Rusiya Federasiyası daxili işlər nazirinin müavini İqor Zubov xarici ölkələrin nümayəndələri arasında cinayətkarlığın artdığını bildirib.

O, diqqətə çatdırıb ki, 2022-ci ilin 12 ayının yekunlarına görə, əcnəbilər tərəfindən 40,2 min cinayət hadisəsi törədilib.

“ 2021-ci ilin eyni dövrü ilə müqayisədə 10,3% artım", -  o, Rusiya Dövlət Dumasında çıxışı zamanı açıqlayıb.

Bütün bunlara baxmayaraq, nazir müavini vurğulayıb ki, Rusiyanın miqrantlara ehtiyacı var, ona görə də onlardan “təcrid” olunmaq fikrində deyil.

"Rusiya miqrantlara ehtiyacı olan bir ölkədir. Biz bundan heç bir yerə uzaqlaşa bilmərik... Biz özümüzü təcrid edə bilmərik", - deyə diqqətə çatdırıb.

Onu da əlavə edək ki, şimal qonşumuz bu il xarici ölkələrdən 120 mindən çox işçi cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, pandemiya dövründə miqrantların 40 faizi Rusiya ərazisini tərk etmişdi, hansı ki, onlar işçi kimi fəaliyyət göstərirdilər. 2020-ci ildə ölkə ərazidində  xarici işçi miqrantlarının sayı 7 milyona qədər azalmışdı.

Məsələn, Rusiyada çalışan miqrantların Həmkarlar İttifaqının sədri Renat Kərimov mediaya açıqlamasında bildirib ki, 2019-cu ildə Rusiyada rəsmi şəkildə 500 minə yaxın Tacikistandan vətəndaşı çalışırdısa, 2020-ci ildə bu rəqəm 4 dəfə azalıb.

O, qeyd edib ki, bu paytaxt Moskvada da özünü göstərib. Beləki, qış aylarında Moskvanın küçələri demək olar ki, qardan təmizlənmirmiş....

Onun sözlərinə görə, Rusiyada miqrantlar işə götürənlər üçün çox sərfəlidir, çünki rusiyalılarla müqayisədə daha çox işləyib, daha az məvacib almaqla razılaşırlar və onları səhər saat 4-də işə gətizdirmək və gecə saatlarına qədər işlətmək mümkündür…

Əlbəttə, çox acı bir açıqlamadır, lakin faktdır.

Xatırladaq ki, Rusiya dünyada əhalisinin sayına görə  9 -cu yerdə qərarlaşıb - 147,2 milyon nəfərdən çox. Lakin göründüyü kimi, işgüzarlıq və dözümlülük sarıdan xaricilərdən geri qalırlar. Ona görə də ucuz miqrant əməyi olmadan ölkənin yaşaması çox çətindir…

Və vətənlərində həmin qəpik-quruşu belə qazana bilməyənlər, ölkələrini tərk edib Rusiyaya üz tutmağa məcburdurlar. Yad ölkədə isə həyat şərtləri onların bir çoxunu müxtəlif cinayət hadisələrinin iştirakçısı olmağa sövq edir… Bəziləri illərlə həbsxana həyatını dadası olur, bəziləri isə vətəndən uzaqda sadəcə yox olub gedir – ailəsi belə xəbər ala bilmir…   

Y.MƏMMƏDLİ