...Yolumuz Biləsuvaradır. Qəhrəmanlar diyarı, Mübariz İbrahimovun doğulduğu torpağa iki Şəhid ocağının qonağı olacağıq. İki Şəhid Orxanların evində, ailəsində dərd ortağı olmağa gedirik...

...Şəhidimiz polkovnik-leytenant Orxan Əkbərov və Şəhid çavuş Orxan Mirzəyev... Eyni tale, eyni müqəddəs ad, eyni məkan... Hər ikisi özündən sonra qəhrəmanlıq dastanı qoyub gediblər. Hər ikisi analarına, atalarına müqəddəs ŞƏHİD ANASI, ŞƏHİD ATASI adını yadigar qoyublar. İllər keçəcək, tarix yeniləcək, yazanlar və yazılanlarla bərabər nə Şəhidlərin yazdığı  şərəfli tarix unudulmayacaq, nə də onların adları...

...Biləsuvara daxil olduğumuz anda fikrimizi yolboyu durna qatarı kimi düzülən Şəhid plakatları cəlb edir. Hər birinin üzündə bir məğrurluq, qələbə sevinci duyulur. İlahi, sən bu oğulları yaradanda hamısına Şəhid adına yaraşan nuru, məğrurluğu, yaraşığı, mərhəməti hansı çəki-mizanla ölçüb vermisən?! Sanki Qazi qardaşlarını da onlara yaraşdırıb yaratmısan...  Şəhidlərimizin yolboyu sərgilənən bu şəkilləri, sanki dil açıb insanla danışacaq, o şərəfli və çətin 44 günlük Vətən müharibəmizi bizlərə anladacaq. Maşının sürətini azaldıb adlarını oxumaq istəyirik və bu arada hər birinə rəhmət oxuyub, qələbəmiz üçün təşəkkürümüzü bildirib ötüb gedirik.

Yolumuzu gözləyən iki Şəhid ailəsi var. Biz tələsdikcə, sanki yollar uzanır. Şəhid çavuş Orxanın haqqında mənə “P-Aqro” Şirkətinin baş aqronomu, hörmətli Musa Hüseynov məlumat verərkən bildirdi ki, Şəhidin atası şirkətin Biləsuvar filialının aqronomudur. Mehman müəllim haqda danışaraq bildirdi ki, o qədər ağır təbiətli, mədəni, tərbiyəli, təvazökar insandı ki, sanki Şəhid atasına yaraşan bütün gözəl xasiyyətlər bu insanın simasında cəm olub. Hətta ailə haqda daha acı bir xatiri də danışdı. Və imkan olarsa Şəhidimizin ailəsi ilə görüşməyi xahiş etdi.

Mehman Mirzəyev

Şəhid Orxan Mirzəyevin yaşadığı Zəhmətabad kəndinə gəlib çatırıq. Kəndin girəcəyində Biləsuvar Şəhidlərinin şəkilləri olan güşə yaradılıb. Burda ziyarətinə gəldiyimiz hər iki Şəhid Orxanımızın şəklini tapırıq... Şəhid polkovnik-leytenant Orxan Əkbərov və Şəhid çavuş Orxan Mirzəyev...

Yolumuz hələki 23 yaşlı Şəhid çavuş Orxan Mirzəyevin ata ocağınadır...  Bakıdan çıxanda Mehman müəllimə zəng etdik, əlaqə saxladıq. Dedi ki, hazırda işin qızğın vaxtıdır, siz gəlib çatana icazə alıb evdə olaram. Artıq kənddə olduğumuzu bilib bizi qarşılamaq üçün Orxanın müəllimləri də öz sevimli tələbələri haqqında xatirələrini paylaşmaq üçün onun ata evində bizi gözləyirdilər.

Qələbə günü şəhid xəbəri gələn şəhidimiz...

Orxanın oxuduğu Biləsuvar rayon Zəhmətabad kənd məktəbin direktoru Azər Hümmətov gəlişimizlə əlaqədar Orxanlı xatirələrini bizimlə paylaşmağa gəlmişdi. Müəllimin Şəhid şagirdi haqda dedikləri:

- Uşaqlar anadan olandan vətəndaş, vətənpərvər doğulur. Orxan mənim şagirdim olub. Mən ona ingilis dilindən dərs deyirdim. Dil öyrənməyə çox həvəsli idi. Onda güclü liderlik qabiliyyəti var idi. Yaşıdlarından öz qabiliyyəti, bacarığı ilə seçilirdi. Hələ 9-cu sinifdə oxuyandan o artıq öz seçimini etmişdi. Qəti qərarını vermişdi ki, hərbçi olacaq. Onda hərbiyə xas xüsusiyyətlər, mərdlik, dözüm, məsuliyyət var idi. Sanki yaşından tez böyümüşdü. Biz həmişə məktəbdə tədbirlər keçirəndə deyirdik ki, gün o gün olsun ki, Qarabağımızı düşməndən geri ala bilək. İnanın, hər dəfə tədbirdən sonra Orxan gəlib məndən soruşurdu ki, müəllim, biz Qarabağı nə vaxt azad edəcəyik? Mən cavabsız qalırdım o sualların qarşısında. Özü verdiyi suala özü də cavab verirdi ki, mən məktəbi bitirib hərbçi olacam və onda Qarabağı azad edəcəm. Axı, hardan biləydi ki, şanlı qələbədə o da qanından, canından keçəcək. Xoşbəxt o valideyndir ki, özündən artıq övlad böyüdür. Bədbəxt o övladdır ki, özünü valideynindən artıq tutur. Orxan çox qeyrətli, cəsur oğul idi. Kiçik yaşlarından hərbçi olmaq arzusu onun xasiyyətinə yansımışdı. O, tay-tuşlarından ağır təbiəti, ciddiliyi, müşahidə etmək qabiliyyəti, əsl hərbiçiyə xas olan xarakteri ilə seçilirdi. Orxan, sanki anadan hərbçi olmaq üçün doğulmuşdu. Məncə, ona ancaq hərbçi olmaq yaraşardı... Orxanın Şəhid xəbəri bizim üçün çox ağır oldu. Təsəvvür edin kapitulyasiya aktı bağlanan günü sevincimizin həddi-hüdudu yox idi. Lakin bir az keçmiş biz Orxanın qara xəbərini aldıq. Sevincimizə bir kədər qarışdı. Şəhid olmaq hər oğula qismət olmur. O yüksək bir zirvədi Tanrı qatında. Orxanın dəfnində Mehman dayı əsl Şəhid atasına yaraşan bir məğrurluq göstərdi. O, bizi kövrəlməyə, ağlamağa qoymadı. “Biz qələbə qazanmışıq, mənim oğlum da Vətən uğrunda Şəhid olub, buna görə ağlamaq lazım deyil, sevinmək lazımdı”, -deyə bizə təsəlli verirdi. Mən hiss etmişdim Orxanın Şəhid olacağını. Çünki o cəbhəyə yollananda zəng edib arada danışırdım. Qəribədir ki, Orxan Şəhid olan döyüş yoldaşlarına həsəd aparırdı. Deyirdi ki, müəllim, yoldaşlarım Şəhid olanda paxıllığım tutur ki, niyə mən də Şəhid olmuram. Orxan haqda çox danışa bilərəm. Amma bu gün o elə bir yüksək zirvədədir ki, o zirvəni tərif etmək gücündə deyilik. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Allah Mehman dayıya, Sevda anaya səbr versin.

Şəhid çavuş Orxan Mirzəyev haqda onun rus dili müəllimi Ədalət İbrahimov da öz xatirəsini bölüşmək üçün Şəhidin ata ocağına gəlib:

- Orxan haqda danışmaq nə qədər xoş olsa da, bir o qədər də ağırdı bizim üçün. Çünki gözümüzün qabağında böyüyən bir uşağın Şəhid olaraq evinə dönməsi şərəfli olduğu qədər də bir ata-ana üçün ağır dərddi. Orxan 21 yaşında Şəhidlik zirvəsinə ucaldı. O, nişanlı idi, valideynləri toyunu gözləyirdi. Yolunu gözləyən nişanlısı var idi. Amma Orxanın toyunu görmək onlara qismət olmadı. Orxana rus dilindən dərs demişəm. Yaşıdlarını irəliləmək həvəsi vardı onda. Çox prinsipial uşaq idi. Dil öyrənməyə həvəsi vardı. Sanki çalışırdı ki, hər sahədə biliyi olsun. Orxan savadlı uşaq idi. Yaşına uyğun olmayan ağırlığı, ciddiliyi vardı. Çox təmkinli, səbrli uşaq idi. Onun haqqında, ancaq xoş sözlər danışa bilərik. Ot kökü üstündə bitər deyib, atalar. Orxan da öz kökü üstündə böyüdü, nəslinə-kökünə, el-obasına layiq oğul oldu. Biz bu gün öz şagirdimizlə fəxr edirik ki, belə cəsur oğula dərs demişik. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

***

Söhbətin bu yerində “P-Aqro” şirkətinin Biləsuvar filialının direktoru Şakir Sultanov da şəhidin ailə ocağına gəldi... Əslində, şəhidimiz haqqında yazının hazırlanması təşəbbüsü Şakir müəllimdən gəlmişdi. O, öz fikrini şirkətin baş aqronomu Musa Hüseynova bildirib, Musa müəllim isə Şəhidlərimiz, Qazilərimiz haqda yazdığım yazıları oxuduğu, bəyəndiyi üçün mənə müsahibənin alınması üçün müraciət etmişdi. Bundan sonra mən də onların dəvəti ilə başda “Təzadlar”ın təsisçisi Asif Mərzili olmaqla, qəzetin digər əməkdaşları -Elbar Şirinov və Elçin Məmmədli ilə Biləsuvara yollanmışdıq. Və biz ora çatana qədər Şəhidin ailəsinin gəlişimizdən xəbəri olmamışdı, nə Mehman müəllimin, nə də Sevda ananın. Yolboyu, ancaq Şakir müəllimlə əlaqə saxlamışdıq. Ora çatanda mövsümlə əlaqədar işin qızğın vaxtı idi. Biz yalnız kəndə çatanda Mehman müəllimlə əlaqə saxladlq. O, ərazidə olduğunu bildirib çalışıb evə gələcəyini dedi.

Şakir müəllim ailə haqda çox gözəl fikirlər söyləmişdi. Filial rəhbəri bildirmişdi ki, Mehman müəllim Biləsuvar filialının baş aqronomudur. Oğlu Şəhid olana qədər ailəni yaxından tanımayıb. Orxan Şəhid olandan sonra bir neçə dəfə ailəni ziyarətə gəliblər. Şakir müəllim Orxanın Şəhid olduğu günü kövrələrək xatırladı. Dedi ki, “...dəfndə bu kişi bizə imkan vermədi ağlamağa, əksinə, bizə təsəlli verərək “TƏKİ VƏTƏN YAŞASIN!” deyib,  Şəhid oğlunu qürurla qarşıladı. Dəfndən bir neçə gün sonra gördüm işə gəlib. Etirazımı bildirib onu evə göndərməyə çalışdım. Lakin nə qədər elədimsə o işini başsız qoyub ərazidən çıxmadı. Belə zəhmətkeş atanın da belə qeyrətli oğlu olmalı idi. Mehman müəllim heç vaxt hər hansı bir problemlə bağlı Şəhid atası imtiyazından istifadə etməyib. Məhz bu səbəbdən şirkətin kollektivində böyük hörmət qazanıb...”.

“Mən gələ bilmədim, yolu qarşıla, ana!”

Orxan valideynlərinin xeyir-duası ilə hərbi məktəbə daxil olur, hərbiçi olur. Ondan böyük qardaşı Kamran tank komandiridir. Hər ikisi Vətən müharibəsində iştirak edib. Orxan cəbhəyə yollandığını valideynlərindən gizlədir. İmkan olanda valideynləri ilə danışanda deyir ki, Bakıda iş yerimdəyəm, heç yana getməmişəm. Lakin ana xəbər tutur ki, Orxan da qardaşı Kamranla birlikdə cəbhədədir. Ananın, sanki ürəyinə damır övladının Şəhid olacağı. Kapitulyasiya aktı imzalanan gün ana gah gülüb, gah ağlayıb. Hətta deyib ki, Orxanla danışandan sonra rahat ola bilərəm. Ayın 7-dən yuxularını qarışdırır, səbəbsiz yerə Orxan üçün darıxıb ağlayır. Cənab prezident İlham Əliyev xalqı qələbə münasibətilə təbrik edəndən az sonra Orxanın Şəhid xəbəri gəlir. Bildirilir ki, Orxan noyabrın 7-də Şəhid olub. Məhz belə bir gündə Şəhid xəbəri alan ailə bilmir qələbəyə sevinsin, yoxsa kədərlənsin. Oğul toyu gözləyən valideynlər oğulları Orxanın Şəhid tabutunu qarşılayırlar...

***

Ana oğlundan danışanda ağlaya-ağlaya “Orxan mənə öz sevgilisini, nişanlısını əmanət qoyub gedib”, dedi. “Hər gün Aytəni bu evdə görəndə ürəyim parçalanır. Elə bilirəm Orxan da gələcək axşam Aytəni evlərinə yola salmaq üçün...”.

Aytən Orxanın nişanlısıdır. Orxan Şəhid olan gündən ailənin yanındadır. Deyir, “...mən Orxanı burda gözləyəcəm. O, bir gün gəlib məni aparacaq. Orxan gedəndə demişdi ki, məni gözlə...”.

Sözün bitdiyi yerdəyəm sanki. Aytənlə danışmağa söz tapmıram. Şəhid atasıyla, Şəhid anasıyla danışdım, dərdlərini dinlədim amma Aytənlə danışmağa söz tapmıram... Qarşımda canlı Məhəbbət Dastanının qəhrəmanı dayanıb. Arıq, çəlimsiz bu qız mənə sevginin şəklini çəkdi sanki... Sən demə sevgi buyumuş...

***

...“Övladda nəvə, dövlətdə dəvə” deyib atalar. Nəvə övladdan şirin olur. Ailənin təəssübünü, qeyrətini, əziyyətini çəkən oğul nəvələri daha əziz olur nənələr üçün. Ən birinci söhbətimi şəhidimizin nənəsi Şəhrəbanu xanımla başlamaq istəyirəm. Amma sevimlisi nəvəsindən danışmağa acı göz yaşları imkan vermir. Nənə nəvəsi haqda ağlaya-ağlaya öz xatirələrini bölüşür: - Ailənin sevimlisi olub Orxan, -Nənə deyir: -Orxanı bütün nəvələrimdən çox istəmişəm. O qədər qayğıkeş, yanımcıl, mehriban, mərd oğul idi. Rayona gələndə 2 günün içində çatdırıb gedib bütün qohum-əqrəbayla görüşərdi. Orxanın toyunu gözləyirdim, bizə öz yarını gözdağı qoyub getdi balam... Sülh adamı idi, dava üstə gedib sülh salardı, aranı sakitləşdirərdi, sözü, hərəkəti ağsaqqal idi balamın...

***

Orxandan sonra ailədə oğul nəvə dünyaya gəlir. Şəhidin atası oğlunun adını yaşatmaq üçün körpəyə Orxanın adını verir. Amma ailənin sevinci uzun çəkmir. Tale elə gətirir ki, körpə Orxan əmisi Şəhid Orxanın adını yaşada bilmir. Körpə 9 aylığında rəhmətə gedir. Ailə ikinci dəfə sarsılır, yasa batır. Mehman müəllimə bu daha pis təsir edir. Öz oğlu Vətən yolunda Şəhid olduğundan oğlunun itkisiylə -Təki Vətən yaşasın!- deyən ata, körpənin ölümündə, sanki özünü günahkar bilir. Deyir, bəlkə də Orxanımın adını körpəyə qoymasaydıq o yaşayardı...

***

...Şəhidimizin ailəsiylə, ocağına gəlib onun əziz xatirəsini yad edən qonaqları ilə sağollaşıb yola düşürük... Arxada bizi bir cüt göz yola salır... “Allah xətrinizi xoş etsin, balamın adını anıb gəldiniz...”, - deyir ana...

Şəhid anası, haqqını halal et... Ağlama, Şəhid anası... Sən ağlasan, bizə Qələbəmizə sevinmək haram olar...

Şəhidimizin ruhuna hörmət və sayğı ilə:

Sevinc MURADXANLI

Bakı-Biləsuvar-Bakı

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA