"Azərbaycan dövlətinin Qarabağ strategiyası cənab prezident İlham Əliyevin rəhbərliyi ilə milləti və xalqı beynəlxalq terror labrintindən çıxartdı".

Bunu bizimlə söhbətində Beynəlxalq Terrora və Korrupsiyaya Qarşı "Bank-İnformasiya" Strateji Araşdırma Mərkəzinin direktoru, politoloq Rövşən Novruzoğlu deyib.

Onun sözlərinə görə, Şuşa bəyannaməsi ötən əsrin birinci onilliyində Azərbaycandan çıxıb gedən türkləri, türk mədəniyyətini, türk böyüklüyünü, türk sədaqətini ölkəmizə yenidən qaytardı: "Xatırlayırsınızsa, 1918-ci ilin iyun ayında Rusiyası Xalq Komissarları Sovetinin sədri Vladimir İliç Lenin nəyin bahasına olursa-olsun türklərin Azərbaycana gəlməsinin qarşısını almaq üçün diplomatiya tarixində görünməyən, saxtakarcasına bir addım atdı. Nəticədə, onun sayəsində erməni terror qrupunun rəhbəri Ter-Qriqoryana (Barxudaryan) və onun rəhbərlik etdiyi təxribatçı, terrorçu dəstəyə 50 min qızıl pul verildi. Məqsəd Ter-Qriqoryan və onun rəhbərlik etdiyi dəstə tərəfindən Bakıdakı neft mədənlərini dağıtmaq, yandırmaq, ruslara geniş meydan vermək idi. Həmin hadisədən 100 il keçir. Vaxtilə buradan gedən türklər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə yenidən Azərbaycana qayıdırlar. Faktiki olaraq Şuşada imzalanan bu tarixi bəyannamə 100 il əvvəl yazılmış bəyannamə idi ki, bu gün ona nöqtə qoyuldu. Nə etmək lazımdır ki, bizi bu siyasət meydanında heç kəs təkləməsin? Təcili hər iki dövlətin rəhbərlərinin imzası ilə azad iqtisadi zonaların təhlükəsizlik məsələləri ilə məşğul olan şuralar yaradılmalıdır".

R.Novruzoğlunun fikrincə, bu bəyannamədən sonra Azərbaycan tərəfi ermənilərin dünyanın 22 ölkəsində hələ də fəaliyyətini davam etdirən qondarma Qarabağ Respublikasının konsulluqlarının, diplomatik nümayəndəliklərinin bağlaması məsələsini qaldırmalıdır: "Azərbaycanın diaspor təşkilatları Şuşa bəyannaməsini rəhbər tutaraq mütəmadi olaraq siyasi görüşlər keçirməlidirlər. Bir məsələni qeyd etmək istəyirəm ki, bu tarixi bəyannamə imzalanan tədbirdə İran İslam Respublikasının, Rusiya Federasiyasının, Gürcüstan Respublikasının da diplomatik nümayəndəliklərinin, xarici işlər nazirlərinin iştirakı və söz demələri vacib idi. Çünki həmin dövlətlərin başçıları çıxışlarında vurğulayırlar ki, Qarabağın işğaldan azad edilməsində onların da rolu var. Lakin bu strategiya Azərbaycan və Türkiyə prezidentlərinin möhtəşəm qələbə strategiyasıdır. Heç kəs cürət edib bu strategiyanı parçalaya bilməz. Baxın, bu gün Türkiyə Cümhuriyyətində onun iqtisadi potensialını Türkiyədə 18 bankın başında dayanan milliyətcə erməni olan iş adamları tarazlaşdırır. Lakin Ərdoğan bütün bunlara baxmayaraq, onların üstündən keçərək Azərbaycana gəldi. Şuşa qalasında tarixin pozulmaz möhürünü basdı".

Politoloq əlavə edib ki, bu gün Azərbaycanın İran İslam Respublikası ilə möhtəşəm iqtisadi-siyasi əməkdaşlığı var: "Bu əməkdaşlığın önündə bu sahədə gözəl təcrübəsi olan, hər iki dövlətdə nüfuz sahibi qazanan, öz addımları ilə hər iki ölkənin rəhbərliyi qarşısında söz sahibi olan Baş nazirin müavini Şahin Mustafayevin iş prinsipini hər iki dövlət alqışlayır. Demək, Şuşa bəyannaməsnin İran İslam Respublikası üçün heç bir qorxusu yoxdur. Ola bilsin ki, Tehran Şuşa bəyannaməsindəki iqtsadi quruculuğa qoşulsun. Çünki İran bir daha yəqin etdi ki, Azərbaycan ərazisindən, Şuşa qalasından ona heç bir qorxu yoxdur. Mən arzu edərdim ki, bu bəyannamə imzalanarkən Ermənistan tərəfinin də diplomatları iştirak edəydilər. Çünki ermənilərin arasında Azərbaycanın sülhpərvər prezidentinin strategiyası altında yaşamaq istəyənlər var. Bu gün bəzi politoloqların, politologiya institutlarının, KİV-lərin, radio-tv kanallarının boş, hayküçü çıxışlarına baxmayaraq, Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) strareji mərkəzinin məlumatına görə, Ermənistanın 71 faiz əhalisi Azərbaycanla dinc qonşuluq şəraitində yaşamaq arzusundadır".

ELBAR