Abşeron rayonunun yeni icra başçısı Abdin Fərzəliyev inzibati ərazi dairəsi üzrə nümayəndələrinə və bələdiyyə sədrlərinə ciddi tapşırıqlar verdi…

Abşeron rayonunun bəzi qəsəbələrinin bərbad yolları sakinlərin narazılığına səbəb olub. Son vaxtlar redaksiyamıza Abşeron rayonunun Masazır qəsəbəsindəki “Yeni Saray” şadlıq sarayının arxa tərəfindən qaçqın və məcburi köçkünlər üçün salınmış “Zəngilan şəhərciyi”nədək yolun bərbad vəziyyəti barədə də çoxsaylı şikayətlər daxil olub. Daxil olan şikayətlərə əsasən, sözügedən təmirsiz, asfaltsız avtomobil yolu ilin yağıntılı fəsillərində xüsusilə keçilməz olur. Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onların şikayətlərinə baxılmayıb.

Bu günlərdə həmin ünvanda olub, ərazidəki sakinlərin şikayətlərini dinlədik.

Sakinlər bildirdilər ki, payız-qış mövsümü gələndən onların bu yolda problemləri başlayır. Problemin ən pis tərəfi odur ki, bərbad yol onların həyati məsələlərində də özünü göstərir. Belə ki, əksər vaxtlarda təcili tibbi yardım, taksi xidməti bu əraziyə gəlməkdən imtina edirlər.

Əslində belə götürəndə, “Zəngilan şəhərciyi” o qədər də Bakıdan uzaqda yerləşmir. Məsafəcə çox uzaq olmasa da, görünür, bu şəhərcik gözdən uzaq olduğu üçün könüldən iraqdır. Çünki kimlərsə arabir yolun çala-çökəklərinə çınqıl, asfalt ovuntusu töküb, vəziyyətdən çıxmağa çalışırlar. Ancaq bu da dərdə çarə olmur.

Məsələ ondadır ki, hər gün bu bərbad yoldan 525 və 521 saylı marşrut avtobusları, yüzlərlə minik avtomobili, ərazidə yaşayan minlərlə sakin, yüksək vəzifəli şəxslər istifadə edir.

Sakinlərin sözlərinə görə, problemlə bağlı müxtəlif qurumlara müraciət ediblər, amma heç kim onların dərdinə çarə etməyib.

“Zəngilan şəhərciyi”nin sakini Q.Əliyeva dedi ki, onlar neçə ildir bu problemlə üzləşiblər: “Yol çox keyfiyyətsiz çəkildiyindən artıq dağılıb. Neçə yerdə böyük çuxurlar yaranıb. Bilmirik, dərdimizi kimə deyək".

“Qurtuluş-93”, “Yeni Bakı”, “Bağçalı Evlər” və “Rahat Nəfəs” yaşayış komplekslərinin sakinləri də sözügedən yolun bərbad, asfaltsız olmasından şikayətləndilər. Sakinlərin sözlərinə görə, qış aylarında, əsasən də yağan yağışlar yolu daha da keçilməz edir: “Avtobusla çala-çuxurlu yolla getmək narahatlıq yaratdığı üçün uşaqlarımızı “Zəngilan şəhərciyi”ndəki bağçaya və məktəbə aparanda bəzən piyada yol getməyə məcbur qalırıq. Problemlə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı İradə Gülməmmədovaya dəfələrlə müraciət etsək də, nəticə verməyib. Ərazidəki qəsəbə sakinləri adından sizdən xahiş edirik ki, yolumuzun problemli vəziyyətini saytınızda işqlandırasınız".

525 saylı marşrutun sürücüsü isə dedi ki, kələ-kötür yollarda işləmək onlara heç də asan başa gəlmir: “Bəzən yarı yolda avtobusun təkərləri, digər hissələri sıradan çıxır. Çala-çökəklərdən keçəndə daha çox sərnişinlər əziyyət çəkirlər. Buna görə də bəzən bizi təhqir edirlər. Halbuki bizim heç bir günahımız yoxdur. Ancaq sərnişinlər yola baxan təşkilatları yox, bizi söyürlər. Ümid edirik ki, bu problem növbəti yağıntılara qədər həllini tapacaq”.

Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı sərəncam imzalandı, amma…

Mövzu ilə bağlı araşdırma zamanı məlum oldu ki, Azərbaycan Respublikası Prezidenti Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sonucu Sərəncamı 9 yanvar 2020-ci il tarixdə imzalayıb.

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirilib.

İmzalanan sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən 19 milyon 700 min manat ayrılıb.

Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29.2 kilometr olan 23 küçə və yolda təmir işlərinin həyata keçirilib (ümumilikdə təmir işlərinin əhatə sahəsi 240 min kv.m olub).

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.

Qeyd edək ki, Masazır qəsəbəsində sərəncama əsasən, təmiri nəzərdə tutulan 7 küçədə iş aparılıb. Belə ki, Şıxəli Qurbanov, Akim Abbasov, Qaçaq Nəbi, Hacı Zeynalabdin Tağıyev, Faiq Həsənov, Nazim Əsədov və İlyas Bayramov küçələri təmir olunub. Və qeyd olunan bu ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılıb. Adı çəkilən küçələrdən də göründüyü kimi, Masazır qəsəbəsindəki “Yeni Saray” şadlıq evinin arxa tərəfindən qaçqın və məcburi köçkünlər üçün salınmış “Zəngilan şəhərciyi”nədək olan 3 km-lik yol təmir üçün nəzərdə tutulmayıb.

Lakin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin bildirdiyinə görə, növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulub. Yəqin ki, növbəti mərhələlərdə təmirə ehtiyacı olan digər küçə və yollar kimi, Masazır qəsəbəsindəki “Yeni Saray” şadlıq evinin arxa tərəfindən qaçqın və məcburi köçkünlər üçün salınmış “Zəngilan şəhərciyi”nədək olan yol da plana salınacaq.

İcra başçısı ciddi tapşırıqlar verdi

Yeri gəlmişkən bir məqamı da qeyd edək ki, bu yaxınlarda Prezidentin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Abdin Fərzəliyev rayonun kənd və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirsakı ilə “Görülən işlər və qarşıda duran vəzifərlər” mövzusunda iclas keçirib.

RİH başçısı A.Fərzəliyev rayon ərazisində bir sıra problemlərin olduğunu qeyd edərək, kənd və qəsəbələrdə məişət tullantılarının ərazidən uzaqlaşdırılmasında, daxili küçələrin düzəldilməsində və abadlıq işlərinin aparılmasında ciddi problemlərin olduğunu qeyd edib.

RİH başçısı Abdin Fərzəliyev inzibati ərazi dairəsi üzrə nümayəndələrə 15 gün müddətində işlərində dönüş yaratmağı, kənd və qəsəbələrdə olan problemləri aradan qaldırmağı tapşırıb.

Biz də hesab edirik ki, aidiyyəti qurumlar tərəfindən RİH başçısının tapşırığı icra olunacaq, yaxın gələcəkdə kənd və qəsəbələrdəki mövcud çatışmazlıqlar, o cümlədən yollarla bağlı problemlər aradan qaldırılacaq.

Elbar ŞİRİNOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.6.3.11)

 

 

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA