Təcili və ciddi addımlar atılmalıdır, yoxsa...

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində müntəzəm olaraq reydlər aparılır.

Nəzarət tədbirləri çərçivəsində ictimai iaşə obyektlərində moniqtorinqlər keçirilir. Monitorinqlər zamanı bəzən belə müəssisələrdə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkarlanır. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülür.

Ancaq bütün bunlara baxmayaraq, ölkə ərazisində fəaliyyət göstərən bir çox ictimai iaşə müəssisələri, xüsusilə də bəzi restoranlar xüsusi karantin rejimi qaydalarını kobudcasına pozmaqda davam edirlər, ələlxüsus da əyalətlərdə.

Qeyd edək ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimini, Nazirlər Kabinetinin müvafiq qərarlarını kobud şəkildə pozan ictimai iaşə müəssisələrindən biri də Şamaxı rayonunun ərazisində fəaliyyət göstərən “Savalan” restoranıdır...

Məlum olduğu kimi, isti yay günlərini doğma Azərbaycanda keçirmək, bölgələrə səyahət edib dilbər güşələrimizi görmək istəyənlərin sayı kifayət qədərdir. 

İnsanların bu istəyini gerçəkləşdirən isə paytaxtdan bölgələrə daxili turlar təşkil edən turizm agentlikləridir. Belə ki, arzu edən vətəndaşlar bu agentliklərin təşkil və təklif etdiyi xidmətlər çərçivəsində həftəiçi və həftəsonu səyahət turlarından yararlanmağa çalışırlar.

Məlumdur ki, səyahət turları zamanı Şimal-Qərb marşrutu üzrə, yəni Bakı - Şamaxı - İsmayıllı - Qəbələ - Oğuz - Şəki - Qax - Zaqatala - Balakən və s. bölgəsinə yollanan nəqliyyat vasitələri Bakı-Şamaxı avtomobil yolundan istifadə edir.

Qeyd edək ki, səyahətin bir nəfər üçün qiyməti məsafədən və xidmətdən asılı olaraq müxtəlifdir. Məsələn, deyək ki, Oğuz-Qəbələ turunun bir nəfər üçün qiyməti ekonom 23, standard 27 manatdır. Qiymətə daxildir: komfortlu nəqliyyat, səhər yeməyi (yağ, bal, şor, pendir, yumurta, sosiska və çay), Xal-xal şəlaləsi, Nohurgöl, 7 gözəl şəlaləsi.

Xüsusi olaraq vurğulayaq ki, Şimal-Qərb marşrutu üzrə təşkil olunan bütün turların proqramındakı səhər yeməyi məhz Şamaxı rayonunun ərazisindəki “Savalan” restoranında verilir. Bu səbəbdən də Şimal-Qərb marşrutu üzrə hərəkət edən bütün kiçik və iri tutumlu avtobuslar səhər yeməyi üçün eyni vaxtda “Savalan” restoranında lövbər salırlar. Bu da onu deməyə əsas verir ki, paytaxtdan bölgələrə daxili turlar təşkil edən turizm agentlikləri “Savalan” restoranı ilə işbirliyi qurublar. Əks halda, bu qədər restoranların bolluğunda belə vəziyyət yaranmazdı.

Belə ki, restoranın qapalı və yarımqapalı ümumi zallarında 150-200 nəfərə “xidmət göstərilir”. Onu da qeyd edək ki, restoranın bütün qapalı və yarımqapalı ümumi zallarında eyni vaxtda ümumilikdə müxtəlif yaş həddində 800-1000-ə yaxın müştəri səhər yeməyi yeyir. Bu vəziyyətdə təbii ki, virusdan qorunma qaydalarına riayət etmək qeyri-mümkündür.

Belə kütləvilik isə Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejiminin qaydalarını nümayişkəranə halda pozmaq və vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaratmaq deməkdır. Bir məqamı da Operativ Qərargahın diqqətinə çatdıraq ki, 80-100 nəfərlik toy məclislərinin keçirilməsinə icazə verilmir, amma 800-1000 nəfərin ağız-ağıza oturub birgə səhər yeməyi qəbul etməsinə göz yumulur. 

Restorandakı sanitar-gigiyenik normalara riayət olunmaması, xidmət səviyyəsinin aşağı, masaların üstünün çirkli və ləkəli olması bəs deyilmiş kimi, səhər yeməyinin menyüsünə daxil olan yumurtanın və sosikanın verilməməsi başqa bir mövzunun söhbətidir.

Ancaq əminik ki, hal-hazırda qanun pozuntusuna yol verən gözdən uzaq, könüldən də iraq olan “Savalan” restoranı və onun sahibi haqqında qanunamüvafiq olaraq ciddi tədbirlər görüləcək. Çünki sonra çox gec olar...

P.S. Onu da xatırladaq ki,  bu, o “Savalan” restoranıdır ki, vaxtilə burada Şamaxı rayon sakininin əxlaqsızlıq yuvası təşkil etməsi aşkara çıxarılmışdı. Belə ki, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şamaxı rayon sakini Yusif Məmmədov saxlanılmışdı. Y.Məmmədov gəlir götürmək məqsədilə rayonun ərazisindəki “Savalan” restoranında əxlaqsız yuvası təşkil etməkdə təqsirli bilinmişdi.

Elbar ŞİRİNOV