Nizami rayonundakı “Xudafərin” şadlıq sarayında Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirdə I və II Qarabağ döyüşü iştirakçılarının bir araya gəlməsi olduqca maraqlı mənzərə idi

 Martın 15-də Nizami Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş geniş tədbir keçirildi. Nizami rayonunda yerləşən “Xudafərin” şadlıq sarayında baş tutan tədbirdə həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin iştirakçıları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan  Nizami Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin sədri, ehtiyatda olan mayor Yahya Ağayev iştirakçıları ilaxır çərşənbə və Novruz Bayramı münasibətilə təbrik edərək dedi: “Əziz tədbir iştirakçıları, xahiş edirəm vətənimizin azadlığı yolunda canından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək”. Sayğı duruşundan sonra Y.Ağayev sözünə davam etdi: “Hörmətli tədbir iştirakçıları, istəyirəm buradakı qonaqları sizə təqdim edim. Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi Məsələlər üzrə şöbə müdirinin müavini Bəhmən Hüseynov, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, yazıçı-publisist, Prezident təqaüdçüsü Tapdıq Əlibəyli, “Azərbaycan bayrağı” ordenli I və II Qarabağ döyüşünün iştirakçısı, polkovnik Hikmət Ağayev, 4 rayonun azad olunmasına görə medallarla təltif edilmiş mayor Elşən Umarov, Talış və Suqovuşan kəndlərinin azad olunmasına görə medallarla təltif olunmuş, baş leytenant Arif Əliyev, I Qarabağ müharibəsinin iştirakçısı, “Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədli və oğlu II Qarabağ savaşının iştirakçısı Tural Məmmədli, I Qarabağ müharibəsinin iştirakçısı gizir Azad Hüseynov, “20 yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə bu günki tədbirimizin iştirakçılarıdır. Mən istəyirəm II Qarabağ müharibəsində bizə tarixi qələbə yaşadan gənc qazilərimizi də sizlərə təqdim edim:

1.Elçin Əhmədov

2.Elxan Əlişov

3.Orxan Məmmədsadıqov

4.Rza Rzayev

5.Azər Hüseynli

6.Emin Nəcəfov

7.Vüqar Həsənov

8.Adil Fərmanov

9.Mirşahin Cəlallı

10.Nəriman Salmanov

11.Anar Hacıyev

12.Nicat Ağayev

13.Mübarək Allahverdiyev

14.Şəhriyar Rzalı

15.İlham İsmayılov

Hörmətli tədbir iştirakçıları, mən fəxrlə deyə bilərəm ki, müstəqil dövlətimizin müdafiə qüdrətinin möhkəmləndirilməsində gənclərimizi vətənə sədaqət və məhəbbət ruhunda tərbiyə etmək Veteranlar Təşkilatı İctimai Birliyinin həyata keçirdiyi əsas prinsiplərdən biri olmuşdur. 44 gün davam edən döyüşlərdə Azərbaycan Ordusu hansı qüdrətə malik olduğunu bütün dünyaya göstərdi. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən qüdrətli orduları sırasında olduğunu sübut etdi. Ali Baş Komandan Prezident cənab İlham Əliyev  II Qarabağ savaşında əsl sərkərdəlik məharətini ortaya qoydu. Dünyaya bir lider kimi özünü göstərə bildi.

Hörmətli tədbir iştirakçıları. Sizi qarşıdan gələn Novruz Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Üzünüzə açılan hər bir səhər həyatınıza ailə səadəti, evinizə ruzi-bərəkət, sevinc və xoşbəxtlik gətirsin”.

Bu çıxışdan sonra Y.Ağayev II Qarabağ savaşında iştirak etmiş və yuxarıda adları qeyd olunmuş gənc qaziləri Veteranlar Birliyi adından Fəxri Fərmanla təltif etdi.

Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, “Azərbaycan bayrağı” ordenli, polkovnik Hikmət Ağayev, yazıçı-publisist Tapdıq Əlibəyli, “20 yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə, “Təzadlar” qəzetinin əməkdaşı olaraq bu sətirlərin müəllifi, həm I, həm də II Qarabağ savaşının oxşar və fərqli cəhətlərindən söz açaraq gənclərimizin vətənpərvərlik ruhunun çox yüksək olduğunu bildirdilər. Ali Baş Komandan Prezident cənab İlham Əliyevin II Qarabağ savaşında göstərdiyi Dəyanət və Mətanət, dünyanın 40-a qədər ölkəsinin jurnalistinə verdiyi samballı müsahibələri ilə ordumuz qədər iş görməsindən, qəhrəman Azərbaycan oğullarının rəşadətindən ətraflı söhbət açdılar. Tədbirdə II Qarabağ savaşının iştirakçılarının hər birinin ayrılıqda təltif edilməsi, belə döyüşçülərə göstərilən qayğı və diqqətin bariz nümunəsidir.

Əlbəttə, II Qarabağ savaşında xüsusi ilə gənclər böyük rol oynadılar. 19-25 yaş arası olan  gənclər bu döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərdilər. Məhz onların və digər oğullarımızın qəhrəmanlığı sayəsində 30 il işğalda olan torpaqlarımız azad olundu və bu qələbə Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı.

Sonda tədbir ziyafət masası arxasında davam etdirildi.

Elçin MƏMMƏDLİ

 


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA