Qazaxıstan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı açıqlama verib...

Bu barədə Qazaxıstan Respublikasının rəsmi "Kazaxıstanskaya pravda" qəzeti və qəzetin “kazpravda.kz” portalı məlumat yayıb... Sitat: “Dağlıq Qarabağ ətrafında baş verən son hadisələrlə əlaqədar Qazaxstan Respublikası Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqləyir, həmçinin bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq siyasi və diplomatik vasitələrlə həllinə tərəfdardır”, -  qurumun bəyanatında deyilir.

***

Əlbəttə, bura qədər çox gözəl, çox pakizə! Qardaş ölkədən ədalətli bəyanat gözləyirik, onu da ediblər. Necə deyərlər, haqqı deyib, hüquqa söykəniblər. Amma Azərbaycanın Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması yolunda çaba göstərdiyi bir vaxtda – həqiqəti bilsələr də, görsələr də özlərini karlığa, korluğa vurmuş bir çox qərb, Avropa ölkələrinin saxta, iftira, yalan dolu informasiya təbliğatı ilə mübarizə apardığı bir zamanda dostumuz, canımız, damarda bir qan qardaşımız olan Qazaxıstanın “kazpravda.kz”  portalından zərbə alırıq – onlar da erməni, fransız, amerika ... təbliğat maşınlarının üyüdüb tökdüklərini, sırımaq istədiklərini yazırlar.  Beləliklə, qurumun bəyanatını dərc edən portal yazır:

“Xatırladaq ki, sentyabrın 1-də Dağlıq Qarabağ Respublikasının prezidenti Arayik Arutyunyan parlamentə istefa ərizəsi təqdim edib. Sentyabrın 9-da Dağlıq Qarabağ Respublikasının parlamenti növbədənkənar iclasda yeni prezidenti - 45 yaşlı Samvel Şahramanyanı seçib”.

 Çox maraqlıdır, Qazaxstan Respublikası XİN-in bəyanatını yayan portal bilmir ki, Azərbaycan Respublikasının ərazisində heç bir qondarma “Dağlıq Qarabağ Respublikası” mövcud deyil, olmayıb və olmayacaq?! Və Azərbaycanda da  nə Arayik Arutyunyan adlı, nə də Samvel Şahramanyan adlı “prezident”lər olmayıb?!

Necə ola bilər ki, bu boyda məşhur və rəsmi qəzet (portal) Azərbaycanda nə baş verdiyindən xəbərsizdir: 30 il ərzində ermənilərin viran qoyduğu Qarabağın videosüjetləri, fotoşəkilləri, diri-diri basdırdığı, donuzlara yem etdiyi insanların faciəsi dünyanı dolaşır, amma bu portalın qulağına çatmayıb?! 44 günlük Vətən müharibəsində can qoyan minlərlə igidimizdən, Prezidentin “Dəmir yumruq”la tarixi ədaləti bərpa etməsindən də xəbərsizdirlər?..

kazpr

Həm də qeyd edirlər ki, Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda keçirilən prezident seçkilərinin Azərbaycan Respublikasının konstitusiya və qanunlarının, habelə beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu bəyan edib. Bəs belə olan halda, siz kimə xidmət edirsiniz və yolun hansı tərəfində dayanmısınız?

 Yalnız təəssüflənmək olar. Min kərə təəssüf!!!

Yəqin ki, baş verənlərlə bağlı portalın açıqlaması olacaq, amma hansı açıqlama bu münasibəti - qərəzi izah edə bilər?

İndi isə oxuculara həmin xəbərdə qeyd edilən hissəni olduğu kimi təqdim edirik:

“Напомним, 1 сентября президент Нагорно-Карабахской республики Араик Арутюнян представил в парламент заявление о своей отставке. Парламент Нагорно-Карабахской республики на специальном заседании 9 сентября избрал нового президента - 45-летнего Самвела Шахраманяна.”

 qazax-med

Yasəmən MƏMMƏDLİ

P.S."Təzadlar" olaraq artıq bu dəqiqələrdə qəzetin (portalın) baş redaktoruna etiraz məktubu göndərdik. İnanırıq ki, qısa vaxtda bu qərəzli ifadələrə aydınlıq gətiriləcək, məlumata düzəliş veriləcək...