2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı.

İkinci Qarabağ müharibəsində qanı ilə tarix yazan oğullarımızdan biri də öz cəsurluğu ilə yaddaşlarda iz buraxmış şəhidimiz polkovnik-leytenant Əkbərov Orxan Nadir oğludur.

Orxan Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub. 1989–1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məktəbdə, 1997–1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Öz vətənpərvərliyi ilə yaşıdlarından seçilən Orxan Əkbərov orta məktəbi bitirdikdən sonra - 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini Qoşun kəşfiyyatı ixtisası üzrə bitirib, 2004-2005-ci illərdə Təlim-Tədris Mərkəzində ixtisası üzrə təhsil alıb. 2005-ci ildən N saylı kəşfiyyat bölüyündə kəşfiyyat tağım komandiri, 2007-ci ildən kəşfiyyat bölük komandiri, 2012-ci ildən 2020-ci ilədək N saylı hərbi hissənin kəşfiyyat bölməsinin rəisi vəzifəsində çalışıb. 2020-ci ilin yanvar ayından şəhid olduğu günədək N saylı hərbi hissənin komandiri vəzifəsində xidmət edib.

Hərbidə qulluq etdiyi müddətdə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yuibley medalı ilə təltif edilib.

2016-cı ildə Aprel döyüşlərində və 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 2020-ci ilin sentyabr ayında torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib, düşmənin 200-dən çox əsgərini və bir neçə silah dolu maşınını məhv edib. Polkovnik-leytenant Orxan Əkbərov 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşdə düşmənin snayperlə qəfil açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olub. Oktyabrın 6-da isə şəhidin nəşi götürülərək Biləsuvar rayonunda uğrunda canını verdiyi torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Orxan Nadir oğlu Əkbərova ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Orxan Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Orxan Əkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi Qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə imzaladığı qərara əsasən, Biləsuvar şəhəri Uşaq İncəsənət Məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Orxan Nadir oğlu Əkbərovun adı verildi.

***

...Qəhrəmanımız Orxan Əkbərovun uşaq yaşalarında hərbçi olmaq haqqında arzusu baş qaldıranda idman sahəsində peşəkar boksçu kimi dəfələrlə çempion adını qazanıb. Hərbçilər arasında peşəkar boks üzrə keçirilən yarışların qaliblərindən olub.

Bu uğurların qazanılmasında sovet dönəmində Biləsuvar rayonunun “Səməd Vurğun” kolxozunda fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin boks müəllimi, SSRİ idman ustası İmaməli Muradovun zəhməti olduqca böyükdür.

Bu məlumatı eşitdikdən sonra İmaməli Muradovun sorağı ilə Biləsuvar rayonuna yollandıq. Qocaman idman ustası ilə elə Orxan Əkbərovun atası evində görüşdük.

İmaməli müəllim gəlişimizin məqsədini biləndə dərin fikrə daldı. Qarşısındakı divardan asılmış gözləri gülümsəyən Orxanın portretinə xeyli baxdı. Kövrəldi. Dərindən ah çəkdi. Asta, həzin səslə “Ailəsi, övladları, vətəni, xalqı üçün çox dəyərli, əvəzsiz idi Orxan...”, - dedi və susdu... Xəyalı onu çox uzaqlara, haradasa 20 il əvvələ apardı.

- ...Mən Qazaxıstan Respublikasından Azərbaycana 20 yaşımda SSRİ idman ustası kimi gəlmişəm. Bura gələndən sonra ictimai əsaslarla boks kursu təşkil etdim. Həmin illərdə Krasnodara yarışa apardığım 7 gənc boksçudan 5-i qızıl medala layiq görüldü, biri ikinci yeri tutdi, biri isə uduzdu. Bir müddətdən sonra rayonun “Səməd Vurğun” kolxozunda fəaliyyət göstərən idman zalında Uşaq-Gənclər İdman Məktəbi açdıq. Orxan Əkbərov həmin məktəbin ilk şagirdlərindən oldu.

Orxanı kiçik yaşlarından tanıyıram. O, boksla məşğul olmağa elə uşaq yaşlarından başlayıb. Biz nəsillikcə boksçu ailəsi olduğumuz üçün bu sahə ilə bağlı söhbətlərimizdə hərdən Orxan da iştirak edir, bizə qulaq asırdı. Görünür, o vaxtdan onda idmana maraq yaranıb. Dediyim kimi, uşaq çağlarından idmana böyük həvəsi olan Orxan 14 yaşından Uşaq-Gənclər İdman Məktəbində boksla məşğul olmağa başladı. O, bir dəfə də olsun məşqi buraxmırdı. Bir dəfə Orxandan soruşdum ki, niyə məhz bu idman növünü seçmisən, uşaqlarla dalaşmaq üçün? Dedi, xeyr. Mən də ona başa saldım ki, boksçu olmaq yarışlarda ölkəmizin idman şərəfini layiqincə qorumaq deməkdır. Orxan nizam-intizamlı uşaq idi. Çox döyüşkən, cəsur, həm də etibarlı idi. Gələcəkdə onun vətənə, millətə layiqli, vətənpərvər övlad olacağı hiss olunurdu. İlk vaxtlardan ölkə daxili müxtəlif turnirlərdə və zona birinciliklərində yüksək nəticələr göstərməyə başladı...

Orxan Əkbərov müəlliminə çox sadiq idi. Hərbi xidmətdə olduğu dövrlərdə rayona gələndə həmişə mənə baş çəkirdi. Mənimlə söhbət edəndə xidmətlə bağlı heç nə demirdi. Nə soruşurdum, deyirdi, hər şey yaxşıdır, inşallah, əla olacaq. Hətta müharibənin başlayacağı barədə bir kəlmə də dilinə gətirmirdi. Ondan söz almaq o qədər də asan deyildi. Hiss edirdim ki, ordu ilə bağlı bildiyi gizli məlumatları sirr olaraq qoruyur... Orxanın şəhid olmasını məndən bir gün gizlətdilər. Sonra həyat yoldaşım dedi. Özümü çox pis hiss etdim. Allah ona və bütün şəhidlərimizə rəhmət eləsin!

İmaməli müəllim yenə ah çəkdi, gözləri yaşla doldu. Əlinin tərsi ilə gözlərini sildi... Mən onu bu vəziyyətdən çıxarmaq üçün söhbətin məcrasını bir az başqa səmtə yönəltdim:

- İmaməli müəllim, peşəkar idmançıların yetişməsində təbii ki, məşqçi-müəllimlərin rolu danılmazdır. Siz danışdıqca hardasa oxuduğum məşhur bir idmançının fikri yadıma düşdü. Deyirdi ki, “mən məşqçini idmançının bələdçisi kimi görürəm, həmin bələdçi idmançını düz yolla aparanda uğur, səhv yolla aparanda müvəffəqiyyətsizlik meydana çıxır”. Belə olduqda, məşqçi-müəllimlərin çiyinlərinə böyük yük düşür desəm, yanılmaram. Bildiyimiz qədər, Orxan Əkbərovun uşaq yaşalarında hərbçi olmaq haqqında arzusu baş qaldıranda idman sahəsində peşəkər boksçu kimi dəfələrlə çempion adını qazanıb. Hətta hərbçilər arasında peşəkar boks üzrə keçirilən yarışların qaliblərindən olub. Bu uğurların qazanılmasında təbii ki, sizin zəhmətiniz böyükdür.

- Bir məqamı diqqətinizə çatdırım ki, işğalda olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə fərqlənənlərin əksəriyyətinin idmançı olması heç də təsadüf deyil. Çünki onlar bayrağın, dövlət himninin xiffətini çəkməyə vərdiş edir, bunu həyat tərzinə çevirirlər. Əlbəttə, Orxanın igid oğul kimi böyüməsində idmanın müstəsna təsiri olub. Ona görə ki, idman insanda müsbət əxlaqi keyfiyyətlər, vətənə məhəbbət, ailəyə bağlılıq, özünəinam, səbr, mətanət, dözüm və s. formalaşdırır. Bundan başqa, idmanın köməyi ilə digər tərbiyə növləri - əmək tərbiyəsi, şəxsi gigiyena tərbiyəsi, iqtisadi tərbiyə, estetik tərbiyə, hüquq tərbiyəsi daha da inkişaf edir.  Bununla yanaşı, unutmaq olmaz ki, yuxarıda qeyd olunanlar, ölkəmizin çətin vəziyyətində, işğala məruz qaldığı bir vaxtda, onun müdafiə qüdrətinin güclənməsi ilə də birbaşa bağlıdır. Eyni zamanda, sağlam və güclü gənc nəsil gələcəyin etibarlı təminatıdır.

Bu baxımdan, idmanın kütləviliyini təmin etmək daim günümüzün vacib məsələlərindən olub. Çünki idmanın kütləviliyi gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacibdir.

Vaxtilə ümummilli lider Heydər Əliyev də fiziki tərbiyə və idmanın inkişafına çox böyük diqqət ayırmış və öz çıxışlarının birində bu haqda belə demişdir: “İdmanın və bədən tərbiyəsinin inkişafı üçün görülən işlər, gələcəkdə görəcəyimiz işlər, dövlətin və hökumətin siyasətinin əsas istiqamətlərindən biridir”.

Sovet dönəmində Biləsuvar rayonunun “Səməd Vurğun” kolxozunda fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbində boks müəllimi işləyərkən də məqsədim uşaq, yeniyetmə və gənclərin idman vasitəsilə sağlamlığını, fiziki hazırlığını möhkəmləndirmək, yüksək səviyyəli idmançılar hazırlamaq idi.

Onu da deyim ki, uşaq yaşlarından idman məktəbinə gələnlərin hamısı idmançı olmur. Ancaq onların arasında Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərov, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, qardaşım oğlu Rafiq Muradov, oğum Tofiq Muradov, həmçinin Paşaxan Əliyev, İqor Maxalkov, Vaqif Mirzəyev, Qurbanxan Məhərrəmov kimi qürur duyduğum yetirmələrim olub.

Təkcə Şuşanın işğaldan azad olunmasında 15-dək yetirməm iştirak edib. Onların tarixə yazılan qələbəsinə sevindiyim kimi, Qarabağda tarix yazaraq şəhid olan yetirmələrimdən Biləsuvar rayonunun Xıırmandalı kəndindən Qurbanov Bəhruz Kərəmət oğlunu, eləcə də Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovu, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu, Babək Mahmudlunu, İqbal Astanlını ehtiramla anıram.

Yetişdirdiyim idmançılar həmişə mənim başımı uca ediblər. Məlumdur ki, neçə il əvvəl Azərbaycan torpaqları hələ işğaldan tam azad edilməmişdi, ermənilər qadağan olunmuş silahlarla dinc əhalimizi hədəfə alırdı. Tarixin bu dönüş nöqtəsində xalqımız kimi biz də dövlətimizin yanında olduq. Yetirmələrim bir çox mötəbər yarışlarda ölkəmizin idman şərəfini ləyaqətlə qoruduqları kimi, Azərbaycanın haqlı davasını, haqq səsini dünyaya çatdırmağa çalışırdılar.

Onu da deyim ki, idman sahəsində rayon bizim ailənin adı ilə bağlıdır. Qeyd etdiyim kimi, biz nəsillikcə boksçuyuq. 4 qardaş hamımız SSRİ idman ustasıyıq. Böyük qardaşım İmamverdi Muradov, İsmayıl Muradov və Xalıq Muradovun da gənclərimizin idmançı kimi yetişməsində böyük əməyi olub. Xüsusilə, Xalıq Muradovun vaxtilə döyüşən ordumuzun ərzaq və isti geyimlə təchizatında xidməti danılmazdır. Sonda demək istəyirəm ki, şəhidlər, qazilər bizim üçün müqəddəsdir, o qəhrəmanlıq, şəhidlik zirvəsinə ucalan oğullarımızla təkcə onların valideynləri deyil, hamımız fəxr edirik. 

Elbar ŞİRİNOV,

Bakı-Biləsuvar-Bakı

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 6.3.5.)

Pin It

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Wednesday, 09 November 2022
By Asif MEMMEDOV

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA