booked.netbooked.net booked.net  

Üçü birində, bəstəkar, müğənni, şairə və hər üçündən də alayarımçıq olan Elza Seyidcahan, verlişlərin birinə başında quş yuvası, içində isə yumurta olan görünüşlə gəlib.

P.S. Elza xanım, şou-biznesin quş yuvası, şou əhlinin çoxusunun da quş olduğunu bilirdik. Amma bu quşları hara uçurtmağı bilmirdik. Nəhayət, yer tapıldı. İndi bu quşları sənin başındakı yuvaya yığarıq, onlar da o yuvada yumurtlayarlar. Sonra bu quşlar sənin başını necə zibilləyəcəklər, bu, daha bizlik deyil. Çünki seçimi özün eləmisən...

***

Müğənni Röya Ayxanın “İnstaqram” hesabında paylaşdığı sinəsi açıq şəkil bir sayt tərəfindən belə başlıqla təqdim olunub: “Röya dərin sinə dekoltesi ilə”.

P.S. Bunu yazana Allah bir-iki qram ağıl versin. Rəhmətliyin uşağı, Röyanın heç dayaz dekoltesi olub ki? Əlbəttə, adamın ağlı dayaz olanda, dekoltesi dərin olur ki, ora baş vuranlar boğulub, ölsünlər və əlləri başqa yerə çatmasın.

***

Müğənni Mətanət Əsədova “Zaurla Günaydın” proqramında olarkən iş adamı olan bir fanatının ona ev və maşın bağışlamasından danışarkən deyib: “ Sən demə, həmin adam məndən başqa heç kimə qulaq asmırmış”.

P.S. Görünür bu adamın başı pul qazanmağa nətəhər qarışıbsa, musiqini, sənəti, səsi anlayıb, duymağa vaxt tapmayıb.

***

Avropa Parlamenti ilə Avropa İttifaqının komitə və xüsusi Komissiyasının ötən həftə keçirilən birgə iclasında Azərbaycana nifrət püskürən, söyüşün birini bir qəpiklik edən Məhəmməd Mirzəli və sabiq diplomat Arif Məmmədov da iştirak ediblər. Söyüş söymək üzrə çempion olan bu iki nəfər Avropa İttifaqını Azərbaycana 2 milyard dolları ayırmamağa çağırıb.

P.S. Məsəl var e, “yeznəsi gülüm olanın, başına külüm olub”. Bir Avropa İttifaqının ki, Azərbaycan üzrə məsləhətçisi söyüşcül Mirzəli və Arif ola, o qrumun başına daş düşməsin, neyləsin? Avropa İttifaqının Azərbaycana ayırdığı o 2 milyard pul Qarabağın işğaldan azad edilmiş ərazilərində quruculuq, abadlıq və yenidənqurma işlərinə xərclənəcək. Deməli, burada yüzlərlə insan işləyib, evinə bir tikə çörək pulu aparacaq. Mirzəli ilə Arif isə, bu qədər insanın çörəksiz qalması naminə çalışaraq, o pulun Azərbaycana ayrılmamasını istəyirlər. Belə azərbaycanlının ermənidən fərqi varmı? Əlbəttə, yoxdur! Vətəninə, dövlətinə və onun sadə insanlarına xəyanət edən Mirzəli və Arif kimilərinə “ar olsun!” deməkdən başqa əlimizdən nə gəlir ki? Ancaq gec-tez Maqsud Mahmudovun aqibəti onları da gözləyir. Gərək bunu unutmasınlar.

***

Uzun mübahisələrdən, üstünə gələnlərdən, hətta zillət vəkili Etibar Əliyevin hücumundan sonra AMEA-nın prezidenti “boz kordinal” ləqəbli Ramiz Mehdiyev istefa verməyə məcbur oldu.

P.S. Bununla da “boz kordinal” saralıb-soldu. İstefanın səbəbini soruşanda yəqin Ramiz Mehdiyev belə deyəcək: “Mən istefa verməzdim, amma xalqın seçmədiyini mən seçib parlamentə otuzdurduğum Etibar Əliyevin də mənə hücum etməsinə dözə bilmədim. Neyləmək olar? Yəqin düz deyiblər ki, ayı qocalanda tülkülər... qarşısında rəqs edər.

***

Xəbər verilir ki, alimlərin gizli apardığı tədqiqatın nəticəsində Mars planetində həyatın olduğu üzə çıxıb.

P.S. Ay planetində, bildiyimiz kimi, müğənni Ədalət Şükürovun “kupça”lı böyük torpaq sahəsi var. İndi maraqlıdır? Ay planetinin üstündən Marsda tədqiqat aparanlar Ədalət Şükürova “torpaqbasdı” haqqını ödəyiblər, yoxsa xüsusi mülkiyyətə qanunsuz müdaxilə ediblər?

***

Son günlər Rusiya televiziyaları “Qarabağ 50 illiyə Rusiyaya icarəyə verilsin” kimi sərsəm təbliğat aparırlar.

P.S. Ay sən öləsən! Azərbaycan Ordusu dünyanı heyrətə salan döyüş taktikası ilə 30 il işğalda olan ərazilərin 80 faizini cəmi 44 günlük döyüşlə aldı. Qalan daşnak yuvası olan Xankəndi və ətraf ərazilərin azad olunması qısa zaman məsələsidir. Əgər 44 günlük müharibədən sonrakı bir il ərzində Ermənistandan xaricə qaçan ermənilərin sayı 73 min nəfərdisə, bu minvalla, gör gələcəyi olmayan Xankəndindən qaçan ermənilər nə qədərdir? O ki, qaldı az sayda olan daşnakları qoruyan rusməramlılara, ona da az qalıb. Qərb Ukraynada rus ayısının burnunu əzən kimi, Qarabağdakı rusməramlılar dabana tüpürüb qaçacaqlar. Onda rusların yadına nə erməni düşəcək, nə də Qarabağ. Bax, o zaman ermənilərin dalında kim duracaq? Ermənilər o günün aqibətini bu gün düşünsələr yaxşı olar. Əgər düşünmək üçün başları varsa...

***

Müğənni Manaf Ağayev doğma yurdu Füzuli rayonuna öz bahalı maşını ilə qanunsuz səfər etdiyinə görə 15 sutka həbs edilib.

P.S. Bu, çox maraqlı, maraqlı olduğu qədər də utancverici hərəkətdir. M.Ağayevə, bir şou əhli olduğu üçün heç vaxt rəğbətim olmayıb və onu sənətkar kimi də qəbul etmirəm. Amma burada məsələ, bakılılar demiş? alayı cürdür. Füzuli aeroportuna qədər olan çoxsaylı polis və hərbi postlardan M.Ağayev necə keçib? Bəlkə M.Ağayevin yanında pulun gücünə erməni diversant yerləşib və o da rahatca aeroportu partlada bilərdi. Deməli, postlarımızda nəzarət... o söz... Bu, bir. İkincisi isə, lap tutaq ki, M.Ağayev qanunsuz doğma yurduna səfər edib. Buna görə şifahi xəbərdarlıq etmək və ya müəyyən miqdarda pul cəriməsi tədbiq etmək olardı. Axı M.Ağayevin həbsi ilə erməniləri üstümüzə niyə güldürürsünüz ki, Azərbaycan doğma evinə gedəni cəzalandırır? Belə çıxır ki, o yerlərə qayıdış olmayacaq və ermənilər yenidən həmin ərazilərə iddia edə bilər. Manafa verilən cəza isə, həqiqətən də utancvericidir.

***

Müğənni Orxan Babazadə ailə qurmağa hazırlaşdığını bildirərkən bir sayta belə deyib: “İnşallah, yayda toy edəcəm. Ailə qurmağa hazırlaşdığım xanımın adını deyə bilmərəm. Sadəcə baş hərfini deyə bilərəm: “A”dır.

P.S. Orxan bəy, toydan əvvəl xanımın adının baş hərfini öyrənə bilmisənsə, afərin! Ömür hələ qabaqdadır. İnşallah, toydan sonra o biri hərfləri də öyrənəcəksən və onda biləcəyik ki, hərif kimdir?

***

Aktrisalıqdan uzaq olsa da, aktrisa sayılan, əvəzində soyunub lüt-ətcəbala olmaqla gündəmə gəlsə də, həddindən artıq abırlı, həyalı, utancaq olan Pərvin Abıyeva “İnstaqram” hesabında yeni görüntüsünü paylaşıb. Bu görüntüdə Pərvinin həddindən artıq arıqladığını bildirən bir sayt belə yazıb: “Pərvin bir dəri, bir sümük qalıb”.

P.S. Həə... Deməli, Pərvin bir dəri, bir sümük qalıb. Ola bilər Pərvin xanım soyunmaqdan daha utanaraq, özünə qəsd yolunu seşib və beləcə bu yolla əriyib aradan çıxmağa çalışır... 

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN