booked.netbooked.net booked.net  

"Heç bir bənna o məscidi məndən yaxşı tikə bilməz" 

 Məlum olduğu kimi, Müqəddəs Ramazan ayının sonuncu günü, may ayının 12-də Şuşada yeni bir məscidin təməli qoyuldu.

Prezident cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə təməli qoyulan məscid dini ocaq və modern memarlıq nümunəsi kimi inşa ediləcək. Məscidin iki minarəsi, mozaika ilə bəzədilmiş günbəzi olacaq və onun layihələndirilməsini azərbaycanlı və italyan memarları birgə həyata keçiriblər. Bu mədəniyyət abidəsinin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək…

Bu günlərdə Şəmkir rayonunun Çinarlı qəsəbə sakini İsmayıl Tanrıverdiyevin "Təzadlar"ın redaksiyasına gəlmə səbəbi məhz Şuşada təməli qoyulan yeni məscidin tikintisində yaxından iştirak etmək istəyidir.

"Əgər mən özümə güvənməsəm, cəsarət tapıb bu məsuliyyəti öz üzərimə götürmərəm" - deyən İ.Tanrıverdiyev sözügedən məscidin tikintisi ilə bağlı qərarı bu yaxınlarda versə də, Şuşa şəhərinin tikintisində iştirak etmək arzusu onda çoxdan baş qaldırıb. Ancaq Şuşa erməni işğalçılarından azad olunandan sonra artıq orada tikiləcək məscidin bənnalığı barədə düşünməyə başlayıb. Xahişi də budur ki, onun bu istəyi Prezident cənab İlham Əliyevin və Prezidentin köməkçisi Hikmət Hacıyevin diqqətinə çatdırılsın. O, əminliklə vurğulayıb ki, heç bir bənna o məscidi ondan yaxşı tikə bilməz.

İ.Tanrıverdiyev xüsusi olaraq onu da qeyd edib ki, əgər məscid dövlət büdcəsi hesabına deyil, xeyriyyəçi və ya imkanlı şəxslərin vəsaiti ilə tikiləcəksə, o da bənnalıq işini təmənnasız görməyə hazırdır.

***

İsmayıl Adil oğlu Tanrıverdiyev 1964-cü ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olub. 1992-ci ildə Rusiyanın Çelyabinsk şəhərində hərbi xidmətə başlayıb, sonra onun xidmət yeri Almaniyaya dəyişdirilib. 1984-1986-cı illərdə Bakı Politexnik Texnikumunun "Avtomobil nəqliyyatın istismarı" ixtisası üzrə təhsil alıb. Amma ixtisası üzrə işləməyib, bənnalıq edib, evlər tikməyə başlayıb. Hal-hazırda da bənna işləyir.

İsmayıl Tanrıverdiyev deyir, onun tikdiyi evlər təkcə yaşayış məkanı deyil, eyni zamanda hər kəsin zövq ala biləcəyi bir istirahət guşəsidir. Uzun illərdir bənna kimi çalışan İsmayıl evlərin divarlarına öz bacarığı və alnının təri ilə gözəllik yaratmağa nail olur. Evlərdə hər birimizin diqqət edəcəyimiz ən əsas nöqtə səliqə və zövqlə tikilən divarlardır ki, bənna İsmayıl da bacarıqlı əlləri ilə bu işi layiqincə icra edir. Eyni zamanda, o, evlərin tikilişində həm modern, həm qədim ənənələrdən və həm də yeniliklərdən istifadə edərək yekunda yaxşı bir mənzilin tikilməsinə nail olur. Bunu İsmayılın bizə təqdim etdiyi əl işlərinin fotoşəkillərində gördük. Bənna İsmayıl Tanrıverdiyevin əl işini bəyənənlər redaksiyamıza müraciət edərək bizim vasitəmizlə onunla əlaqə saxlaya bilərlər.

ELBAR

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN