Yaxud, hüququ pozulan istehlakçı nə etməlidir?

İnsan hüquqları sahəsində əsas hüquqlardan biri istehlakçıların hüquqlarıdır. İstehlakçıların hüquqlarının qorunması dünyada ən aktual məsələlərdən biri hesab edilir. Buna görə də hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir.

Heç kəsə sirr deyil ki, son zamanlar mənşəyi bilinməyən, keyfiyyətsiz, standartlara cavab verməyən, uyğunluq sertifikatı olmayan və müxtəlif qatqılı ərzaq və qeyri-ərzaq malları hamını narahat edir. Odur ki, dünyanın sivil dövlətləri, o cümlədən Azərbaycan da istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsini təmin etmək yollarını təkmilləşdirir.

Təbii ki, bu gün istehsalda baş verən inkişaf istehlakçıya təqdim olunan məhsul növünü və çeşidini artırıb. Bu da bizə sərbəst seçim imkanı verir. Amma bəzən seçdiyimiz məhsul və ya xidmətin xüsusiyətləri ehtiyacımızı, ya da verdiyimiz pulun dəyərini ödəmir. Yəni belə demək mümkünsə, aldanırıq. Bəs istehlakçı hüquqlarımız pozulduğu zaman bu barədə hansı instansiyalara müraciət etməliyik?

Yeri gəlmişkən xatırladaq ki, 1995-ci il sentyabrın 19-da Azərbaycanda BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər” əsasında işlənmiş və Azərbaycan Respublikasında belə münasibətlərin dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəldilmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun qəbul olundu. Qeyd edək ki, bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər mühit yaradılması məqsədilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir. Bu Qanunla vətəndaşların istehlakçılıq hüququ qorunur, eyni zamanda, ticarət təşkilatlarının və xidmətlə məşğul olan sistemin hüquq və vəzifələri müəyyənləşdirilir.

Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il 25 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradıldı. Yeni qurumun qarşısında inhisarçılığın qarşısının alınması, haqsız rəqabətlə mübarizənin gücləndirilməsi və istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələr qoyuldu. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 oktyabr tarixli Fərmanı ilə yaradılıb. Dövlət Xidmətinin əsas missiyası ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən azad rəqabətin və sahibkarlığın effektiv müdafiəsinin təmin olumasına şərait yaradılmasıdır. Dövlət Xidməti Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, habelə digər sahəvi qanunlarına əsasən istehlakçıların sərbəst seçim, keyfiyyətli və təhlükəsiz mal, iş və xidmətlər əldə etmək, məlumat almaq və digər hüquqlarının və qanuni maraqlarının qorunması, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması, bazara keyfiyyətsiz, təhlükəli malların çıxarılmasının qarşısının alınması sahəsində aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görür, eləcə də ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasına, istehlak bazarında malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir. Bununla əlaqədar, yararlılıq müddəti ötmüş, satışı qadağan olunmuş, saxta, mənşəyi məlum olmayan, istifadəyə yararsız, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən, insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli malların (işlərin, xidmətlərin), əmtəə partiyalarının satışının dayandırılması, satışdan (dövriyyədən) çıxarılması ilə bağlı tədbirlər görür.

Alınan hər hansı bir əşya sağlamlığa və yaxud əmlaka ziyan vurarsa, onda onun əvəzini bərpa etməyi tələb etmək hüququmuz var. Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının 14 gün ərzində həmin malı aldığı yerdə başqa mala dəyişdirmək hüququ var. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Ancaq bütün bunlara baxmayaqraq, hələ də bu sahədə müəyyən problemlər var. İstehlakçı hüquqlarının pozulması halları ilə əlaqədar redaksiyamıza şikayətlərin daxil olması faktı bunu bir daha sübut edir.

Elə həmin şikayət məktublarından biri bu günlərdə "Təzadlar"a elektron poçtla göndərilib. Belə ki, Bakı şəhər sakini Səlim Balayev istehlakçı hüququnun pozulması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsə də, problem həll olunmayıb.

S.Balayev yazır ki, Bakı şəhəri, Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşən "Panda Kids" mağazasından yaxın qohumu tərəfindən 26.12.2023 tarixdə azyaşlı qız nəvəsi üçün hədiyyə olaraq alınan üst uşaq geyiminin geri qaytarılmaması barədə 28.12.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib. Ancaq sonra bu müraciəti etməsinə peşman olub. Peşmanlığın səbəbi isə o olub ki, müraciətlə bağlı qurumun bir qrup əməkdaşı araşdırma ilə əlaqədar S.Balayevə qoyulan tələblərə müvafiq olaraq həmin üst uşaq geyimilə bağlı göndərdiyi elektron bildirişlərdən — məlumat sənəd-materiallardan başqa, əlavə olaraq “Alıcı”nın adından onun “Nümayədə”si olaraq ondan ETİBARNAMƏ tələb edilib. S.Balayev isə bu tələbi etik baxımdan qəbul etmədiyindən və yaxın qohumu olan “Alıcı”nın narahat olmamasından ötrü yerinə yetirə bilmədiyindən "Panda Kids" mağazasından alınan üst uşaq geyiminin geri qaytarılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə etdiyi şikayət-müraciətini çox böyük narazılıq və təəssüf hissi ilə dayandırıb.

S.Balayev daha sonra yazır ki, məsələ ilə bağlı Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib. E.Hüseynov sözügedən "Panda Kids" mağazasının müdiri ilə telefon əlaqəsi saxlayıb və uşaq geyiminin geri qaytarılmasına nail olub.

"Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sağ olsun ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlakçıların pozulan hüquqlarının müdafiəsi ilə bağlı görməli olduğu işi o, bir telefon zəngi ilə həll etdi", - S.Balayev məktubunu yekunlaşdırıb.

Sonda bir daha xatırlatmaq istəyirik ki, istehlakçı şəxsi tələbatını ödəmək məqsədilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Yəni cəmiyyətdəki bütün şəxslər istehlakçıdır. Bu baxımdan, istehlakçı hüquqlarının qorunması insanların hüquqlarının qorunması deməkdir. O da həqiqətdir ki, Azərbaycanda tez-tez istehlakçıların hüquqlarının pozulması hallarına rast gəlinir. Bəs bu halda hüququ pozulan istehlakçı nə etməlidir?! Sual açıq qalır...

​​ E.ŞİRİNOV