Tanınan olmasa da, aktrisa kimi təqdim edilən Aysel İbrahimova, ikinci dəfə ailə qurub. İkinci əri ilə olan və sosial şəbəkə hesabında paylaşdığı şəkilin altında belə yazıb: “Hər kəsdən deyil, dünənkindən daha yaxşı ol!”

P.S. Əlbəttə, dünənkindən indiki yaxşı olar. Amma sabahkını da unutma. Ömrün hələ qabaqdadır. Özün də hələ gəncsən, nə yaşın var ki? Bir neçə dəfə də belə evlənib, boşanandan, yəni bərkə-boşa düşüb-çıxandan sonra hansı ərin daha yaxşı olduğunu dərk edə biləcəksən. Bir şou əhli kimi, həyatı belə dərk etməkdə Allah yardımçın olsun.

***

Aktrisa sayılan, amma aktrisalıqdan kilometrlərlə uzaq olan, əvəzində soyunub bədən əzalarını tamaşaçılara göstərməkdən yorulmayan Pərvin Abıyeva yenə göbəyi, qarnı açıq şəklini sosial şəbəkədə paylaşıb.

P.S. Pərvin xanım abın-həya məhfumdan tamamilə uzaq olduğunu, bir fakt olaraq çoxdan ortaya qoyub. Bunu başa düşdük. Amma maraqlı olan başqa şeydir. Bu xanımı yəqin hər hansı məxluq yox, təbii ki, bir ana doğub. Rəhmətlik Nəsibə Zeynalova demiş, ay bunun anasının qarnına şiş batsın Pərvini doğan yerdə. Görəsən, bu ana qızına niyə demir ki, ay bala, sən dünyaya çılpaq gəlmisən deyə, həmişə çılpaq olmalısan? Sən niyə yataq otağı ilə efiri, səhnəni səhv salırsan? Anasından başqa bu sualı başqa yaxınları, qohumları da verə bilər. Maraqlıdır, görəsən, Pərvin bu suallara soyunmuş vəziyyətdə cavab verəcək, yoxsa əyninə geyməyə bir şey tapacaq?

***

Məlum olduğu kimi, Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfərinə Prezident İlham Əliyev kəskin münasibət bildirib. Prezidentin bu haqlı iradına, nəinki qanunsuz səfər edən Valeri Pekres, hətta Fransanın xarici işlər naziri Drian həddini və beynəlxalq hüquq normalarını, diplomatik etikanı aşıb hədələyici münasibət bildirərək, sözün əsl mənasında qatıqlayıb.

P.S. Burada təəccüblü heç nə yoxdur. Bir adamın ki, adı Drian ola, ondan yaxşı heç nə gözləmək olmaz. Bildiyimiz kimi, rus dilində Drian (drənğ) tullantı, zibil, yararsız şey, bizim dildə isə, bir növ “cındır” deməkdir. İndi özünüz fikirləşin, bir adamın ki, adı zibil, tullantı, yararsız, yəni cındır ola, beləsindən yararlı, faydalı söz eşitmək olarmı? Əlbəttə yox!

***

Beynəlxalq Şəffaflıq təşkilatı dünya üzrə 2021-ci ilin yekunları üçün korrupsiya hesabatını açıqlayıb. Məlum olub ki, Azərbaycan 100 mümkün baldan 30 bal toplayaraq, 180 ölkə arasında 128-ci ən çox korrupsiyalaşmış ölkə kimi göstərilib. Bu, isə bizim bir çox siyasi və iqtisadi şərhçiləri narazı salıb ki, bəs burada bir qərəz var.

P.S. Yaxşı, qəbul edək ki, burada doğrudan da bir qərəz var. Onda belə bir sual yaranır: O Beynəlxalq Şəffaflıq təşkilatının başbilənləri görmür ki, Rövnəq Abdullayevin oğlunun İspaniyada oğurlanan 2 milyon dollarlıq saatını maaşla almaq mümkün deyil? Yoxsa, AZAL-ın prezidenti Cahangir Əsgərovun əmək haqqı ilə Avropadakı mülkləri, banklardakı milyonları qazana bilməyəcəyini dərk etmirlər? Və yaxud Ziya Məmmədovun oğlu Anarın, Beynəlxalq Bankın hazırda həbsdə olan sabiq prezidenti Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın, kürəkəni, Eldar Mahmudovun oğlu Anarın Londonda milyonları necə səpələdiklərindən xəbərsizdirlər? Ona görə də əzizlərim, ayıbımıza kor olub oturmaq lazımdır ki, korrupsiyanın iyi çox çıxmasın...

***

Xalq artisti Aygün Kazımova “İnstaqram” hesabından dərin yarıqlı libasda olan şəklini paylaşıb ki, buna da guya çoxsaylı bəyən gəlib.

P.S. Deməli, 51 yaşlı Aygün dərin yarıqlı libasdadır. Yəni, bütün baldır çöldə qalan vəziyyətdədir, hı mı? İndi məni bir fikir alıb ki, bu Aygün xanım həmişə abırlı, həyalı, ismətli bir xanım olub. Paltarları da həmişə əsl ev qızı, ev xanımı kimi olub. Bəs birdən-birə, yəni bir el ağbirçəyi olan vaxtda Aygün xanım niyə baldırını çöldə qoysun? Dilim-ağzım qurusun, bəlkə havalanıb? Yəni, bu 51 ildə bunun havası hələ çıxmayıb ki? Nə deyim vallah, həyatdır dayna, hər şey ola bilər. Allah özü Aygün xanıma şəfa versin və havasını alsın...

***

Məlumatlara görə, Azərbaycan fermerləri şikayət edirlər ki, inək avtomobildən baha sığortalanır.

P.S. Rəhmətliyin uşağı, bəs necə olmalıdır ki? Məgər avtomobil süd verir, yoxsa ildə bir-iki bala doğur? Sığorta şirkətləri də damara baxıb qan alırlar dayna... Hələ Allahınıza şükür edin ki, sığorta şirkətləri inəyin əmcəyinə sayğac qoyub, sağılan südün həcmini hesablamırlar. Yoxsa, Əli aşından da olarsınız, Vəli aşından da...

***

Elza Seyidcahan bir sayta müsahibə verərkən belə deyib: “Mənə sual verdilər ki, hərə bir yerini sığortaladır, siz haranızı sığortalayardınız? Mən də dedim ki, ağlımı. Ağlım sığortalanmağa layiqdir”.

P.S. Aldığımız məlumata görə, bu açıqlamadan sonra, bir neçə sığorta şirkəti xüsusi cihazlarla Elza xanımın ağlını ölçüb, sığortalamaq istəyiblər. Amma o müasir cihazlarla dəfələrlə test etsələr də, bir şey tapmayıblar və kor-peşiman geri qayıdıblar.

***

Ukrayna məsələsinə görə, Rusiyanı sanksiyalarla susdurmaq istəyən Avropanı Rusiya Federasiya Şurasının katibi Nikolay Juravlyov Avropaya qaz verilişini dayandıracaqları ilə hədələyərək deyib: “Biz xarici valyuta ala bilməyəcəyik. Amma Avropa ölkələri də neft, qaz ala bilməyəcək”.

P.S. Deməli, Rusiya Avropanı qazla şantaj edir. Nə qədər ki, Rusiyanın özünün qazını almayıblar, Rusiya Avropaya və yaxın qonşularına həmişə təhlükə mənbəyi olaraq qalacaq.

***

Qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü boşanmaların əleyhinə olduğunu bildirərkən deyib: “İstəyirəm boşanmalar olmasın. Yazırlar ki, bəxtəvər səni boşamayıblar, ona görə belə danışırsan. Çıxıb deyirlər sözümüz düz gəlmədi, boşandıq. Elə bil bina tikirlər, sözləri düz gəlməyib. Boşanmanı ediblər adi bir şey”.

P.S. Ay Gülbahar xanım, ay pir olmuşun qızı. Sənin qarmon ifaçısı kimi normal sənətin var və hər yerdə də sənətini göstərib gündəmdə qala bilərsən. Bu səbəbdən də boşanmamısan. Bu şou əhlinin isə səsi, sənəti yoxdur axı. Bəs gündəmdə nə ilə qalsınlar? Ona görə də, ya tez-tez ərə gedib boşanmaqla, ya da soyunmaqla gündəmdə qalmağa üstünlük verirlər dəə... Çünki belələri üçün ailə həyatının özü də bir şoudur.

 

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA