Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Bayden NATO Zirvə Toplantısı çərçivəsində İspaniyanın paytaxtı Madriddə bir araya gəliblər.
Anadolu Agentliyi xəbər verir ki, R.T.Ərdoğan görüşdən əvvəl etdiyi çıxışında uzun müddətdən sonra amerikalı həmkarı C.Baydenlə yenidən görüşməkdən məmnunluq duyduğunu bildirərək deyib: “NATO Zirvə Toplantısının davam edən iclaslarında alyansın güclənməsi üçün atılacaq addımlar müzakirə ediləcək. Bunun Rusiya-Ukrayna prosesinə xüsusi töhfə verəcəyinə inanıram. Fevralın 24-dən bu yana sürən Rusiya-Ukrayna müharibəsi səbəbindən son vaxtlar taxıl və yanacaq problemi yaşanır. Biz Türkiyə olaraq balans siyasəti ilə prosesi həll etməyə çalışırıq. Ümid edirik ki, bir nəticə əldə edəcəyik".
Qeyd edək ki, görüşdə Türkiyə və ABŞ prezidentlərini geniş tərkibli nümayəndə heyətləri müşayiət edib. Ölkə başçıları NATO-nin gücləndirilməsi istiqamətində atılacaq addımları, Ukrayna böhranını, eləcə də gündəlikdə olan digər məsələlər ətrafında müzakirələr aparıblar.