Dünən ARB-TV-də canlı yayımlanan “Həmin Zaur” verlişində aparıcı Zaur Kamal böyük bir yanlışlığa, daha doğrusu, efir tərbiyəsizliyinə yol verdi.

Tamaşaçılar da bilir ki, Zaur Kamal əvvəl çalışdığı «Xəzər» TV-dən məhz belə hərəkətlərinə, xüsusən də dəvət etdiyi qonaqlarına qarşı yersiz və tərbiyəsiz ifadələrinə, suallarına və s. görə qovulmuşdur.

Bu dəfə o, ARB efirində jurnalist adına daha bir tərbiyyəsizlik etdi. Belə ki, Cənubi Azərbaycandan olan Aqşin Azəri adlı müğənni soydaşımızı verlişə qonaq dəvət etmişdi. Özünün deməsinə görə veriliş başlamazdan qabaq səhnə arxasında qonaqla aralarında nəsə arzuolunmaz söhbət olmuşdur. Əgər doğrudan da ciddi bir məsələ var idisə, Zaur Kamal qonağı canlı efirə dəvət etmədən yola sala bilərdi ki, sonra baş verənləri də efirə baxan tamaşaçılar görməzdi. Hansı ki, indi efirə dünya tamaşaçıları, o cümlədən İranda da baxır, izləyirlər. Amma Zaur Kamal əksinə etdi və ən azı adında AZƏRİ sözü olan cənublu qardaşımızı məqsədli şəkildə canlı efirə dəvət etdi, sonra isə efirdə mübahisəni yaradıb onu təhqiramiz halda efirdən qovdu.

***

Aşağıda qonaqla Zaur Kamal arasında baş vermiş dialoqun videoyazısını təqdim edirəm… Bu dialoqu bir daha izlədim. Siz də izləyin. Olduqca tərbiyəsiz bir danışıq, qonağa münasibəti gördüm. Bu tərbiyəsizlik təkcə Azərbaycan torpağına-Vətəninə deyil, həm də cənublu soydaşımıza qarşı  edildi. Eləcə də jurnalistika adına. Doğrudanmı Azərbaycanda jurnalist sərbəstliyi-müstəqilliyi belə olmalıdır? Azərbaycan Audioviziual Şurası (Milli Tele-Radio Şurası) bu hadisəyə, yəni efir tərbiyəsizliyinə mövqeyi hələki yoxdur. Amma olmalıdır və bu tip efir davranışına münasibət bildirilməlidir. Zaur Kamalın hərəkəti utancdır,  jurnalistikamız adına təhqirdir. Sosial şəbəkələrdə və elektron KİV-lərdə bu məsələ ətrafında hamı birmənalı olaraq yazır ki, bu tərbiyəsizliyin müəllifi TV-dən biryolluq qovulmalıdır. Bu nə etika, bu nə mədəniyyət, qonağa, eləcə də tamaşaçıya bu nə hörmətsizlikdir axı?!

 

Tanınmış TV aparacılardan biri Azadə Balayevanın FB statusu lap yerinə düşür: «Heç bir kanal heç bir aparıcının Atasının evi deyil ki, iki nəfər arasında olan şəxsi söhbəti efirdən ictimailəşdirsin və sonra da "mən səni efirdən çıxaracam, bir daha mənim proramımda iştirak edə bilməzsən" desin. Sən kimsən ki? Sadəcə aparıcısan. Efirin norma və prinsipləri, kanalın siyasəti kanalın rəhbərliyi tərəfindən müəyyənləşir. Mən əminəm ki, bu davranış ARB rəhbərliyinin efir siyasətinə ziddir və rəhbərliyin bu aparıcı ilə bağlı ciddi ölçü götürəcəyinə ümid edirəm. Bu elə bir ciddi ölçü olmalıdır ki, Zaur ömürlük efir üzünə həsrət qalsın və bir daha kimisə efirdən "qovmaq" şansı belə olmasın. Məncə jurnalistlər özləri də bu məsələyə mövqelərini bildirməlidirlər. Belə halların hər biri Azərbaycan jurnalistikasının imicinə vurulan zərbədir».

Bəli, Zaur Kamal birdəfəlik cəzalanmalı və efir üzünə həsrət qoyulmalıdır! Təhqirlərinə görə isə, Azərbaycan CM-nin müvafiq maddəsi var və hüquq mühafizə orqanları tamaşaçıya hörmətsizlik nümayiş etdlirən və qonağına, özü də əcnəbi qonağına qarşı təhqirlərə yol verən bu adamın barəsində araşdırma aparıb müvafiq qərar qəbul etməlidir.

Asif MƏRZİLİ