booked.netbooked.net booked.net  

Keçmiş polis rəisi, uzun müddət Daxili İşlər orqanlarında məsul vəzifələrdə çalışmış Eldar Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib

1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin vaxtilə həmrəylik çağırışına səs verərək, ölkə vətəndaşlarını milli birliyi dəstəkləməyə çağıran, uzun müddət Daxili İşlər orqanlarında məsul vəzifələrdə çalışmış Eldar Əmir oğlu Quliyev 27 ildən sonra Ulu öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidentı, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətənin qorunub müdafiə olunması və milli birlik çağırışlarını dəstəkləyib və onların ünvanlarına dəfələrlə rəsmi müraciətlər edib. E.Quliyev öz müraciətində xalqımızın Ali Baş Komandanın ətrafında yumruq kimi sıx birləşərək indiyə qədər görünməmiş milli birlik, həmrəylik nümayiş etdirdiklərini yüksək qiymətləndirib.

Eldar Əmir oğlu Quliyev müstəqilliyin əldə olunmasında, bu dövlətin qurulmasında və qorunmasında xidmətləri olmuşdur. Dövlət tədbirlərində fəal iştirak etmişdir. Məlumat üçün qeyd edək ki, Eldar Quliyev 1958-ci ildə Laçın rayonunda anadan olub. 1977-ci ildə Gəncə şəhər baza inşaat texnikumunu, 1985-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirib. 1977-1979-cu illərdə hərbi xidmətdə olub. Sov.İKP MK-nın 16 mart, Azərb.KP MK-nın 5 aprel 1983-cü il tarixli qərarlarına əsasən Laçın rayon PK-nin bürosunun qərarı və Laçın rayon İcraiyyə Komitəsinin göndərişi ilə Daxili İşlər orqanlarına işə qəbul edilib. E.Quliyev Azərbaycanın dörd rayonunda və Əli Bayramlı Polis Şöbəsində məsul vəzifələrdə çalışıb. 1992-ci ildə Azərbaycan Polis Akademiyasına ilk daxil olanlardan olub. 1993-cü ilin əvvəllərində vətənin darda olduğu bir vaxtda mili kadr kimi Saatlı rayon Polis Şöbəsinə rəis təyin edilib.

1993-cü ildə ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edildiyi vaxt E.Quliyev Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə hərbi komendant təyin olunub. O, qısa zamanda Saatlıda cinayətkarlığa qarşı mübarizəni düzgün təşkil etdiyinə, üzərinə düşən vəzifənin və dövlət tapşırıqlarının öhdəsindən layiqincə gəldiyinə, ondan əvvəl baş vermiş bağlı qalan qətl hadisələrinin üstünün açılmasına nail olduğuna, narkomaniya kimi bəlanın kökünü tamamilə kəsdiyinə, qanunsuz silahların yığılaraq ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edilməsində həyata keçirdiyi uğurlu tədbirlərə, dövlətçiliyə sədaqətlə xidmət etdiyinə, ictimai işlərdə fəal iştirakına, abadlıq və bir sıra xeyirxah tədbirlər həyata keçirdiyinə görə 1993-cü ilin avqust ayında DİN-nin kollegiyasında nazirin əmri ilə mükafatlandırılıb.

E.Quliyevin sonuncu təyinatı Azərbaycaın Respublikasının sabiq Prezidenti, Ulu öndər Heydər Əliyevin şəxsi tapşırığı ilə Əli Bayramlı (indiki Şirvan) şəhər Poliş Şöbəsinin rəis əvəzi, daha sonra rəisi təyin olunması olub. O, bu vəzifəyə təyin olunduqdan sonra ölkə başçısı adından Daxili İşlər nazirinin ona verdiyi xususi mühüm tarşırığı ən ağır şərtlər altında, hətta terror təhlükəsi ilə üz-üzə qalsa da, layiqincə yerinə yetirib. Təbii ki, E.Quliyev məsul vəzifələrə təyin olunarkən onun işinə məsuliyyəti, biliyi, bacarığı, yüksək təşkilatçılığı, peşəkarlığı, vətənə, dövlətçiliyə qüsursuz, sədaqətli xidməti və digər müsbət xüsusiyyətləri nəzərə alınıb. Çünki o, daim üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. E.Quliyevin müstəqilliyin əldə olunmasında, dövlətin qurulmasında və qorunmasında xidmətləri olub.

Dövlətin və ümumxalq mənafeyini hər şeydən uca tutub. (Bax: Vikipediya saytı Eldar Quliyev (polis)) O, DİO-da dövlətçiliyə xidmət etdiyi vaxtlarda 5 Daxili İşlər nazirinin və dövlət başçısı Heydər Əliyevin sərəncamı ilə ayrı-ayrı vaxtlarda təyin edilən üç Daxili İşlər nazirinin əmrinə əsasən mükafatlandırılıb. Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov respublikada cinayətkarlığa qarşı mübarizəni düzgün təşkil edən iki polis rəisinin birinin məhz Eldar Quliyev olduğunu 1994-cü ilin sonuna həsr olunmuş 1995-ci ilin yanvar ayında keçirilən kollegiya iclasında vurğulayaraq, onun fəaliyyətini uğurlu və müsbət qiymətləndirib. Hətta həmin ilin yekununda Əli Bayramlı şəhər Polis Şöbəsinin ümumi göstəriciləri respublika göstəricilərindən yüksək olub. Məhz ona görə sabiq daxili işlər naziri Ramil Usubovun əmri ilə 1995-ci il yanvar ayının sonunda polis rəisi E.Quliyevin qabaqcıl iş təcrübəsi Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında yayılıb. Bu barədə 1995-ci il fevral ayının əvvəlində DİN-nin “Mübariz keşikdə” qəzetində və dövlət televiziyasının "İnsan və qanun” verilişində ölkə ictimayyətinə geniş məlumat verilib. Ancaq bir neçə aydan sonra, daha dəqiq desək, 21 mart 1995-ci il tarixdə Eldar Quliyev öz iradəsindən asılı olmayan səbəblərdən və özünün iştirakı olmadan tutduğu vəzifədən və daha sonra isə DİO-dan hər hansı bir qüsuru və zərrə qədər də olsun hansısa təqsiri, günahı, qəbahəti olmadan azad edilib. O zamandan bu günə kimi də müxtəlif əsassız bəhanələr edilərək günahsız bir ölkə vətəndaşı və böyük bir ailə başçısı işsiz saxlanılır.

***

Bu günlərdə redaksiyamızda olan Eldar Quliyev Azərbaycan Respubli- kasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciətinin səbəbini açıqladı. Tutduğu məsul xidmətindən və Daxili İşlər orqanlarından nədən kənarlaşdırıldığına və digər suallara aydınlıq gətirdi.

“Mənim doğmalarım da daxil olmaqla 1993-cü ildə Azərbaycan xalqının böyük əksəriyyətinin çağırışı və tələbi ilə Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qaydışı üçün mən də əlimdən gələni əsirgəmədim”

- Məni tanıyanlar, vaxtilə birgə işlədiyim insanlar bilirlər ki, Azərbaycan dövlətçiliyini, ölkədə sabitliyi qorumaq, vətəndaşlar arasında milli birliyə nail olmaq mənim həyat amalım olub. Tutduğum vəzifələrin böyük-kiçikliyindən asılı olmayaraq daim buna çalışmışam. Müstəqilliyimizin ilk illəri o dövrü yaşayanların yaxşı yadındadır. Erməni daşnakları ərazi bütövlüyümüzə təcavüz edirdi, daxildəki müxtəlif qüvvələrin çəkişmələri, iddiaları üzündən ölkədə sabitliyi qorumaq çətinləşirdi. Demək olar ki, dövlətimiz real təhlükə ilə üz-üzə qalmışdı. 1993-cü ilin iyun hadisələri zamanı Gəncədən zirehli maşınlarla gələn silahlı qoşun hissələri ilə Saatlıdakı hərbçilər arasında qarşıdurma yaranmışdı, tərəflər bir-birinə atəş açmağa hazır idi. Hətta məni girov götürüb Gəncəyə aparmaq istəsələr də bacarmadılar.

Bundan sonra Saatlı rayon Polis Şöbəsinin rəisi və hərbi komendantı kimi hərbçilərin və dinc əhalinin ziyan görməməsi üçün hər iki tərəflə danışıqlar apararaq onları qanunsuz hərəkətlərdən çəkindirməyə çalışdım. Uzun sürən danışıqlardan sonra baş verə biləcək hadisələrin qarşısını ala bildim. Həmin günlərdə ölkədə olduqca ağır vəziyyət yaranmışdı. Vəziyyəti Azərbaycanın xeyrinə düzəltmək üçün real addımlar atmaq lazım idi. O zaman xalqımız xilaskar kimi ümidlərini Heydər Əliyevə bağlamışdı. Ona görə mən də bir vətəndaş kimi Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtması üçün əlimdən gələn köməyi və dəstəyi əsirgəmədim. Heydər Əliyevin xalqa milli həmrəylik barədə məlum müraciətindən sonra təşəbbüsümlə rayon rəhbərliyinin, ziyalıların, ağsaqqalların, siyasi partiya təmsilçilərinin iştirakı ilə həmrəylik müşavirəsi çağırıldı. Saatlı rayonunun aktivləri və içtimaiyyəti ölkə rəhbərliyi ilə həmrəylik ifadə etdi. Müşavirədən sonra əhalidəki qanunsuz silahlar ağsaqqalların, nüfuzlu ziyalıların iştirakı ilə könüllü şəkildə polisə təhvil verildi (Bax: “Ədalət” qəzeti, 17.09.1993-cü il).

Bununla yanaşı, 1993-cü ildə keçirilən prezident seçkilərini və sabitliyi rayonda pozmaq, əhalini itaətsizliyə və müddətsiz mitinqlərə çağıran və qarşıdurma yaratmaq istəyən bəzi qüvvələr vardı. Biz də polis şöbəsinin əməkdaşları ilə birlikdə həmin qüvvələrə qarşı şəlahiyyətimiz çərçivəsində mübarizə aparırdıq. Təhdid və hədələrə baxmayaraq, apardığımız mübarizə nəticəsində rayonda əldə olunan sabitlik görünürdu. Bu isə hansısa qüvvələri narahat edirdi. Ona görə də həmin günlərdə mənim iki azyaşlı övladım da daxil olmaqla ailəmin yaşadığı ev ağır silahdan (qranat atandan) atəşə tutuldu. O vaxtlar “Müstəqil qəzet”də bu hadisə barədə məlumat dərc olunmuşdu və vurğulanmışdı ki, Eldar Quliyevin rəis kimi çalışdığı müddət ərzində Saatlıda yalnız bircə dəfə atəş səsi eşidildi, o da rəisin evi atəşə tutulanda. Mənim və ailəmin həyatına sui-qəsd etməyə cəhd göstərən cinayətkarlar bilirdilər ki, bu cür hərəkətlərlə məni yolumdan döndərmək mümkün deyil. Həmin dövrdə biz birinci vəzifəmiz olan cinayətkarlığa qarşı mübarizə aparmaqla yanaşı, qaçqın və köçkünlərə maddi, mənəvi köməklik edir, döyüş bölgəsinə yardımlar çatdırır və vətənin qorunması uğrunda gedən döyüşlərdə iştirak edirdik.

- Bəs necə oldu ki, Şirvan şəhərinə polis rəisi təyin edildiniz?

- Saatlıdakı fəaliyyətim ölkə rəhbərliyinin diqqətində idi. Dövlət başçısı mərhum Heydər Əliyevin şəxsi tapşırığı ilə 1994-cü ilin əvvəlində Əli Bayramlı şəhərinə (indiki Şirvan) təyin olunma prinsiplərinə əməl edib, polis rəisi təyin olundum. DİN naziri cənab Vaqif Novruzov ölkə başçısı Heydər Əliyevin adından qarşıma ciddi tapşırıq qoyduğunu bildirdi. Bu mühüm tapşırığı yerinə yetirəcəyim tədqirdə dövlətin sonadək mənim arxamda dayanacağına ölkə Prezidentinin söz verdiyini bildirdi.

"Məndən əvvəlki rəis Əbülfəz Qasımov günün günorta çağı xidməti iş otağında qətlə yetirilmişdi"

- Həmin tapşırıq nədən ibarət idi?

- Bu, əslində məxfi bir tapşırıq idi. Ancaq artıq bu, öz məxfilik təsirini itirib. Ona görə də qeyd edim ki, məndən əvvəlki polis rəisi Əbülfəz Qasımov günün günorta çağı xidməti otağında qətlə yetirilmişdi. Hadisəni törədən qatil üçüncü mərtəbəyə qalxıb rəisin istirahət otağının qapısını balta ilə qırıb rəisi iş otağında gözləyib, rəis iş otağına daxil olan zaman ona xüsusi amansızlıqla 35 güllə vurub, növbətçi hissəni gülləbaran edib, bir əməkdaşı ağır yaralayıb və bundan sonra polis şöbəsini tərk edib. Şöbənin sıravi və rəis heyəti cinayətkarı zərərsizləşdirmək əvəzinə, qaçıb gizləniblər. Dövlət başçısı bu cinayətdə əli olanların təcili tapılmasını və onların havadarlarının kimliyindən asılı olmayaraq onlara qarşı mübarizə aparmağımı və qanun qarşısında cavab verməsini bir vəzifə olaraq qarşıma qoydu. Mən də tapşırığı yerinə yetirmək üçün bütün bilik və bacarığımı ortaya qoymağa çalışdım. Apardığımız axtarış-əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxs yaxalandı. Bundan sonra rayon polisinin ictimaiyyət arasında itmiş nüfuzu yüksəlməyə başladı. Əli Bayramlı polisinə rəhbərlik edəndə də döyüş bölgələrinə, qaçqın və köçkün düşən soydaşlarımıza köməyimizi əsirgəmirdik. Bildiyiniz kimi, o zaman döyüş bölgələrində əsas yük polisin üzərinə düşmüşdü. Bizim əməkdaşlar da daim düşmənə qarşı döyüşlərdə iştirak edirdi. Bu proses atəşkəs müqaviləsi imzalanana qədər davam etdi. Ramil Usubov daxili işlər naziri təyin olunduq dan sonra Əli Bayramlı rayon Polis Şöbəsinin fəaliyyətinə diqqət, qayğı daha da artırıldı. Çünki cənab nazir mənim dövlətçiliyə sədaqətimi, üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyimi bilirdi. Yeri gəlmişkən, bir məqamı xususi qeyd edim ki, polisin birinci vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaqdır. Və bu sahədə əlimizdən gələni edirdik. Ancaq o vaxt polis həm xeyriyyəçilik, həm də respublikamızın iqtisadiyyatının dirçəldilməsində də öz köməyini əsirgəmirdi. Polis şöbəsinin şəxsi heyəti şəhərin ictimai həyatında və keçirilən bütün tədbirlərdə fəai iştirak edirdi. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, şəxsi təşəbbüsüm nəticəsində şəhərin tullantı yerinə çevrilən, uçub dağılmış Mədəniyyət və İstirahət Parkı heç bir dövlət vəsaiti xərclənmədən şəxsi heyətin və mənim qismən hissə-hissə əmək haqqımızın məbləği, fiziki zəhmətimiz sayəsində abadlaşdırıldı. O dövrdə mədəniyyət nazirinin müavini Şamil Axundov 1994-cü il sentyabrın 20-də ünvanıma göndərdiyi məktubda-polisin bu sahəyə diqqət ayırmasını müsbət addım kimi qiymətləndirmiş, mədəniyyət sahəsinə ayırdığımız diqqətə görə Mədəniyyəi Nazirliyinin rəhbərliyi adından mənə təşəkkür bildirmişdi. Bu tədbir 1994-cü il oktyabr ayında dövlət televiziyasının "Ekologiya" verilişində işıqlandırılmışdı. Bundan başqa, tərəfimdən hər il Qurban bayramında qurban payı şəhərdəki aztəminatlı imkansızlara çatdırılır, qayğıya ehtiyacı olan, qaçqın və köçkün soydaşlarımız olan 800-dən artıq ailəyə mütamadi yardım edilirdi. Şəhərdə müvəqqəti məskunlaşmış Füzuli, Laçın, Zəngilan, Qubadlı, Ağdam Kəlbəcər, Cəbrayıl rayonlarından gəlmiş insanlara, şəhid ailələrinə maddi və mənəvi, hətta 10 və 20 tonluq maşınlarla tərəfimdən yardımlar göstərilirdi. Onu da qeyd edim ki, 1995-ci ilin fevralında cənab nazirin təsdiq etdiyi iş planına əsasən rəhbərlik etdiyim Əli Bayramlı Şəhər Polis Şöbəsinin qabaqcıl uğurlu iş təcrübəsi Daxili İşlər orqanlarında yayıldı.

1992-cü ilin oktyabr ayında baş vermiş hadisənin az ziyanla qarşısının alınması üçün əlimdən gələni əsirgəmədim. Həmin vaxt mən Əli Bayramlının hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəhbər işçilərlə bu məsələnin qarşısının alınması yollarını müzakirə etmək məqsədi ilə Şəhər İcra Hakimiyyətinin iş otağına toplaşmışdıq. Birdən Prezidentin ərazi idarəetmə şöbəsininin müdiri Y.Hümbətov ŞİH başçısına zəng edib, şəhər PŞ-nin rəisi olaraq məni soruşdu. O da dedi ki, mənim iş otağımdadır. Daha sonra ŞİH başçısına dedi ki, hadisə nəzarətdən çıxır, rəisdən sorusun görək bu hadisənin qarşısının alınması üçün daha nə etmək olar? Mən də fikirləşmədən bu hadisənin sülh və barış yolu ilə həll olunmasını başa düşdüb ən doğru yol hesab etdiyimi Rİh başçısına söylədim. O da Y.Hümbətova çatdıtdı. Beləliklə, bu hadisə mənim dediyim qaydada təxminən 2-3 saat ərzində az ziyanla, sülh və barış yolu ilə sona çatdı.

“1995-ci ilin “Mart hadisələri” zamanı əgər atam həyatda olsaydı...”

- Həmin dövrdə istər ön, istərsə də arxa cəbhəyə maddi və mənəvi yardım göstərdiyiniz kimi, təbii ki, Qarabağın, eləcə də digər rayonlarımızın ermənilər tərəfindən işğalına biganə qala bilməzdiniz...

- Xüsusilə vurğulamaq istəyirəm ki, mən vətənimi sevməyi bacardığımdan onu qorumağa da çalışmışam. Təkcə doğulduğum Laçın rayonu deyil, ölkəmin hər bir qarış torpağı mənim üçün vətəndir. Vətənə, torpağa sevgi mənim qanımda, canımdadır. Babam 1905-1918-ci illərdə işğalçı ermənilərə qarşı vuruşub, qanı-canı bahasına yurdunu erməni işğalçılarından qoruyub. Atam Əmir Quliyev könüllü olaraq 1941-45 İkinci Dünya müharibəsində iştirak edib və ön cəbhədə döyüşərək ağır yaralanıb. Müharibədən soqra Laçında müxtəlif rəhbər vəzifələrdə çalışıb, nüfuzlu el ağsaqqallarından, xeyriyyəçi ziyalılardan sayılıb. Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyində onun həyat və mübarizə yolunu əks etdirən böyük bir guşə olub. Bu gün də Laçın camaatı atamı böyük hörmətlə yad edir. İnanıram ki, 1995-ci ilin “Mart hadisələri” zamanı atam həyatda olsaydı, vəziyyətin o qədər dramatikləşməsinə yol verməz, barış əldə olunmasına çalışardı. Mən də nəsil ənənəsinə sadiq qalmağa çalışmışam. 1988-ci ildən başlayaraq atəşkəs müqaviləsi imzalanana qədər ilk gündən hələ savaşdan əvvəl könüllü olaraq Qazaxın Kəmərli kəndində vətənin qorunmasında iştirak etmişəm. Goranboyun Şəfəq, Tovuzun Hacıallı, Ağdamın Abdal Gülablı kəndlərində, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının müxtəlif yaşayış məntəqələrində döyüşmüşəm. Gədəbəydə Başkəndin ermənilərdən azad olunmasında şəxsən iştirak etmişəm. Təkcə Laçında və Qubadlıda deyil, Ağdamda, Tovuzda və digər rayonlarda döyüşən əsgərlərimizə maddi və mənəvi dayaq durmağa çalışmışam. Xalqımızın ən çətin günlərində 830-dan çox qaçqın, köçkün, şəhid ailələrinə, aztəminatlı insanlara mütəmadi yardımlar göstərmişəm. Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın elə ilk günlərdən Qırmızı Körpüdə qarşılanıb məskunlaşmaları üçün lazım olan şəraiti yaratmağa çalışmışam, maddi və mənəvi köməyimi əsirgəməmişəm. O çətin dövrlərdə Şəmkirdə, Saatlıda, Əli Bayramlıda işlədiyim zaman qapımı döyən heç bir qaçqın, köçkün, şəhid ailəsini diqqətdən kənarda saxlamamışam. Rayonlarımız işğal olunduqdan sonra yurd-yuvasından didərgin düşən insanlara maddi-mənəvi dayaq durmağa çalışmışam və bunu özüm üçün bir vətəndaşlıq, viçdan və ləyaqət borcu hesab etmişəm. Bütün bunları özümü reklam etmək üçün sadalamıram. Deməyim odur ki, daim dövlətimin, xalqımın qəsdinə duran erməni işğalçıları ilə savaşmışam. Dövlətimizin daxilində isə parçalanmanın, qruplaşmanın əleyhinə olmuşam. Amalım həmişə sabitliyi, dövlətçiliyi, milli barışığı qorumaq olub. Bəzilərindən fərqli olaraq mən milli birliyin tərəfdarı olduğumu sözdə yox, əməldə sübut etmişəm, özü də 1993-cü ildə. Çox təəssüflər olsun ki, bəzi qüvvələr yalandan adımı hallandırıb məni siyasi labirintə salıb, cılız, səviyyəsiz və mənasız inadlarına heç cür hələ də son qoymurlar.

“Guya Əli Bayramlı polis söbəsinin 8 əməkdaşı 1995-ci il 17 mart hadisələrində istirak edib”

- Eldar müəllim, bəzi qüvvələr deyəndə kimləri nəzərdə tutursunuz?

- Söhbət Əli Bayramlının məndən əvvəlki polis rəisi Əbülfəz Qasımovu qətlə yetirənin havadarlarından və o zamankı İcra Hakimiyyətinin başçısı Hacı Əlizadə Əliyevdən, şəhər Prokurorundan və pərdəarxası onları qızışdıranlardan gedir. Yeri gəlmişkən bir məsələyə toxunmaq istəyirəm. “Müstəqil qəzet”in 23 dekabr 1994-cü il tarixli sayında “Əli Bayramlı şəhər İcra Hakimiyyətinin başçısı şəhər polisini şantaj edir, polis rəisi Eldar Quliyev isə qanunun aliliyinə, respublika rəhbərliyinin ədalətliliyinə güvənir. Biz isə deyirik: Ədalət zəfər çalacaqmı?” başlıqlı yazı dərc edilmişdi. Həmin yazıdan sonra icra başçısı Hacı Əlizadə Əliyev susmağa üstünlük verdi. Əslində bunun səbəbi ölkə Prezidenti, Ulu öndər Heydər Əliyevin adından mənə tapşırılan göstərişi heç bir güzəşt olmadan yerinə yetirməyim olmuşdu. Ancaq sonra, yəni məlum mart hadisəsindən sonra yenidən növbəti şantaj və böhtanlara əl atmağa başladılar. Belə ki, 28 mart 1995-ci il tarixdə “Azərbaycan" qəzetində və 7 aprel 1995-ci ildə dövlət televiziyasının «Xəbərlər»ində məlumat verildi ki, Əli Bayramlı şəhərində polis rəisi olduğum zaman guya mən 3 mart 1995-ci il tarixdə polis əməkdaşlarından silahların şöbənin silah otağına yığılması barədə əmr vermişəm. Onu da qeyd edim ki, barəmdə mətbuat və televiziyada yayılan məlum yalan və böhtan xarakterli məlumatların yayılmasını təşkil edən və göstəriş verərək məni ağır dövləti cinayətdə ittiham edənlər də mənə qarşı böyük günah və cinayət törətmişdilər. Əgər jurnalis araşdırması aparsanız, onların kimliyi sizə məlum olar. Baxın, mənə böhtan ataraq mətbuat və televiziya vasitəsilə ağ yalan, uydurma məlumatlar yaydılar ki, guya Əli Bayramlı Polis Şöbəsinin 8 əməkdaşı 17 mart hadisələrində iştirak edib. Guya Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları mütəmadi olaraq Əli Bayramlıda müxtəlif cinayət hadisələri törədiblər və şəhərin polis şöbəsi də onları dəstəkləyib. Təbii ki, bunlar uydurma, ağ yalan və şər-bohtandan başqa bir şey deyildi. Məni narahat edən o idi ki, icra başçısının əlinə girəvə düşmüşdü. Mənim dediyim təkzibedilməz faktları ört-basdır etmək üçün cürbəcür böhtanlara əl atırdı. Mən də o vaxtlar məcbur olub qanuni tədbir görülməsi üçün 14 aprel 1995-ci il tarixdə “Müstəqil qəzet”də Respublikanın Baş prokuroruna, Daxili İşlər nazirinə müraciət edərək, həmin faktların təhqiq olunması və ətraflı araşdırılması barədə sərəncam vermələrini, “Azərbaycan” qəzetinin baş redaktoruna və dövlət televiziyasının sədrinə göndərdiyim məktubda isə təkzib verilməsini xahiş etdim.

Haibuki mənim 1995-ci il mart hadisəsi ilə heç bir bağlılığım, iştirakım, hətta öncədən məlumatım belə olmayıb. Hadisələrin başlanmasını mən teieviziyadan eşitmişdim. Xəbəri eşitdiyim andan da hadisələrin baş verməməsi, sülh və barış yolu ilə qarşısını almaq üçün əlimdən gələni etməyə çalışdım. Doğrudur, mərhum Rövşən Cavadovla aramızda qohumluq əlaqəsi vardı, ancaq bu o demək deyildi ki, məlum hadisələr zamanı mən də iştirak etmişəm. Halbuki mən qohumlarımın siyasi düşüncələrini bölüşməmişəm, onların atdığı addımlarla heç bir əlaqəm olmayıb. Baxın, martın 13-də hadisələr başlayan andan akademik mərhum Cəlal Əliyevlə mərhum Bəxtiyar Cavadovun görüşünü təşkil etməyə çalışdım. Məqsədim ağsaqqalların birbaşa iştirakı ilə baş verə biləcək hadisələrin qarşısını almaq, məsələləri barışıq, sülh yolu ilə həllinə nail olmaq idi. Amma insaf və ədalət naminə deyim ki, mərhum Rövşən Cavadovun atası da, anası da və nəslin bütün ağsaqqalları, ağbirçəkləri və ziyalıları da məsələnin sülh və barışıq yolu ilə həllinə çalışırdılar. Təəssüflər olsun ki, bu hadisənin qarşısını almaq mürnkün olmadı.

Martın 16-da, saat 23:00 radələrində daxili işlər naziri Ramil Usubovla telefon söhbətimiz oldu. O, Əli Bayramlıdakı vəziyyətlə maraqlandı, içtimai asayişin, siyasi sabitliyin qorunması üçün lazım olan addımların atılmasını tapşırdı. Telefon söhbətimiz zamanı nazir Ramil Usubovdan xahiş etdim ki, hadisələrin sülh, barış yolu ilə həlli üçün əlindən gələni əsirgəməsin. Əli Bayramlıda sabitliyi, ictimai asayişi qorumaq üçün nazirin verdiyi bütün tapşırıqları yerinə yetirdim. Bu istiqamətdə əlimdən gələni əsirgəmədim. Həmin günlər Əli Bayramlıda heç bir cinayət hadisəsi, qanun pozuntusu qeydə alınmadı, şəhərdə ictimai asayişin və siyasi sabitliyin pozulmasına yol verilmədi. Həmin günlər YAP rəhbərliyində təmsil olunan şəxslər də tez-tez mənimlə əlaqə saxlayır, şəhərdəki vəziyyətlə maraqlanırdılar. YAP-ın sədr müavini Əli Nağıyev də zəng edib şəhərdəki durumu soruşdu. Mən ondan da hadisələrin sülh yolu ilə həll olunmasında əlindən gələn köməkliyi göstərməyi ondan xahiş etdim. Onu da deyim ki, hadisələr başlayan gündən MTN-nin Əli Bayramlı şöbəsinin rəisi və şöbənin baş əməliyyat müvəkkili sona qədər mənim xidməti otağımda oldular və hətta şöbə rəisi Bünyad müəllim 16 mart 1995-ci il, saat 10:00- da mənə dedi ki, “Eldar müəllim, siz bu hadisənin baş verməməsi, sülh və barış yolu ilə həll olunması üçün 3 gün gecə-gündüz ac-susuz əlinizdən gələn heç nəyi əsirgəmədiniz. Biz də bunun şahid olduq. Sizin ailəniz var, sonra xəstələnərsiniz, gedin yemək yeyin".

Ancaq bütün bunlara baxmayaraq, tutduğum bəlli mövqedən, atdığım addımdan, heç bir günahım olmadan 21 mart 1995-ci il tarixdə məndən xəbərsiz, iştirakım olmadan Əmək Məcəlləsinə zidd olaraq tutduğum vəzifədən azad edildim. Halbuki 1995-ci il mayın əvvəllərində DİN rəhbərliyindən mənə bildirdilər ki, Prezidentin şəxsi mühafizə xidmətinin rəisi cənab Bəylər Eyyubov zəng edərək dövlət başçısı adından çatdırıb ki, Əli Bayramlı rayon Polis Şöbəsinin sabiq rəisi Eldar Quliyevin “Mart hadisələri” ilə heç bir əlaqəsi və günahı olmayıb. Məsələnin hüquqi tərəfinə gəlincə, “Mart hadisələri” ilə bağlı Respublika Prokurorluğunda yaradılan istintaq qrupunun müstəntiqi, daha sonra rəhbəri olan Zahid Məhərrəmov bu məsələni illərlə tam, hərtərəfli ciddi araşdırıb və daha sonra Baş Prokurorluğun rəhbərliyi adından 1998-ci ildə dövlətin rəhbər orqanlarına göndərdiyi rəsmi arayışda da mənim “Mart hadisələri"ndə heç bir iştirakım, əlaqəm olmaması rəsmi qaydada göstərilib. Dövlət televiziyasında, rəsmi “Azərbaycan” qəzetində barəmdə səslənən ittihamların həqiqətə uyğun olmadığı həmin arayışda öz əksini tapıb.

Mənim bu məsələlərdə nə hüquqi, nə də mənəvi məsuliyyətim olmayıb və yoxdur. Haqqımda yalanlar uyduranlar, illərlə çəkdiyim zəhməti görməzdən gəlməyə çalışan, gözdən salmaq istəyən, özümə və ailəmə olmazın mənəvi iztirablarını yaşadan müəyyən qüvvələrdən fərqli olaraq mənim vətən və dövlət qarşısında üzüm ağ, alnım açıqdır. Ancaq başa düşə bilmirəm ki, mən Əli Bayramlı şəhər PŞ-nin rəisi kimi, bir ziyalı ölkə vətəndaşı olaraq məlum mart 1995-ci il hadisələri zamanı, ümumiyyətlə, nə etməli idim? “Mart hadisələri”nin qarşısının alınması üçün həyata keçirdiyim tədbirlərdən başqa ayrı nə etməliydim? Və yaxud, nəyi etməli olduğum halda onu etməmişəm? Çox təəccüblüdür ki, barış yaratmaq üçün əlimdən gələni əsirgəməyimə baxmayaraq, heç bir əlaqəm, günahım olmayan bir məsələyə görə nə üçün adım yalandan hallandırılıb, 25 il 8 ay mən və ailəm mənasız yerə bu qədər əziyyətlər, üzüntülər və sıxıntılar yaşamalıydıq? Dediklərim tamamilə həqiqətə uyğundur və tam məntiqlidir.

1995-ci ilin mart ayında məlum hadisə baş verəndə mən bütün varlığımla çalışdım ki, hadisə sülh və barış yolu ilə həll olunsun, vəssalam! Baxın, barəmdə yayılan bütün məlumatların əvvəlcədən təşkil olunmuş, qondarma və həqiqətə uyğun olmaması siyasi, hüquqi və rəsmi dövlət səviyyəsində tam təsdiq olundu (Bax: Baş Prokurorluğun 6 iyun 2016-cı il tarixli məktubu.). Lakin buna baxmayaraq, hüquqlarımın bərpasını tələb etdikdə hər 5 ildən bir mənə qondarma şablon xarakterli, qondarma nöqsanlar göndərilir.

- Həmin nöqsanların qondarma və şablon xarakterli olduğunu necə izah edə bilərsiniz?

- Əvvəla, 1995-ci ilin yanvar-fevral aylarında Əli Bayramlı şəhər polis rəisi olaraq mənim qabaqcıl iş təcrübəm nazirin əmri ilə DİO-da yayılmışdır. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, mənə göndərilən nöqsanlar əgər həqiqətə uyğundursa, niyə məni dəvət edib izahatım alınaraq onun ətrafında heç vaxt xidməti araşdırma aparılmayıb. Deməli, həmin nöqsanların qondarma və şablon xarakterli olması öz təsdiqini tapır.

Məlumdur ki, Azərbaycanda böyük barış olub. Dövlət başçısı cənab İlham Əliyev xalqa müraciətlərində ölkədə milli, siyasi barışın təmin olunduğunu və özünün də milli birliyin tərəfdarı olduğunu dəfələrlə elan edib. Keçmişdə olanların üzərindən bir xətt çəkdiyini bildirmişdi. Mən də müstəqil ölkəmizin vətəndaşı kimi ölkə Prezidentinin bu xoşməramlı, humanist mövqeyini eşitdiyim ilk gündən rəğbətlə qarşıladım və dəstəklədiyimi dəfələrlə rəsmi qaydada bidirmişəm. Bununla yanaşı, ölkə Prezidentinin Azərbaycanın qorunub müdafiə olunması məqsədilə həyata keçirdiyi uğurlu əməli işlərini və bütün çağırışlarını sağlam və səmimi amallarla dəstəkləyirəm. Onu da qeyd etməyi lazım bilirəm ki, 1988-ci ildən başlayaraq gənc yaşlarından erməni işğalının qarşısını almaq məqsədilə ölkəmizdə milli birliyin vacib olduğunu ən düzgün yol hesab etmişəm. Bununla bağlı həm ölkə vətəndaşlarını görüşlərimiz zamanı tanıdığım, bildiyim hər kəsi və həm də mətbuat vasitəsilə milli birliyə, həmrəyliyə çağırmışam. 1993-cü ilin yayında ölkə içtimayətini milli həmrəyliyə səslədim (Bax: “Ədalət” qəzeti, 17.08.1993-cü il). Baxın, Saatlıda ailəm və azyaşlı övladlarımla yaşadığım ev ağır silahdan - qranatatandan atəşə tutulmasına baxmayaraq, mən “Müstəqil qəzet’ə 20 noyabr 1993-cü il tarixdə verdiyim müsahibədə yenidən xalqımızı milli birliyə səslədim. “Bu gün xırda inciklikləri böyütməyin vaxtı deyil. Biz gücümüzü el gücünə çevirməyi bacarmalıyıq. Nəzərə almalıyıq ki, ermənlər kimi hiyləgər düşmənə rast gəlmişik. Ayrı-seçkilik yaratmaq, müxtəlif qruplara bölünmək qələbəmizə ciddi əngəl yarada bilər” - deyə ölkə ictimaiyyətinə müraciət etdim. (Bax: "Müstəqil qəzet’i, 20 noyabr 1993-cü il.)

(Bax: aprel 1994-cü il, “Ədalət” qəzeti.) “Qətlə yetirilmiş rəisi kreslosunda oturmaq o qədər də asan deyil” başlıqlı müsahibəmdə dediklərim və hamını milli birliyə çağırmağm, “Həmişə milli birliyin tərəfində olmuşam” başlıqlı məqalədə dediklərim (Bax: “Ədalət” qəzeti, 17 mart 2012-ci il), “Amalım həmişə vətəni, dövləti və sabitliyi qorumaq olmuşdur” başlıqlı məqalədə dediklərim (Bax: “Gündəm” qəzeti, 13-14 mart 2013-cü il), “Vətəni seçmirlər, sevirlər” başlıqlı müsahibədə dediklərim (Bax: “525-ci qəzet”, 09.04.2013-cü il) və ölkə vətəndaşlarını milli birliyə çağırışlarım dediklərimin bariz nümunəsidir. Mövqeyim qəti və dəyişməz olub. Müdirklər haqlı olaraq deyib: “Zaman ən böyük hakimdir. Həqiqət isə heç bir zaman dəyişmir”. Baxın, mənim ilk günlərdən taleyüklü problemlərimizin həlli, ərazi bütövlüyümüzüm təmin olunması monolit milli birliyimiz olacağı təqdirdə öz həllini tapacağını deyən zaman bəziləri məni qınayır və rişxənd edirdilər. İndi üzümü həmin “uzaqgörən” insanlara tutub deyirəm: Baxın, mənim mövqeyimin doğru olması öz təsdiqini tapdı. İndi gördünüzmü biz birlikdə güclüyük! Bu gündən sonra da daha güclü Azərbaycan quruculuğu naminə ölkəmizdə mili birliyin möhkəmlənməsi üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür. Mən çox şadam və çox sevinirəm ki, mənim 27 il bundan əvvəl dediklərim, dönməz milli birlik mövqeyimin və bu istiqamətdə bütün atdığım addımların doğru olmasını zamanla dönə-dönə təsdiq etdi. Bütün həyatım boyu məsuliyyətimi dərindən dərk etmişəm. Hazırda 62 yaşım var. Məşhur fransız yazıçısı Viktor Hüqo deyib ki, mən 50 il adıma görə yaşamışam ki, 50 yaşımdan sonra adım mənə xidmət etsin. Son 26 il 5 ayda çəkdiyim bütün mənəvi üzüntülərə, sıxıntılara baxmayaraq, qətiyyətlə deyirəm ki, mənim istər xarici, istərsə də daxili heç bir qüvvənin, təşkilatın qarşısında öhdəçiliyim olmayıb və ola da bilməz. Heç bir qüvvə məni dövlətimə, xalqıma qarşı addım atmağa məcbur edə bəlmədi və bilməz də. Cünki mən Azərbaycan dövlətinə, onun milli maraqlarına sədaqətlə xidmət etmişəm və tam sadiqəm! Bu gün də hesab edirəm ki, hər birimiz müxtəlif qüvvələrə yox, dövlətçiliyi, sabitliyi qorumalı, vətənimiz Azərbaycana sədaqətlə xidmət etməliyik!

Mənə qarşı yaranan mövqeyə gəlincə, bütün bunlar 1995-ci ilin “Mart hadisələri”ndən sonra qohumluq münasibətimə görə yaranıb. Tarixdən də hamıya məlumdur ki, cümhuriyyətlər yeni qurulanda müəyyən qarışıq bir dövr və hətta qarşıdurmalar yaranır və həmin anlarda tələsik qərarlar qəbul oluna bilir. Bir daha qeyd etdiyim kimi, “Mart hadisələri” ilə heç bir bağlılığım, əlaqəm olmayıb. “Mart hadisəsi”nin baş verməsinin kökündə duran əsl səbəb, barışın dəqiq tarixi, hansı razılaşma və şərtlərlə həyata keçirilməsi bu günə qədər mənə məlum deyil. Ancaq mənə qarşı olan münasibəti də başa düşə bilmirəm. Ölkədə milli birliyə nail olunubsa, mən niyə bundan kənarda qalmalıyam? Həmişə öz bilik və bacarığımla Azərbaycana sədaqətlə xidmət etmişəm. Bundan sonra da daha güclü Azərbaycan quruculuğunda iştirak etmək, kömək və xidmət etmək istəyirəm. Ulu öndər Heydər Əliyev dəfələrlə bildirmişdi ki, “Dövlət iki halda sarsıla bilər, günahsıza cəza veriləndə, günahkar cəzasız qalanda”. Daha sonra bildirmişdir ki, hər hansı bir vətəndaşa qarşı haqsızlıq olubsa, məsələ ədalətlə həll olunmalıdır.

Son illərdə dəfələriə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya etdiyim rəsmi müraciətlər bu günədək cavabsız qalıb. Hesab edirəm ki, onlara ya yanlış məlumat çatdırılıb, ya da ümumiyyətlə, bu barədə məlumat verilməyib. Ona görə də rəsmi və mətbuat vasitəsilə bir daha Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya müraciət etmək qərarına gəldim.

Əminəm ki, hər zaman milli birliyin tərəfdarı olduğunu nümayiş etdirən Azərbaycan Prezidenti və Mehriban xanım sabitlik, dövlətçilik, milli birlik və barış üçün bu gündən sonra da əlindən gələni etməyə hazır olan bir ziyalı və bir ölkə vətəndaşına biganə qalmayacaqlar. Mənəvi borcum olaraq rəşadətli ordumuzun, vətənimiz uğrunda şəhid olan əsgərlər və zabitlərimizin, qazilərimizin, müzəffər Azərbaycan xalqının qarşısında baş əyirəm! Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə Allah şəfa versin! Bir Azərbaycan vətəndaşı olaraq Vətən müharibəsində respublikamızı dəstəkləyən, haqlı yolunda onun yanında olan dost və qardaş ölkələrə, xüsusilə türk qardaşlarımıza və onun yenilməz, dünya şöhrətli lideri cənab Rəcəb Tayyib Ərdoğana öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Azərbaycanın 28 ildir ulu əjdadlarımızın, ata-babalarımızın uyuduğu müqəddəs torpaqlarımızın işğaldan azad olunmasında göstərdiyi iradəyə, qətiyyətə və sücaətinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya mənəvi borcum olaraq öz minnətdarlığımı bildirirəm. Allah böyük Azərbaycan xalqını və Ali Baş Komandanı qorusun!

***

REDAKSİYADAN: Sabiq polis rəisi Eldar Quliyevin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, surəti Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanmış müraciətini təqdim edirik. Müraciətdə deyilir:

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Hörmətli xoşməramlı Mehriban xanım!

1988-ci ilin fevral ayında ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasətinə başladığı ilk gündən mən də vətənimizin müdafiəsində əlimdən gələn heç nəyi əsirgəmədim və yorulmadan çalışdım.

Belə ki, öncə özünümüdafiə dəstələrinə, daha sonra Milli Ordumuzun təchizatına nə lazım olurdusa, 10 tonluq maşınlarla ölkə xaricindən və daxilindən gətirdib çatdırırdım. Eyni zamanda, özüm də bütün istiqamətlərdə könüllü və əmrlə erməni işğalçılara qarşı döyüşərək vətənimizin qorunmasında iştirak edirdim. Atəşkəsə qədər 7 rayonda vuruşdum. Dəfələrlə real ölüm təhlükəsindən Allahın lütfü sayəsində sağ qaldım. Bütün bu xidmətlərimi isə həmişə özümə vətəndaşlıq, vicdan və ləyaqət borcu hesab edirdim və bu gün də həmin düşüncədəyəm. Erməni işğaiçılarının yenidən 27 sentyabr 2020-ci il tarixdə ölkəmizə hücumuna qarşı Azərbaycan dövləti məcbur olub əks-hücuma keçdi: Sentyabrın 27-dən davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Şuşa şəhəri azad ediləndən bir neçə saat sonra döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına almağa nail oldu. Rəşadətli Ordumuz öz müzəffər Ali Baş Komandanının rəhbərliyi altında müqəddəs vətənimiz uğrunda sonadək döyüşdü və qalib gəldi. Məhz Sizin sarsılmaz iradəniz, cəsarətiniz, əzmkarlığınız və qətiyyətiniz sayəsində Azərbaycan Ordusu düşməni sarsıtdı, müharibənin nəticəsini müəyyən etdi və qələbə nöqtəsini qoydu.

Hər bir azərbaycanlı kimi, mən də Sizə, igid əsgərlərimizə və zabitlərimizə, Azərbaycan xalqının vətənpərvərliyinə, sıx birliyinə və həmrəyliyinə görə sevinc və qürur hissi keçirirəm.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Hörmətli xoşməramlı Mehriban xanım!

Dövlətimizin qurulmasında, qorunmasında və torpaqlarımızın işğaldan azad olunmasında, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin vətənimizin qorunub müdafiə olunması üçün hər bir məmura və ölkə vətəndaşlarına etdiyi bütün çağırışlarına biganə qalmadım, dönmədən dəstəklədim və əlimdən gələni əsirgəmədim. 1993-cü ilin avqust ayında Saatlı rayon Polis Şöbəsinin rəisi və hərbi komendantı olaraq mən də dövlət başçısına etdiyim müraciətə əsasən sabiq DİN nazirinin əmri ilə mən 20 polis əməkdaşı ilə Qubadlının müdafiə olunmasına göndərildim. Saatlının mənə hörmət qoyan 30 könüllüsü də cəbhədə döyüşmək üçün bizə qoşuldu. Qubadlıda şiddətli döyüşlər gedirdi. Hətta bir neçə dəfə xidməti maşınım Qrad və minamyot atəşlərinə məruz qaldı. 50 nəfər əsgərlə yaşadığımız ev gecə yarısı saatlarla atəşə məruz qaldı. Erməni faşistləri zabit və əsgərlərimizi aparan avtobusu vurub yandırdılar. Bütün hərbi hissələr çıxsa da, mən və digər döyüşçülər ölümlə üz-üzə qaldıq, amma Qubadlını tərk etmədik. Son ərzaq və patronumuz bitənədək əlavə 6 gün qalıb Qubadlını müdafiə edərək qoruyub saxladıq.

Mənim xidmətlərim və fəaliyyətim Vikipediya-da Eldar Ouliyev (polis), “Gündəm xəbər” qəzetinin 13-14 mart 2013-cü il tarixli saylarında ətraflı yazılıb. Artıq o illərdən 28 il keçır. Ancaq mən yenə də eyni mövqedə qalıram. Bu da bir həqiqətdir ki, heç bir günahım olmadan həyatım ağır məhrumiyyət və qadağalar şəraitində keçdi. Lakin buna baxmayaraq, yenidən bütün regionlarda məni tanıyan hər kəsi ordumuzun yanında, Ali Baş Komandanın əmrində olmağa çağırdım.

Möhtərəm Ali Baş Komaridan!

Hörmətli Mehriban xanım!

15.06.2020-ci il, 28.09.2020-ci il, 03.10.2020-ci il, 06.10.2020-ci il və 08.10.2020-ci il tarixlərdə President.az və Mehriban-Əliyeva.az elektron poçtunuza və poçt vasitəsi ilə xəbərnaməli və PA-nın elektron poçtuna və Sizlərə çatdırılması məqsədilə köməkçilərinizin vasitəsilə dəfələrlə müraciətlər edib xahiş etmişdim ki, məni qəbul edib hüquqlarımın siyasi iradənizlə bərpa olunmasına göstəriş versəniz, mən də Sizin əmrinizdə bir əsgər kimi vətənimizin azadlığı uğrunda iştirak etməyə hazır olduğumu bidirmişdim! Hətta onu da qeyd etdim ki, mənə çatmalı olan halal əmək haqqımın 500 min manatı və hüquq-mühafizə orqanları rəhbərlərinin məxfi əməkdaşlar vasitəsilə təşkil etdikləri və məndən mənimsədikləri əmlakımın 50 min manatı da Milli Ordumuzun hesabına köçürməkdən qürur duyaram (Xahiş edirəm, bu faktın doğruluğunu sabiq Bakı şəhər prokuroru Əziz Seyidovdan sorğu edilməsinə göstəriş verəsiniz).

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Onu da qeyd etməyi lazım bilirəm ki, Azərbaycanda uzun illər öncə böyük barış olub. Mən də bunu eşitdiyim ilk gündən böyük rəğbətlə barışı qarşıladım və məcburi müharibəyə cəlb olunmuş ölkəmizdə ümummilli və taleyüklü problemlərin həlli və milli birlik naminə ən ağır şərtlər altında dönmədən dəstəkləyirəm. Siz dəfələrlə öz çıxışınızda qeyd etmisiniz ki, Azərbaycan vətəndaşı dövlətin təməlində, bizim siyasətimizin mərkəzində dayanır. Bütün məmurlar xalqın xidmətçisidir və s. Siz 2019-cu ildə sosial şəbəkədə dəfələrlə qeyd etdiniz ki, artıq Azərbaycanda yeni era başlandı. Bir-birinin ardınca qeyd etdiniz ki, ölkə vətəndaşlarını narahat edən problemlər öz həllini tapacaq. Daha sonra qeyd etdiniz ki, mən ölkə vətəndaşlarının problemlərini onların öz dillərindən eşitmək istəyirəm. Mənə ünvanlanan müraciətlər bizə çatdırılmayıb, gizlədilmişdir. Əgər kimin müraciəti və şikayəti varsa, müraciət etsinlər.

Mən də böyük inamla Sizin xoşməramlı sözlərinizdən ruhlanıb, ədalətinizə güvənib yenidən Sizin ünvanınıza müraciətlər göndərdim. Lakin vətən bu günədək nə məni qəbul edib dinlədilər, nə də əsassız pozulmuş hüquqlarımı ədalət və qanun çərçivəsində baxılaraq bərpa etdilər. Ona görə məcbur olub yenidən Sizə müraciət edirəm. Məlumdur ki, mənim məsələm yalnız və yalnız dövlət başçısı olaraq Sizin siyasi iradənizlə öz həllini tapa bilər. Odur ki, məni yumruq kimi birləşən bir ölkənin vətəndaşı olaraq qəbul edib 10-15 dəqiqə dinləməyinizi bir daha Sizdən xahiş edirəm.

Əvvəlcədən Sizə öz təşəkkürümü bildirirəm. Gələcək işlərinizdəvə daha güclü, daha qüdrətli Azərbaycan dövlətinin quruculuğunda Sizlərə davamlı uğurlar arzu edirəm!”

Elbar ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN