booked.netbooked.net booked.net  

Hacıqabul rayonunun Udulu kəndi ərazisində yerləşən və antik dövrlərə aid qəbiristanlıqda qədim məzarların baş daşları və kurqanlar bu günədək qalmaqdadır.

Həmçinin el arasında “Uçuq Pir” adlanan tarixi bir abidə də var ki, bu günədək hələ də tədqiq olunmayıb.

TEZADLAR.AZ AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, beş hektar ərazini əhatə edən bu qəbiristanlıqda katakomba, küp və təknə qəbirləri elə ilk baxışdan diqqəti cəlb edir. Baxımsız qalan bu qəbirlərin baş daşlarının çoxu aşıb, yarısı isə torpaq altında qalıb. Tarixçilərin fikrincə, bu qəbiristanlıq ilkin müsəlman dövrlərinə aid zamanda nəhəng sal daşlarından salınıb. Bir çox tarixi məqamların gizli qaldığı bu qəbiristanlıqda yalnız bircə dəfə - 1985-ci ildə arxeoloji qazıntılar aparılıb, lakin o da yarımçıq qalıb.

Buradakı “Uçuq Pir” də tarixi baxımdan diqqəti cəlb edir. Abidənin XI əsrdə tikildiyi ehtimal olunur.

Tarixçi tədqiqatçı Elman Həsənov bildirib ki, “Uçuq Pir” əvvəllər üç bürcdən ibarət olub. Məlumata görə, XX əsrin əvvəllərində Şamaxıda baş verən zəlzələ zamanı iki bürc uçub dağıldığı üçün günümüzə qədər təkcə bir bürc salamat qalıb. Qapının girişində üst hissədə kufi xətti ilə yazılan “Allah” sözü və yan tərəfdə üç yerdə “Allah Muhamməd Əli” sözləri də var. Ehtimal olunur ki, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai Pirsaat çayı boyunca Şamaxıya yürüş edən zaman bu yerdən keçib və burada şiə təriqəti yayıldığı üçün qapının üstünə “Allah” sözündən başqa “Muhamməd” və “Əli” sözləri də yazılıb. Tikilinin tərkibində dairəvi pilləkən mövcud olub, hazırda onun bir hissəsi salamatdır. Ehtimal edilir ki, həmin pilləkən tikilinin üst hissəsinə qalxmaq üçün nəzərdə tutulub. “Hazırda türbədə əsaslı şəkildə tədqiqatlar aparılmasına ehtiyac var. Çünki bura ərazi bir çox sirri özündə saxlayır. Onları araşdırıb üzə çıxarmağa ehtiyac var”, - deyə Elman Həsənov qeyd edib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə sorğumuza cavab olaraq bildirilib ki, Udulu kəndi ərazisində yerləşən “Uçuq pir” adı ilə tanınan tarixi tikili yeni aşkar edilmiş abidə qismində qeydə alınıb. Həmin tarixi abidənin də reyestrə daxil edilməsi istiqamətində işlər aparılır. Reyestrə daxil edildikdən sonra onun bərpası işlərinə baxılacaq.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN