Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) vəzifə maaşlarına aylıq əlavələr" barədə 2022-ci il 20 avqust tarixli 321 nömrəli təsdiq edilmiş Qərarı məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıların ciddi narazılığına səbəb olub.

Bu barədə sözügedən Qərarın icrasına başlanandan sonar redaksiyamıza daxil olan çoxsaylı zənglər və şikayət məktublarında bildirilir.

Daxil olan şikayətləri təhlil edərkən gördük ki, narazılıq Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) vəzifə maaşlarına aylıq əlavələr" barədə 2022-ci il 20 avqust tarixli 321 nömrəli təsdiq edilmiş Qərarından deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"ndakı təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin adında və əmək funksiyalarındakı uyğunsuzluqla bağlıdır. Ona görə də bu istiqamətdə jurnalist araşdırması aparmaq qərarına gəldik.

Öncə qeyd edək ki, 2022-ci il sentyabrın 1-dən qüvvəyə minən bu qərar təbii olaraq dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinləri üçün sevindirici oldu. Çünki bu artım həmin vəzifədə çalışanların müəyyən qədər rifahının, ailə büdcəsinin yaxşılaşmasına təsir edəcək. Qərarla bağlı məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıların narazılığına səbəb isə sözügedən əlavələrin onlara şamil edilməməsidir. Bəs məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıların bu narazılığı nə qədər əsaslıdır? Bunu əsaslandırmağa çalışacağıq. Əslində, narazıların haqlı olduqlarını əsaslandırmaq üçün kifayət qədər arqumentlər mövcuddur. Heç şübhəsiz, fikir ayrılıqlarının olacağını da təbii qəbul edirik.

Məsələ ondadır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"ndakı təhsil sahəsinə aid olan qulluqçu vəzifələri (Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, Tərbiyə işləri üzrə direktor müavini, Təsərrüfat işləri üzrə direktor müavini və Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı) ilə bağlı narazılıqlar, ekspert şərhləri xeyli müddətdir müzakirə obyektinə çevrilsə də, çox təəssüf ki, aidiyyəti qurumların ya diqqətinə çatmır, ya da özləri görməzdən gəlirlər. Ona görə də mövzu ilə ilə bağlı çoxsaylı suallar meydana çıxır. Məsələn, nəyə görə təssərrüfat işlərinə baxan qulluqçu direktor müavini sayılır, lakin məktəbdənkənar və sinifdənxaric işlərə baxan təşkilatçı olmalıdır? Bəlkə məktəbdənkənar və sinifdənxaric işlərə baxanın məsuliyyəti təssərrüfat işlərinə baxandan azdır, yaxud təsərrüfat işləri ilə müqayisədə o qədər də önəm daşımır? Bu, maddiyyatı mənəviyyatdan üstün tutmaq deyilsə, bəs onda bunun başqa adı nədir? Ya da belə deyək, əgər tərbiyə işləri üzrə direktor müavini ştat vahidi varsa, o zaman tədris işləri üzrə direktor müavininin əmək funksiyasına mötərizədə "təlim-tərbiyə" əlavəsini etməyə nə ehtiyac var? Bəlkə, bununla tədris (təlim-tərbiyə) işlərinə  baxan şəxsin daha səlahiyyətli olduğuna işarə edilir? Yaxud, əgər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı da tərbiyə işləri üzrə direktor müavini ilə eyni işi görürsə, əlavə ştat vahidinə nə ehtiyac var? Axı bu iki vəzifəni bir-birindən fərqləndirən funksiya nədir?  Vallah, gülməli olduğu qədər də, düşündürücüdür ki, görəsən, bu çaşqınlığı kim yaradıb? Axı bu, nə vaxta qədər belə davam edəcək?

Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nın  Giriş hissəsində verimiş "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin adı və əməyinin ödəniş dərəcələri diapazonu" cədvəlində ümumi təhsil müəssələrinin rəhbər vəzifələrində həm tərbiyə işləri üzrə direktor müavini, həm də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri yer alıb.

"Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nın  7-ci bölməsinə nəzər yetirsək görərik ki, hər iki vəzifənin əmək funksiyaları eynidir.

DİQQƏTLƏ OXUYUN! Tərbiyə işləri üzrə direktor müavininin Əmək funksiyası: Məktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir. Müəllimlərin, psixoloqların, tərbiyəçilərin, uşaq birliyi təşkilatının, sinif, dərnək rəhbərlərinin, valideynlərin, ictimai təşkilatların, şagird özünüidarə orqanlarının və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir. Gənclərin milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, çağırışaqədərki hazırlığına, fiziki inkişafına və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə rəhbərlik edir. Müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir. Təhsil alan uşaqlar arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilaktik işin təşkilini və ona rəhbərliyi təmin edir.

Bir daha təkrar edirik ki, yuxarıda sadalananlar tərbiyə işləri üzrə direktor müavininin əmək funksiyasına aiddir.

İndi isə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçının əmək funksiyasını nəzərdən keçirək: Məktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir. Müəllimlərin, psixoloqların, tərbiyəçilərin, uşaq birliyi təşkilatının, sinif, dərnək rəhbərlərinin, valideynlərin, ictimai təşkilatların, şagird özünüidarə orqanlarının və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir. Gənclərin milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, çağırışaqədərki hazırlığına, fiziki inkişafına və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə rəhbərlik edir. Müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir. Təhsil alan uşaqlar arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilaktik işin təşkilini və ona rəhbərliyi təmin edir.

Bəli, bu da məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçının əmək funksiyasına daxil olan işlərdir.

Gördüyünüz kimi, hər iki vəzifənin əmək funksiyaları, tələbləri eynidir, sadəcə, adlarda fərq var. Ancaq istər 59 №-li Qərarda, istərsə də "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nda  təsərrüfat işləri üzrə direktor müavini və ya tədris işləri üzrə direktor müavinindən fərqli olaraq ümumi təhsil məktəblərində hansı halda tərbiyə işləri üzrə direktor müavini, hansı halda məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı olması göstərilməyib.

Lakin bu gün reallıq ondan ibarətdir ki, məktəblərimizin bir hissəsində bu vəzifədə işləyənlər ya tərbiyə işləri üzrə direktor müavini, bir hissəsində isə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı adlanır və onlar işə qəbul olunan zaman əmək müqaviləsində vəzifələri belə göstərilir. Halbuki necə adlandırılmasından asılı olmayaraq onlar "təsərrüfat işləri üzrə direktor müavini"ndən fərqli olaraq məktəbdə müavin kimi tanınırlar, tərbiyə işinə rəhbərlik edirlər və ən ümdəsi üzərlərinə böyük məsuliyyət düşür.

Onu da qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə təhsil ekspertləri Nadir İsrafilov və Elşən Qafarovun bu mövzu ilə bağlı maraqlı yazıları və əsaslı fikirləri dərc edilib. Ekspertlərimizin də fikirlərini əsas tutaraq konkret suala konkret cavab gözləyirik ki, "Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 18 avqust 2022-ci il tarixli №1815 Sərəncamı və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) vəzifə maaşlarına aylıq əlavələr" niyə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıya şamil edilmir?

P.S. Xatırlayırsınızsa, avqust ayının sonlarında  elm və təhsil naziri Emin Əmrullayev İctimai Televiziyanın "Diqqət mərkəzi" verilişində bəyan etdi ki, məktəblərin strukturuna yenidən baxılmalı və addımlar atılmalıdır. Cənab nazirin bu açıqlamasından sonra ümid etmək olar ki, tezliklə məktəblərin strukturuna yenidən baxılacaq və digər məsələlərlə yanaşı, ümumi təhsil müəssələrinin rəhbər vəzifələrinin əmək funksiyaları da yenidən gözdən keçiriləcək.

Elbar ŞİRİNOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst.6.3.16)