Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən altı il ötür.

…2016-cı il aprelin 2-si. Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab verən ordumuz əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi. Eyni zamanda minlərlə hektar ərazi ordumuzun tam nəzarətinə keçdi. Nəhayət, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı.

Silahlı qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatında məqsəd Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə yaratdığı təhlükəni aradan qaldırmaq idi.

Belə ki, 2016-cı ilin mart ayından başlayaraq, Ermənistan silahlı qüvvələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini davamlı olaraq atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tuturdu. Ermənilər aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda mülki əhalini atəşə tutdu. Odrumuz tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Aprel hadisələrində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti oldu. Silahlı qüvvələrimizin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirərək, qəti zərbələrlə sıradan çıxartdı. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər erməni işğalçılardan təmizləndi. Həmçinin, Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edildi.

Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Beləliklə, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi.

Azərbaycan Ordusunun düşmənə endirdiyi əks-həmlə zərbələri nəticəsində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıldı və Ermənistanın işğalçılıq siyasəti iflasa uğradı. Eyni zamanda, Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Ermənilər artıq dərk etdi ki, Azərbaycan torpaqlarında onlara yer yoxdur. Erməni xalqı, eyni zamanda dünya ictimaiyyəti də anladı ki, işğal edilmiş ərazilərin hərb yolla azad edilməsi mümkündür. Azərbaycan xalqı, dövləti və ordusu buna tam qadirdir.

2016-cı ilin Aprel döyüşlərinin baş verdiyi hər gün hamımız üçün böyük bir sınaq günləri oldu. Həmin vaxt ordumuzun əsgərləri doğma torpaqlarımızın hər qarışının bizlər üçün nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyev ordumuzun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə demişdir: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

Dövlət başçısının dediyi kimi, Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Belə ki, Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlət başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Böyük Qayıdış” prosesinə start verildi.

Aprel qələbəsindən daha da ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfər qazandı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir.

Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb etdi. Altı il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi oldu. Məhz bu təcrübəni ikinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi. Bu döyüşlərdə bütün şəhidlərimizin qisası bir daha alındı, Ermənistan biabırçı şəkildə məğlubiyyətə uğradıldı.

Qürurverici hal ondan ibarətdir ki, qeyd edildiyi kimi, Böyük Qələbəni cəmi 44 gündə qazanaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Şanlı Ordumuzun Vətən müharibəsində tətbiq etdiyi ən müasir döyüş taktikası və mühüm yeniliklər dünyanın qabaqcıl orduları tərəfindən dərindən öyrənilərək, təqdir olunmağa başladı.

Bu gün hər bir azərbaycanlı 6 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasının sevincini və sonsuz qürurunu yaşayır. Təbii ki, bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan və Rəşadətli Azərbaycan Ordusu oldu.

Aprel döyüşlərində əldə edilən qələbəmizdə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu da danılmazdır. Aprel döyüşlərində qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyə sərgiləməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir.

...Və xalqımız Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş qəhrəman övladlarını unutmur, onların xatirəsini əziz tutur.

E.ŞİRİNOV

 


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA