booked.netbooked.net booked.net  

Aktrisa Məlahət Abbasovanın Ukrayna prezidenti, Rusiya kimi nəhəng bir dövlətin ordusu ilə əldə silah, xalqı ilə bir yerdə ölüm- dirim savaşına çıxmış və hələ ki, qalib görünən Vladimir Zelenski haqqında dediyi "aktyor, ssenarist və rejissordur. Siyasət onun yeri deyil, aktyordan lider olar?" sözlərinə müğənni Xatirə İslam belə cavab verib: "Azərbaycan tərəfdən bu cür yanaşmanı istəməzdim. Heç olmasa, sakit oturun. Məsələn, Ronald Reyqan həm yaxşı aktyor, həm də yaxşı prezident idi".

P.S. Bax buna görə mən Xatirəyə necə "əhsən" deməyim? Halal olsun, vallah! Bu sözlərinə görə, söz verirəm ki, Xatirə xanımın ən azı üç dəfə açıq-saçıq geyinməyinə heç bir söz deməyəcəyəm. Qaldı Məlahət Abbasovaya, bu xanım açıq şəkildə ortaya qoydu ki, rusun agentidir və rusa xidmət edən "5-ci kolon"un üzvüdür. Belələrini vətən xaini kimi el içində rüsvay etmək lazımdır...

***

Müğənni Mətanət Əsədova "Tam vaxtıdır" verlişində qonaq olarkən bu il ana olmaq istəyini bildirərək belə deyib: "Açıq deyim, sevirəm. Evliliklə bağlı bir plan var. Mən kişi olsam sevdiyim qadını da xoşbəxt edərdim. Eləcə də indi qarşımdakı bəy də xoşbxətdir ki, yanında mənim kimi xanım var".

P.S. Bax, buna deyərlər "qocalanda yorğalıq". 52 yaşını haqlamış Mətanət xanım 2014-cü ildə, 44 yaşında birinci ərindən uşaq olmadan boşanıb. O vaxt həmin ərinin "məndən böyüksən, utanmadın mənə ərə gəldin" sözlərindən Mətanət xanım bərk dilxor olmuşdu. 2017-ci ildə isə, yəni 47 yaşında Mətanət xanım ikinci dəfə ərə gedərkən deyirdi ki, "mən çox kaprizli xanımam, amma o məni sevir". Bu sevgi də tezliklə rəhmətə getdi və Mətanət xanımın ana olmaq arzusu ürəyində qaldı. İndi yenə, yəni 52 yaşında ailə qurmağa və bu il ana olmağa hazırlaşır. Necə deyərlər, atalar üçdən deyib. Ona görə də Mətanət xanım, bax xasiyyətini bilirəm, "kaprizliyinə" , yəni şıltaqlığına salıb, üç nəsdi, dörd bəsdi, çıxdın beşə, vur on beşə eləmə haa... Üçdə dayan və özün də bir az tələs ki, ana olmağın bu ilə düşə bilsin.

***

Qəzetlərin birində jurnalist həmkarımız sınaq imtahanlarının qiymətlərindən bəhs edən yazısına belə başlıq qoyub: "Sınaq imtahanlarının qiyməti 2 manatdan 40 manata qədər "şərəfli yol" keçib".

P.S. Bax, adama deyərlər ki, ay həmkarım, sənin burada gizli bir niyyətin yoxdursa, niyə şərəfli yol sözlərini dırnaqda yazırsan? Bu sözləri dırnaqda yazırsansa, onda demək istəyirsən ki, sınaq imtahanlarının qiymətini qaldıranlar pis yol keçiblər? Onda gəlin biz də dırnaqsız belə yazaq: Sınaq imtahanlarının qiymətini 2 manatdan 40 manata qədər qaldırmaqla şərəfli olmayan yola imza atanlara, dırnaqsız ... ar olsun!

***

Məlumatlara görə, Qarabağdakı separatçılar Azərbaycanın işğaldan azad etdiyi rayonlara "işğal olunmuş ərazilər" statusu verib.

P.S. Əşi, nə olsun e? Onda biz də Qarabağdakı həmin o seperatçılara "it statusu" verək, bununla o daşnak ermənilərin xisləti dəyişəcəkmi? İndi separatçı daşnaklar da, kasıb itinin adını qızıl qoyan kimi, bunlar da "işğal olumuş ərazilər" deməklə təskinlik tapırlar. Amma bizim verdiyimiz "it statusu" ilə bir gün bu seperatçıları iti qovan kimi qovacağımız heç kimdə şübhə doğurmasın.

***

Verilən xəbərə görə, AMEA-nın prezidenti olmaq istəyən Neft-Kimya Prosessləri İnstitutunun direktoru, kimya üzrə elmlər doktoru, yaşı 80-ni çoxdan keçmiş akademik Vaqif Abbasov 100-ə qədər qohum-əqrəbasını öz himayəsi altında işə götürüb. Onların böyük bir hissəsinin mətbuatda siyahısı da verilib.

P.S. Hörmətli həmkarım, bu, belə də olmalıdır dəə... Ramiz Mehdiyev sülaləsi getdi, indi Vaqif Abbasovun sülaləsi gələcək. Bizdə əsas elmin inkişafı deyil, qohum-əqrəbanın inkişafı çox önəmlidir. Elmin "day-daysı" olmadığı üçün yerində də saya bilər. Əsas qohum-əqrəbanın irəli getməsidir, mən ölüm.

***

Bakı şəhər sakini, Nizami küçəsi, ev 53, mənzil 41-də yaşayan Kəmalə Abdullayeva mətbuat vasitəsi ilə Ədliyyə Naziri Fikrət Məmmədova müraciət edərək, 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şakir Qəniyevin 6 ayda 4 məhkumu pula görə döyüb, öldürdüyünü, hazırda onun oğlunu da bir neçə dəfə döydüyünü, bu səbəbdən də oğlunun həyatının təhlükədə olduğunu bildirib və nazirdən kömək istəyir.

P.S. İnanırıq ki, hörmətli nazir Fikrət Məmmədov 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şakir Qəniyev haqqında bir tədbir görəcək. Amma bizim üçün maraqlıdır, görəsən, qorxmur ki, bu pul verə bilməyən məhkumların ah-naləsi bir gün Şakir Qəniyevə qənim olar? Və yaxud bu rəis görünür S.Vurğunun bu misralarından xəbərsizdir:

"Cahanda hər hökmü bir zaman verir,

Dünən fərman verən, bu gün can verir".

***

Ötən həftə Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assamleyasının komitə iclaslarında iştirak etmək üçün qədim şəhərimiz İrəvanda olublar.

P.S.Artıq azərbaycanlıların addım səsləri Lenin tərəfindən Ermənistanın paytaxtı edilmiş İrəvandan gəlir. Ermənilər özlərini nə qədər cırıb, dağıtsalar da səfər baş tutub, deputatlarımız iki gün İrəvanda qalıblar. Bu, o deməkdir ki, İrəvana artıq ayağımız açıldı. Tezliklə öz dədə-baba yurdumuza qayıdacağımıza daha heç bir şübhə yoxdur.

***

Sabiq polis rəisi Mahmud Hacıyev bir qəzetə verdiyi müsahibədə biznesmen deputatlardan danışarkən belə deyib: "Alverçi deputatların mandatları alınmalıdır".

P.S. Hörmətli Mahmud müəllim, bizdə alverçi, yəni alıb, verən deputat yoxdur axı. Bizim deputatlar "al"molladır, "ver"mollası deyil. Bu səbəbdən onlara alverçi adı yaraşmır.

***

Bircə alababat şeiri gözə dəyməsə də şairə sayılan, şairliyi isə şou-biznesə çevirən Nazilə Səfərli "Bizimləsən" proqramında qonaq olub və mayda oğluna toy edəcəyini bildirərək belə deyib: "Gəlin qızılıyla, gümüşüylə, xonçasıyla qarşılanmalıdır. Gəlini ucuz gətirsən, ona ucuz baxacaqsan".

P.S. Gəlinə qızıla, gümüşə görə qiymət verənin özü ucuz və cılız adamdır. Atalar yaxşı deyib: "neyləyirəm o qızıl teşti ki, içində qan qusum". Ustad şairimiz Nəriman Həsənzadə isə "Tale" şeirində məhz belələrini nəzərdə tutaraq yazıb:

"Budurmu xoşbəxtlik, yaxud səadət?

Budurmu dünyanın ağız ləzzəti?

Almazın, yaqutun içində fəqət,

Mən ağlayan gördüm, bir məhəbbəti".

Nazilə xanım, gəlinin xonçasına qızıl, gümüş yox, sevgi, səadət, məhəbbət, bir az da ədəb-ərkan qoysan xoşbəxtlik görərsən.

***

Xalq artisti Aygün Kazımovanın sosial şəbəkədə paylaşdığı yeni görüntülərini bir sayt belə təqdim edib: "51 yaşlı Aygün Kazımova elə görüntülərini paylaşdı ki, cazibədar görünüşü izləyiciləri heyran etdi".

P.S. Ətiniz tökülsün elə. Nə görmüsünüz bu 51 yaşlı Aygün Kazımovada? Rəhmətliyin uşağı, 51 yaşlı qadının hansı cazibədar görünüşü ola bilər? 50 yaşından sonra qadın ortaya bir mədəniyyət, abır-həya nümunəsi qoymaqla cazibədar ola bilər. Yoxsa 51 yaşında da soyunub bədən əzalarını günə verməklə qurudan Aygün Kazımovanın hansı cazibədarlığı ola bilər?

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Təbrik!

Bu şirin-şəkər Hüseyn balanın dünən, fevralın 28-də 1 yaşı tamam oldu. Bu ilk ad günü münasibəti ilə, bal kimi şirin balamızı ürəkdən təbrik edirik. Hüseyn balamıza elə  həyat arzulayırıq ki, ömrünü həmişə şən, qayğısız və firavan yaşasın. Gələcəkdə vətənə sədaqətli əsgəri olacaq Hüseyn balamız, inanırıq nəinki ata-anasının, qohum-əqrəbasının, hətta bütün elin-obanın fəxr edəcyi bir oğul kimi böyüyəcək. Balaca, şıltaq Hüseynə xoşbəxt ömür arzulayaraq, deyirik: Ad günün, şad günün mübarək, əziz balamız!

Təbrik edirlər: Babaları Vaqif, Taleh, nənələri Almaz, Tutu, atası Elyar, anası Nəzrin, əmisi Vadim, bibiləri Mehparə, Nəcmiyə, dayıları Orxan, Sübhan, yaxın qohumları, qonşuları və bütün Hüseyni sevənlər.

Təbrikə xüsusi olaraq Elçin Məmmədli də qoşulur.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN