Azad İstehlakçılar İctimai Birliyi(AİİB) ciddi araşdırmalara başladı…

 «Azad İstehlakçılar İctimai Birliyi “FB Company” MMC ilə “Azure Business Center”-də yerləşən “Megafun” Ticarət Mərkəzinin sahibləri arasında davam edən münaqişə ilə əlaqədar sənaye mallarının keyfiyyətinə dair akkredasiya olunmuş rəsmi qrumlar tərəfindən hazırlanmış ekspertiza sənədlərini əldə etmişdir. Sınaq nəticələrinə dair rəsmi cavabların təhlili göstərir ki, ekspertizaya təqdim olunan çoxlu sayda usaq və böyüklər üçün  üst və alt geyimlərinin uzun müddət saxlanması zamanı (20 min sayda) geyimlərdə yananmış kiflərin, qurd və həşaratların təmizlənməsi üçün  Beynəlxalq konvensiya ilə istifadəsi qadağan olunmuş DDT və onun metabolitləri vasitəsi ilə həmin geyimlərə kimyəvi müdaxilələr olunmuşdur».

 Bu sözləri birliyin sədri Eyyub Hüseynov «Təzadlar»a açıqlamasında bildirdi. E.Hüseynov əlavə etdi ki, DDT və onun metabolitləri vasitəsi ilə kimyəvi müdaxiləyə məruz qalmış bu geyimlər istehlak olunarsa insan orqanizminə kansoregen, hormonal, dermatoloji, allergik, nevroloji, həzm sistemi pozğunluğu və s. kimi problemlər yarada bilər. «…Biznes qurumları öz mənafeləri naminə hər cəhdlə belə malları bazara çıxarıb əhaliyə satmağa cəhd göstərə bilərlər. Qeyd edək ki, istənilən sənaye malının, o cümlədən daha həssas olan uşaqlar üçün geyim mallarının müəyyən saxlanma şəraiti, yararlılıq müddəti kimi standartlar mövcuddur. Azad İstehlakçılar İctimai Birliyi bu malların hərəkət trayektoriyasını təqib edəcəkdir və mümkün olan işləri görəcəyik ki, bu mallar istehlakçılara çatmasın. Dövlət orqanlarına da müraciət edirik ki, bu məsələni təqib etsinlər və bu cür təhlükəli malların insanlara çatdırılmasının qarşısı alınsın. Azad İstehlakçılar İctimai Birliyi olaraq qeyd edirik ki, bu cür geyimlərin satışı yolverilməzdir. Biznes qurumlarını da istehlakçıların həyat və sağlamlıqları üçün təhlükəli əməldən çəkinməyə çağırırıq…», -deyə AİB-in sədri Eyyub Hüseynov əlavə etdi.

İstehlakçıları da diqqətli olmağa çağırırıq. Hörmətli E.Hüseynov haqlı olaraq həyəcan təbili çalır ki, sonradan yaranacaq fəsadlara da ehtyiac qalmasın.

Yasəmən Məmmədli