarova yazıram, ümumiyyətlə, xəbər olmur. Yəni, bu məmurlar məni məcbur etdilər ki, Sizə müraciət edim. İnanıram ki, Sizin həm də tvitter səhifənizə göndəriləcək  və mediada ictimailəşdiriləcək bu müraciətimə reaksiya veriləcək.

Cənab Prezident!

Əvvəlki müraciətlərimdə qeyd etdiyim kimi, SOCAR-da təmir işləri zamanı Nəqliyyat İdarəsində dövlət vəsaitinin mənimsənilməsi adi hal almışdır. Bildirim ki, Nəqliyyat İdarəsinin tərkibində dörd texnoloji nəqliyyat departamenti var. Hələlik 1 saylı Texnoloji Nəqliyyat Departamentindən bəhs edək. Departament minik avtomobillərindən komplektləşdirilib. Əsasən Baş ofis və SOCAR-ın baş idarələrinin rəhbərlərinə xidmət edir. Departamentinin direktoru Yaşar Şəmsəddinovdur,  baş mühəndisi isə Tariyel Qorçiyev. Bəli, əvvəllər  Tariyel Qorçiyev haqqında geniş məlumat vermişdim. Bundan əlavə, Tariyel Qorçiyev bir neçə dəfə Baş Ofisin Audit departamentinin rəhbərliyi tərəfindən metal qirıntılarının satdığına görə onun izahatı alınmış və işdən çıxarılması üçün rəhbərliyə müraciət edilmişdir. Lakin Tariyel Qorçiyevin Elçin Zülfüqarovu mənimsəmələrdə suçlayıb təhdid etdikdən sonra o, vəzifəsində qalmışdır. 

 Tariyel Qorçiyev 1 saylı Departamentin təmir işlərinə rəhbərlik edir və bir il ərzində 6 000 000  manatadək ehtiyat hissəsi sifariş edib aldırır. Lakin alınmış ehtiyat hissələri karusel sxemi üzrə yenidən müxtəlif mağazalara qaytarılıb pulları mənimsənilir. Ehtiyat hissələrinin karuselindən 4 000 000 manat mənimsənilir. Bu dəqiq hesablamadır, rəsmi sənədlərə söykənir.  İdarəyə daxil olan sürtkü yağları, avtoşinlər, metal qırıntıları məhz Taryel Qorçiyev tərəfindən satılır. Departamentin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi isə əsl cinayət mənbəyidir. Baxmayaraq ki, Nəqliyyat İdarəsi ehtiyat hissələrinin satınalınması məqsədilə 20 000 000 manatlıq müqavilə imzalayıb, 50 faiz ehtiyat hissələri sürücülər tərəfindən alınır. Bunu etməyən sürücünün avtomobili isə təmirə saxlanılr, sürücü aylarla işsiz qalır. 

Hörmətli Cənab Prezident! Mən bu və ya digər məsələləri SOCAR-ın faktiki rəhbəri Rövşən Nəcəfə göndərmişəm. Lakin görünür, ətrafındakılara gücü çatmır. Ona verdiyim bu suallara cavab tapılarsa, problemlər qismən həllini tapmış olar.  

1.Nəqliyyat idarəsində hansı məbləğdə ehtiyat hissələri satınalması müqaviləsi imzalanıb? 

2.Nəqliyyat İdarəsində təmir işləri üçün hansı məbləğdə  müqavilə başlanılıb ?

3.Əgər  25 000 000 manatlıq büdcəli ehtiyat hissələrinin satınalınması və təmir  müqavilələri varsa, niyə sürücülər tələb olunan ehtiyat hissələrini özləri kənardan alır? 

4.Bir nəqliyyat vasitəsi üçün il ərzində hansı məbləğdə təmir işləri yazılır?

5.Bütün bu cinayətlərə ğöz yumulması üçün Baş Ofisin rəhbər şəxslərinə aylıq hansı məbləğlər ödənilir? 

6.Tariyel Qorçiyevin himayədarı olan Elton Əhədov kimdir və o, niyə SOCAr-ın korrupsiya yuvası olmasına səy göstərir? 

7.Tariyel Qorçiyev Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovu nə ilə təhdid edir? 

  1. Ehtiyat hissələrinin satınalınması məqsədilə 20 milyonluq  satınalma əməliyyatını  Satınalmalar Komitəsi necə təsdiq edib?

 Cənab Prezident!  

Sizi Rövşən Nəcəfi bu məsul vəzifəyə təyin edib etimad göstərmisiniz ki, dövlət vəsaitlərinin dağıdılmasının qarşısı alınsın. Amma o, faktiki olaraq nəinki baş verən korrupsiya cinayətlərinin açılması üçün səy göstərir, əksinə, susmağı ilə bu məmurların müdafiəçisinə cevrilir.  Mən Sizi əmin edirəm ki, təmir və  ehtiyat hissələri üçün ayrılmış vəsaitin 60 faizi,  yəni 14 milyon manatı mənimsənilir. Mən növbəti müraciətimdə  SOCAR Ali rəhbərliyinin korrupsiya cinayətlərinə bulaşmasını təsdiq edən qaimə və bank qəbzlərini təqdim edəcəyəm. İnnaılmaz əməliyyatlar vardır. Kiminin öz adına, kiminin qardaşı və qohumu adına. Qaimə, bank qəbzi və şəxsiyyət vəsiqələri ortadadır...

Cənab Prezident, bir daha çoxsaylı vicdanlı SOCAR əməkdaşları adından xahiş edirik, təsirli tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göstəriş verəsiniz.”.

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN