booked.netbooked.net booked.net  

Hər kəsin həyatında az-çox əlamətdar və acı hadisələr olur. Mənimsə həyatımda baş verən bir hadisə olduqca utancverici və unudulmazdır. 1985-ci ildə müəllim işlədiyim kollektivdə "oğru" kimi tanınmağımı hec vaxt unutmuram…

Sovet Azərbaycanının 60 illiyi adına Stepanakert Pedaqoji İnstitutunu (indiki Xankəndi) bitirdikdən sonra təyinatımı Laçın rayonuna aldım və Daşlı kənd orta məktəbində müəllimlik fəaliyyətinə başladım. Daşlı kənd orta məktəbinin direktoru Zəlimxan müəllim ailə dostumuz olduğü üçün birinci ili onların evində ailənin bir üzvü kimi yaşadım. Böyük külfət sahibi olan Zəlimxan müəllimlə Səmərqə müəllimə mənə valideyn qayğısı ilə yanaşırdılar (Allah hər ikisinə rəhmət eləsin!). Ailədə böyüyən uşaqlarla qardaş-bacı kimi qaynayıb-qarışdım... Beləcə, ilk tədris ilini başa vurdum.

Daşlı kəndi rayon mərkəzindən 55 km. şimal qərbdə, Çalbayır silsiləsinin ətəyində, Həkəri çayının qolu olan Şəlvə çayının sahilində yerləşir. Rayonun Hətəmlər, Vəlibəyli, Şəlvə, Narışlar və Kaha kəndləri ilə həmsərhəddir...

Növbəti dərs ilində məktəbimizə təyinatla Qərbi Azərbaycandan Musa adlı (soyadını unutmuşam) kimya müəllimi gəldi. Qərara gəldik ki, kənddəki boş evlərin birində Musa müəllimlə birlikdə qalaq.

Çayın sahilində geniş həyətli bir boş ev vardı. Bir günün içərisində evdə səliqə-sahman işi aparıb Musa müəllimlə oraya yığışdıq. Onu da deyim ki, Musa müəllimlə birlikdə qalmaq üçün Zəlimxan müəllimdən və ailəsindən bir həftə çəkən söhbətdən sonra çətinliklə razılıq ala bilmişdim.

Təbii ki, yaşamaq üçün ucqar dağ kəndinin bəzi problemləri vardı. İşıqların tez-tez sönməsi, təbii qazın olmaması, yanacaq üçün yalnız odundan istifadə edilməsi və s. ehtiyaclar müəyyən çətinliklər yaradırdı. Televizorumuz olmadığı üçün dərsdən sonra boş vaxtlarımızda mənim "Vesna" maqnitofonum köməyimizə çatırdı. Azərbaycan müğənnilərinin mahnılarından ibarət çoxlu kasetim vardı. Demək olar ki, musiqidən korluq çəkmirdik. Hətta tətil günlərində Ermənistandakı evlərinə gedən Musa müəllim sovet estradasının ulduzu Alla Puqaçovanın, məşhur rus müğənnisi Vladimir Vısotskinin kasetlərini də gətirmişdi.

Doğma el-obamızdan, ailələrimizdən aralı düşdüyümüz üçün Daşlı və qonşu kəndlərin camaatı bizə çox mehriban yanaşırdılar. Hətta tez-tez bizi evlərinə qonaq dəvət edirdilər. Bir sözlə, qəribçilik çəkməyə imkan vermirdilər. Beləcə, günlər bir-birini əvəz edirdi…

Daşlıdan olan Xosrov İsmayılov Hətəmlər kənd məktəbinin direktoru idi. Hər səhər onu at belində Hətəmlər kəndinə gedən görərdik. Məkəbimiz yolun kənarında olduğu üçün Xosrov müəllim bizi həyətdə görəndə atı saxlayıb hal-əhval tutardı. Çox mehriban və səmimi insan idi. Bir gün onunla söhbət zamanı öyrəndik ki, rəhbərlik etdiyi Hətəmlər məktəbində təyinatla gəlmiş əslən Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndindən olan Kamandar Eyvazlı (Sonralar "Azəriqaz" QSC-nin mətbuat xidmətinin rəhbəri işlədi - şair-jurnalist kimi tanınan Kamandar Eyvazlı) və Ermənistandan Kərim adlı (soyadını unutmuşam) müəllimlər işləyir. Bir müddətdən sonra onlarla da tanış olduq. Tez bir zamanda aramızda münasibət yarandı. Dəfələrlə Kamandar Eyvazlı ilə Kərim müəllimi yaşadığımız evə dəvət etdik. Süfrə açdıq, çörək kəsdik, saatlarla söhbət edib, musiqi dinlədik…

Bir gün Musa müəllim mənə dedi ki, diplomat çantasını aça bilmir. Həm də bildirdi ki, diplomatın açarı yoxdur, neçə ildir itirib. Dedim ki, ver mən də bir baxım görüm nə olub, niyə açılmır? Diplomatın "zamok"una diqqətlə baxdım. Çox götür-qoydan sonra mətbəx bıçağı ilə zədə yetirmədən diplomatı açdım…

…Vacib işim olanda həftənin 5-ci günləri direktordan icazə alıb ya Xankəndinə, ya da Ağdama gəlib, bazar günü yenidən Laçına qayıdardım. Belə gediş-gəlişlərimin birinin səhəri günü dərsə gedəndə məktəbin tədris işləri üzrə direktor müavini Lətif Həsənov müəmmalı tərzdə müəllim kollektivinin içərisində məndən soruşdu ki, rayona kasetləri gətirməyə getmişdin?

Düzü, Lətif müəllimin bu sözlərindən bir şey başa düşmədim. Dərhal soruşdum ki, nə kaset? Dedi ki, Musa müəllimin kasetlərini… Yenə də onun nə dediyini anlamadım. Qayıtdı ki, guya Musa müəllimin oğurlanmış kasetlərindən xəbərin yoxdur?! Gözləmədiyim bu xəbərdən yerimdə donub qaldım. Yalnız onu deyə bildim ki, mənim heç nədən xəbərim yoxdur…

Bu zaman Musa müəllim sərt bir baxışla səsini ucaldaraq içindəki neçə gündür saxladığı zəhərini ortaya tökdü:

- Əgər diplomatın içindəki kasetləri və qolbağımı sən götürməmisənsə, o gün onun necə açdın?!

Hamının maraq dolu baxışları üzərimə tuşlanmışdı. Doğrusu, aldığım bu qəfil zərbədən sarsılmışdım. Cavab verməyə söz tapa bilmirdim. Sonradan anladım ki, rayondan qayıdanda Musa müəllim niyə mənimlə soyuq görüşüb, sonra da heç söhbət etməmişdi…

Sən demə, bağlı diplomatı açmağımdan sonra yoxa çıxan kasetlərin və həbsxanada məhkumlar tərəfindən hazırlanmış rəngli şüşədən olan qolbağının mən tərəfindən oğurlandığı qənaətinə gələn Musa müəllim bütün olanları və məndən şübhələndiyini mən rayonda olarkən müəllim kollektivinə danışıb. Ona görə də hamı mənim bu vəziyyətdən necə çıxacağımı maraqla izləyirdilər. Mənimsə əlimdə bir sübut və ya şahidim olmadlığı üçün kimsəni inandıra bilmədim ki, bu olanlardan mənim xəbərim yoxdur. Bu məsələ ilə bağlı mübahisələr həftələrlə davam etdi. Məsələ artıq kənd camaatının qulağına da çatmışdı. Hamının gözündə əməlli-başlı bir oğruya çevrilmişdim. Özümü təmizə çıxarmaq üçün isə heç bir iş görə bilmirdim. Günlərlə bir il ailəsində övladları kimi yaşadığım Səmərqə müəllimənin qarşısında uşaq kim ağlayıb göz yaşı tökdüm, mənim bu oğurluq məsələsindən xəbərim olmadığını söylədim. Təbii ki, o və ailə üzvləri mənə inanırdı. Amma çox təəssüf ki, ortada oğurluq faktı və bir günahkar vardı. Əcəba kim?!

…Bir otaqda qaldığım, bir süfrədə çörək kəsdiyim Musa müəllimi inandıra bilmirdim ki, onun kasetlərini və qolbağısını mən götürməmişəm. Hətta oracan deyirdim ki, Musa müəllim, hər şeyi bir kənara qoyaq, axı o rus mahnılarını dinləməyi xoşlamadığımı bilirdin, o kasetləri neynirəm ki, hələ bir oğurlayım da?! Sonra da dedim, dəfələrlə Kamandarla Kərim bizdə olublar, yeyib-içmisiniz, hətta üçünüz keflənmisiniz də, bəlkə onlar götürüb. Musa müəllim qayıtdı ki, yox, sən nə danışırsan, ola bilməz, onlar götürməz…

***

Bu məsələnin sədası Hətəmlər kəndinə də gedib çatmışdı. Kamandar Eyvazlı və Kərimlə də bu məsələni müzakirə etmişdik. Ancaq suçlu ortada yox idi. Hadisənin hədəfində yalnız mən vardım. Mənsə çıxış yolu tapa bilmirdim. Bu arada hətta Kamandar Eyvazlı məni vəziyyətdən çıxarmaq üçün məsləhət bildi ki, mən kasetləri və qolbağını gətirib ona verim, o da bir yolla məsələni yoluna qoyacaq. Beləliklə də, mən bu oğurluq ittihamından qurtulmuş olacam. Fədakarlığa bax eee!!! Əhsən!!!

…Daşlı kəndində bir ağır seyid ocağı vardı. Qərara gəldik ki, mən, Kamandar Eyvazlı və Kərim həmin ocağa gedib orada and içək ki, bu oğurluqdan xəbərimiz yoxdur. Bir gün səhər tezdən Kamandar Eyvazlı ilə Kərim məktəbə gəldi. Musa müəllimlə mənim səhər novbəsində dərsimiz olduğu üçün o, mənə dedi ki, evin açarını Kamandargilə verim, onlar bizim evə getsinlər, məktəbdə gözləməsinlər. Dedim, eybi yoxdu, qoy, gözələsinlər, dərsi qurtarıb birlikdə gedərik. Mənim bu etirazıma Musa müəllimin acığı tutduğunu hiss etdim. Amma yenə də evin açarını vermədim. Dərsimizi deyib dördümüz də evə getdik. Onu da deyim ki, bizim and içəcəyimizdən məktəb kollektivinin də xəbəri vardı. Hamı maraqla işin sonunu gözləyirdi. Evə çatıb içəri keçdik. Onlar evin ortasındakı masanın ətrafında əyləşdilər. Mən isə öz dəmir çarpayımın üstündə oturdum. Birdən Kamandar Eyvazlı mənə dedi ki, gəl, ikimiz bayıra çıxaq, deyəsən, Kərimlə Musanın şəxsi söhbəti var. Yenə də etirazımı bildirdim ki, heç yerə getmirəm, burada nə şəxsi söhbət ola bilər, məsələ oğurluq hadisəsidirsə, hər şey ortada olmalıdır. Uzun söhbətdən sonra yenə də hər kəs suçsuz olduğunu söylədi. Belə olan halda, hazırlaşıb seyid ocağına and içməyə yollandıq. Kədin ortasından keçən Şəlvə çayının üstündəki körpüyə çatanda Müsa müəllim dedi ki, gəlin, geri qayıdaq, mən sizə inandım…

…Səhəri gün Musa müəllim məktəb kollektivinə bildirdi ki, bir anlaşılmazlıq olub, məsələ həll olundu. Buna baxmayaraq, yenə mənim narahatlığım davam edirdi. Çünki oğurlanan əşyalar ortada yox idi, oğru da tapılmadı. Çoxlarının nəzərində suç yenə də mənim üzərimdə qalırdı. Bu minvalla məktəblilərin yay tətili gəlib çatdı. Biz də məktəbdəki işlərimizi yekunlaşdırıb rayona yollandıq…

***

…Növbəti yeni dərs ili başlayanda Daşlıya qayıdıb başqa bir evdə tək qalamaq qərarına gəldim. Məktəbin qonşuluğunda yaşayan Arif dayının ikimərtəbəli evinin birinci mərtbəsindəki otaqlardan birində qalmalı oldum. Kəndin insanlarını bir-birindən fərqləndirmək istəmirəm, hamısı səmimi, gözəl insanlar idi, Arif dayı da həmçinin…

Sonralar eşitdim ki, Arif dayının vaxtilə şagirdim olan oğlu Sulduz Tağıyev və Lətif müəllimin oğlu Elşad Həsənov Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalıblar. Onlara və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm!

…Yay tətili müddətində Musa müəllim ailə qurduğu üçün Daşlıya həyat yoldaşı ilə birlikdə gəlmişdi. Onlar Musa müəllimlə qaldığım evdə yaşamalı oldular…

Və… Və Musa müəllim budəfəki gəlişi ilə nə vaxtdan bəri daşlıların və məktəb kollektivinin ağlını dolaşdıran oğurluq hadisəsinə aydınlıq gətirən bir açıqlama verdi… Dedi ki, yay tətilində Yerevanda olarkən diplomatının içərisindən yoxa çıxan qolbağını Kərim müəllimin bir dostunun qolunda görüb. Sonra da araşdırıb öyrənib ki, qolbağını həmin adama Kərim verib…

Musa müəllim bütün bu olanlara görə məndən üzr istəsə də, artıq gec idi…

P.S. Yuxarıda qeyd etdim ki, mən evin açarını Kamandar Eyvazlıgilə vermədim və birlikdə evə gedəndən sonra onun dəfələrlə təkidinə baxmayraq, otaqdan bayıra çıxmadım. Səbəbini heç kimə deməsəm də, sanki içimdə mənə qarşı oynanılan oyunu, oğurlanan əşyaları yatağımın altına qoyub məndən «oğru» yaratmaq niyyətlərini hiss etmişdim. Bu səbəbdən də nə açarı verdim, nə də otaqdan bayıra çıxdım…

Bax belə…

Heç vaxt unutmayacağım bu hadisəni oxucularımızla bölüşmək istədim…

 Elbar ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN