Bir neçə gün öncə Kamran Həsənli İTV-də efirlərimizin bərbad vəziyyətdə olması barədə danışdı. İndi onu ağ yuyub, qara sərirlər...
Bunu təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi sosial şəbəkə hesabında bildirib.
O, vurğulayıb ki, vaxtilə teleaparıcı Kamran Həsənli də televiziya kanalında çalışarkən indi tənqid etdiyi həmkarları kimi verilişlər təqdim edib...
Elçin Əfəndi həmin dövrdən bəzi sitatlar da çəkib:
"Onu bu formada qaraldanlar da elə öz həmkarları, eyni zamanda cəmiyyətdir. Bəzi həmkarları təəssüf ki, çərçivədaxili təzyiq əsasında bunu edir, digərləri və cəmiyyət isə haqlı olaraq. Çünki Kamran vaxtında özü də bostanda mənşəyi məlum olmayan məhsullar əkirdi və indi o məhsullar zay, çürük olaraq yetişib. Vaxtilə olanlara göz yumub cəmiyyətin mənəvi aşınmasına təkan vermək, nankorluqdan başqa bir şey deyil", - deyə o, qeyd edib.
Elçin Əfəndi Kamran Həsənlinin dediklərində həqiqət olduğunu, onunla həmfikirliyini, lakin məhz K.Həsənlinin bu tənqidləri etməyə mənəvi haqqı olmadığını da vurğulayıb.
"Dəstəkləyirəm ki, bəli, düz deyir - TV-lərin islahata ehtiyacı var. Bunu ondan əvvəl də, sonra da, indi də demişəm və deyirəm. Bunu biz deyə bilərik, amma Kamran yox! Çünki o öz imicini vaxtilə zədələyib. Məhz "bozbaşizmin" əsasını qoymaqla, Aygünün "get, klarnetini çal" deməsilə, Şəkidən olan vətəndaşın "mənə də itoynadan deyirlər" deməsilə və s.
Bu mövzuda daşı Kamran ata bilməz. Yalnız günahı olmayan ata bilər!", - o, sonda əlavə edib.
Xatırladaq ki, bu günlərdə aparıcı Kamran Həsənli İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində televiziyaları tənqid edib.
Adıçəkilən verilişdə teleaparıcı Kamran Həsənlidən başqa, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Qulu Məhərrəmli, telejurnalist Turan İbrahimov,  İTV-nin Səhər proqramları departamentinin direktoru Üzlüfət Qasımova da iştirak ediblər.
Verilişdən sonra aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında həmkarı Kamran Həsənlinin ünvanına tənqidlər səsləndirib.
 "Dədələrinə 10 qəpik xeyri olmayan insanlar bu günlər Azərbaycan televiziyalarında çalışan əməkdaşlarını aşağılayıb, onların ünvanına layiq olmadıqları sözləri deyirlər. Nə istəyirsiniz? Əgər sən pul qazana bilmirsənsə, səni çağırıb verilişlər vermirlərsə, bu, sənin günahındır. Çünki sənin apardığın verilişlər baxılmır. Əgər, əksinə baxılan olsaydı, sənə veriliş verib, otuzdurardılar başda. Səni heç toylara da aparıcı kimi çağıran yoxdur", - deyə Elgiz Əkbər bildirib.
Qeyd edək ki,  teleaparıcı Kamran Həsənlinin televiziyalar barədə tənqidi fikirləri ilə sosial şəbəkə istifadəçilərinin bir çoxları razılaşsa da, lakin vaxtilə onun özünün də belə veriliş apardığı barədə iradlar da bildirilir...
Y.Məmmədli