booked.netbooked.net booked.net  

Çox təəssüf ki, Heydər Əliyevin tapşırığı və AR Nazirlər Sovetinin 7 aprel 1985-ci il tarixli 5 nömrəli Qərarı hələ də kağız üzərində qalır

"Şuşa işğaldan azad olunandan sonra eyni problemlə bağlı Prezident cənab İlham Əliyevə göndərdiyim onlarla məktublar, fakslar və teleqramlar ona çatdırılmayıb, hamısı Mədəniyyət Nazirliyinə göndərilib. Mədəniyyət Nazirliyi isə müraciətlərimə əhəmiyyət vermir".

Bunu "Təzadlar"a Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltəraş-rəssam Cümşüd İbrahimli dedi.

C.İbrahimlı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan İlham Əliyevin ötən ilin son gecəsi - "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və 2022-ci il münasibətilə təbrik çıxışında Azərbaycanın dilbər guşəsi Şuşanın bərpası, abadlaşdırılması, bu ilin 8 noyabrında Şuşanın 270 illik yubileyinin təntənəli keçiriləcəyini, şəhərin və alınmaz qalasının qurucusu Pənahəli xanı xatırlamaqla 2022-ci ili "Şuşa ili" adlandırarkən, ilk Qarabağ xanı, məğlubedilməz sərkərdə Pənahəli xana abidə ucaldılması haqda göstəriş verəcəyini həyəcanla gözləyib: "Çünki Şuşa işğaldan azad olunandan sonra Prezident cənab İlham Əliyevə Şuşada Pənahəli xanın abidəsinin ucaldılması ilə bağlı onlarla məktub, faks və teleqram göndərmişdim. Ancaq çox təəssüf ki, onlar Prezidentə çatdırılmayıb, hamısı Mədəniyyət Nazirliyinə göndərilib. Nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İsmayıl Əbdüləzimov isə bir il ərzində mənə yazdığı 6 cavabında eyni cümləni təkrarlayıb ki, qaldırdığınız məsələyə Şuşa şəhərinin yenidənqurma və bərpa planı çərçivəsində baxıla bilər.

Mən də növbəti məktublarımda soruşdum ki, yazdığınız "Şuşanın yenidənqurma və bərpası planına" kim müraciət etməlidir?! Mən, yoxsa abidənin sifarişçisi Mədəniyyət Nazirliyi? Cavab verən yoxdur. 10 aydır cəhdlərimə baxmayaraq, mədəniyyət naziri Anar Kərimovun qəbuluna düşə bilməmişəm. Nəhayət, 10 aydan sonra Mədəniyyət Nazirliyinin 3-cü mərtəbəsinə qədər qalxa bildim. Ancaq yenə də nazirlə görüşə bilmədim ki, məsələnin məğzini ona çatdırım. Nazirliyin şöbəsindən bildirdilər ki, Prezident tərəfindən işğaldan azad olunmuş bütün şəhər, rayon, qəsəbə və kəndlərimizin yenidən qurulması, bərpası istiqamətində baş planların hazırlanması ilə əlaqədar artıq aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib, müvafiq qərargah yaradılıb, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib. Dedilər ki, bununla əlaqədar, hazırladığınız eskiz əsasında Şuşa şəhəri üçün nəzərdə tutulan Pənahəli xanın abidəsinin ucaldılması ilə bağlı məsələyə Şuşa şəhərinin yenidənqurma və bərpa planları daxilində baxılması daha məqsədəuyğun hesab olunur. Sonra mən Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimovla telefon əlaqəsi saxladım. Məlum oldu ki, Şuşa şəhərinin yenidənqurma və bərpa işlərinin icrası, işə nəzarət Mədəniyyət Nazirliyinə tapşırılıb. Əgər belədirsə, Mədəniyyət Nazirliyi niyə mənə yazır ki, qaldırdığınız məsələyə Şuşa şəhərinin yenidənqurma və bərpa planı çərçivəsində baxıla bilər. Belə çıxır ki, Mədəniyyət Nazirliyi məni başdan edir. Mədəniyyət Nazirliyinin bu hərəkəti həm də ən azından Ümummilli lider Heydər Əliyevin vaxtı ilə verdiyi tapşırığına biganəlikdir.

Ona görə ki, məhz Ümummilli lider Heydər Əliyevin tapşırığı və AR Nazirlər Sovetinin 7 aprel 1985-ci il tarixli 5 nömrəli Qərarı ilə Şuşa şəhərində Pənahəli xanın memorial abidəsinin ucaldılması qət edildi. Bu qərara əsasən, Mədəniyyət Nazirliyi ilə Azərbaycan Rəssamlar İttifaqınm İstehsalat Yaradıcılıq Kombinatı arasında 10.12.1990-cı il tarixli 616 saylı müqavilə və 661778,14 rubl dəyərində smeta sənədləri imzalandı. Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə yaratdığımız Pənahəli xanın at belində möhtəşəm heykəli komissiyada bəyənildiyindən mənə həvalə olundu. Mən dünya şöhrətli memar, akademik Mikayıl Hüseynova müraciət etdim, eskiz-kompozisiya xoşuna gəldi və tövsiyə etdi ki, təcili Şuşaya ezamiyyətə gedib şəhərin rəhbər və ziyalıları ilə görüşüb, abidənin ucaldılacağı yeri təyin etsinlər, sonra işə başlayaq. Lakin Qarabağ savaşı başlandı, bir sıra rayonlarımız kimi, gözəl Şuşamız da erməni cəlladları tərəfindən yağmalandı və layihə ilə bağlı işlər dayandı. Lakin Azərbaycan xalqı bu işğalla barışmadı. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi və müzəffər ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində işğal altındakı ərazilərimiz, o cümlədən Şuşa şəhəri işğaldan azad olundu".

C.İbrahimlinin sözlərinə görə, təxminən 5-6 ay əvvəl Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov mədəniyyət naziri Anar Kərimovla görüşüb və Şuşada Pənahəli xanın abidəsinin ucaldılması məsələsini müzakirə ediblər: "Nazir deyib ki, eskiz-kompozisiya xoşuna gəlib, ancaq ona Prezident baxmalıdır, yaxşı olar müəllif bir layihə də hazırlasın, Prezidentin seçim imkanı olsun. Mən təcili bir yox, iki layihə hazırladım.

İlk layihədə abidənin ucalacağı yeri müzakirələrdən sonra "Gəncə qapısı"nın bayır tərəfində, "Xan qızı" bağının qala divarları önündə hündür (10 metr) postament üstündə 7 metr atlı heykəlin səma fonunda müəyyənləşdirdik. Çünki oradan abidənin hər tərəfdən açıq-aydın görünməsinə imkan yaranacaq. Ustad memarın təxəyyülü ilə qala divarının qarşısı maili torpaq örtüyü ilə narahatlıq yaratdığından, abidənin postamentlə birlikdə 3 metr hündürlüyündə nal şəkilli zirzəminin dam örtüyünün üstündə - qala divarının bağlamasını nəzərə alıb - 3 metrlik yarımzirzəmidən də gələcəkdə Pənahəli xanın Ağdamdakı məqbərəsinin (erməni vandallarının dağıtdığı) Şuşaya köçürüb abidənin önündəki nal şəkilli zirzəmini sərdabədə qəbrin bərpası nəzərə alınmaqla abidənin mahiyyətini ikiqat artırmaqla həm də ziyarətgaha çevirər. Yeni variantlarda isə kompüter dizaynerləri ilə birlikə abidəni yarımzirzəminin üstündən götürüb birbaşa qala divarının üstünə qaldırmaqla, abidənin həm şəhər tərəfdən postamentin arxa tərəfini, yan tərəfləri nalşəkilli yarımzirzəminin, sağ və sol tərəfindən qalxan şəlalə pilləkənlərlə abidə postamentinin sağ və sol tərəfindən yeni portallar ("Gəncə qapısı"nın gələcəkdə şəhər sakinlərinin və qonaqların, turistlərin çoxalmasını nəzərə alıb), həm də portalların ortasından ucalan postament-abidəyə tarazlıq, yaraşıq verməklə xoş təəssürat yaradacaq.

Torpaqlarımız erməni faşistlərindən azad olunandan sonra Qarabağda şəhər və kəndlərimizin vandalcasına dağıdılması məlum oldu. Azad olunan rayonlarımızın, o cümlədən Ağdamın yenidən qurulması, bərpası haqda qərar verildi. Pənahəli xanın dağıdılmış qəbrinin bərpası haqqında da qərar verildiyindən, Şuşada nəzərə aldığımız yarımzirzəmi-sərdabəni daha şən məzmunlu - muzeyə çevirmək olar ki, şəhərin böyüməsi, əhalinin və qonaqların (turistlərin) çoxluğunu nəzərə alıb "Cıdır düzü"nə alternativ yığıncaqların, şənliklərin, görüşlərin keçiriıməsi üçün abidənin qarşısında genuş mədəniyyət parkı salmaqla həm istirahət, həm də bayram şənliklərində yarımçevrə muzeyin örtüyündə divarların qranit-mərmər üzlüyündən 1.2 metr hündürlüyündə divarda həm də tribuna, çıxışlar - ifalar üçün yaxşı imkanlar yaradır ki, "Cıdır düzü"nün yükünün bir hissəsini öz üzərinə götürməklə, hamının xoşuna gələcək və əyləncə yerinə çevriləcək. Yeni variantda Pənahəli xan şahə qalxmış at belində və dinamik xarakterli hərəkətində üç ayaq üstə - qabaq sağ ayağını cəsarətlə qabağa atılmaq iqtidarında olması ilə sahibinin yenə də at belində üzəngidə ayaq üstə gərgin, məğrur duruşunda, sol əlini çiyin səviyyəsində şəhərə tərəf beş barmaqlarını gərilmiş uzadaraq sağ əlindəki səlahiyyət rəmzi olan "Xan toppuzu"nu (Tarix Muzeyində saxlanılır) başı üstünə qaldıraraq, Ali Baş Komandanın məhşur deyimindəki "Dəmir yumruq" kimi sanki - "Bu şəhərə, bu torpaqlara kəm baxanın başını əzərəm" mesajını verir".

C.İbrahimli xüsusi olaraq vurğuladı ki, Ümummilli lider Heydər Əliyevin Şuşa şəhərində Pənahəli xanın memorial abidəsinin ucaldılması ilə bağlı çox böyük əhəmiyyət daşıyan tapşırığı 30 il geciksə də, Prezident cənab İlham Əliyevin göstərişi ilə layihənin həyata keçirilməsini 10 aya çatdıra bilərik və bu, Şuşanın 270 illik yubileyinə ən qiymətli töhfə ola bilər.

Elbar ŞİRİNOV 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN