booked.netbooked.net booked.net  

...Hər il məktəblilərin qış və yay tətillərində valideynlərim bizi keçmiş sovetlər birliyinin müxtəlif şəhərlərinə səyahətə aparardılar (bu, bir çox ailələrdə adət halını almışdı). Bu gəzinti daha çox Rusiya və Ukrayna ölkələrinin şəhərlərinə olardı. Dərslərimizi daha yaxşı oxuyaq deyə, bizə əvvəlcədən hansı şəhərə səfər edəcəyimiz barədə məlumat verilərdi. Ailədə hər birimiz həmin günü səbirsizliklə gözləyərdik. Ailənin sonbeşiyi olduğum üçün bu mükafatlardan daha çox mən yararlanardım. Əlbəttə, hər rübün axırında valideyn iclasında təriflənməyimdən və bizə verilən rüblük qiymət cədvəlindən sonra...

Həmin səfərlərdən daha çox yeniyetməlik dövründə yaddaşımda iz buraxanlar isə Kyev, Lvov şəhərləri və indi də çoxlarının sevərək üz tutduğu Truskavesdir.

Min ildən çox yaşı olan qədim Kiyev və Lvovun İkinci Dünya müharibəsində də qorunub saxlanılan tarixi-mədəni abidələri, binaları, parkları, meydanları bu gözəl yerlərə səfər edənlərin yaddaşında mütləq mənada iz buraxır.

***

...Bəzən Kiyevin küçələrində həmyerlilərimizlə, yaxınlarımızla da qarşılaşası olurduq. Bu, gəzintini daha maraqlı edirdi. Qarşılıqlı olaraq bir-birimizə şəhərin hansı hissəsində görə biləcəyimiz maraqlı məkanlar barədə məlumat verərdik...

Kiyev və Lvovun görməli-gəzməli yerlərini gəzib-dolaşıb heyranlıqla izlərkən, mağazalarda alış-veriş etməyi də unutmazdıq (Bu, sovet dövründə Azərbaycandan şimala gedən hər kəsin bir nömrəli səfər məşğuliyyətlərindən biri idi...).

Daha sonra üz tutduğumuz bölgələrdən biri də 19-cu əsrdən öz müalicəvi bulaqları və reabilitasiya mərkəzləri ilə məşhur olan kiçik kurort şəhəri Truskavesdi.

Bu şəhər yay aylarında qaynar qazan kimi coşub-daşardı. O zaman qardaş hesab edilən sovet ölkələrindən xeyli insan da istirahət üçün məhz buranı seçərdi.

Kiçik taxta hasarlarla əhatələnmiş gül bağçaları olan “xata”ya bənzər evlər şəhərə xüsusi gözəllik verirdi. Mənim üçün bu bağçalı və sadə evlər dünyanın ən bahalı imarətlərindən daha cazibədar idi. Qonaqpərvər və mehriban Ukrayna ailələri öz evlərini bu şəhərə üz tutanların üzünə açardılar. Bir çox ailələr tətil günlərini, məhz belə həyət-bacalı evlərdə keçirməyə üstünlük verərdi. Yeməkxanalardakı ucuz qiymətlər səbəbindən bəzən yemək saatlarında uzun növbə olardı: buranın məşhur Ukrayna borşunun dadını isə heç unutmaq olmaz...

Hər gün şəhərin mərkəzi hissəsində eyni saatda orkestr çalardı. İstirahət üçün bura yığışan insanlar da istədikləri bulağa yaxınlaşıb, xüsusi fincanlarda su içərdi. Hətta yadımdadır ki, bu bulaqlardan axan su xüsusi saatlarda verilərdi. Onlar bulaq sularına da dəyər verərdilər...

Şəhərdə hər tərəfdə ayaq altında dolaşan saysız-hesabsız göyərçinlər çəkinmədən ayaqqabılarımın uclarını dimdikləyər, onları yemləməmdən bihuş  olub əlimə götürməyimə icazə verərdilər...

***

...1986-cı ildə Çernobıl şəhərində Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda partlayış baş verdikdən sonra biz həmişə xəyalını qurduğum Kiyevə - Truskavesə gedəsi olmadıq. Çünki 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənmişdi və 4400 nəfər həyatını itirmişdi. Çoxu da partlayışın nəticələrini aradan qaldırmaq üçün əraziyə getmiş fəhlələr idi. O zaman Çernobıla Azərbaycandan da 7 min nəfər kömək üçün göndərilmişdi. Təəssüf ki, onlardan bir çoxu Çernobılda aldıqları şüalanma səbəbindən sonradan dünyasını dəyişdi...

***

Və illər keçdi, Ukrayna SSR də müstəqillik qazandı və bir neçə gün öncəyə qədər turistlər bu diyarın gözəlliklərini seyr etmək üçün tarixi abidələrlə zəngin olan həmin məmləkətə sevərək yollanırdılar...

Bu gün isə Ukraynada müharibə gedir. Rus qoşunları Kiyevə doğru istiqamət götürüb. Ən yaddaqalan xatirələrimin parçasına çevrilmiş Kiyevin üzərində qara buludlar dolaşır. İnsanlar koronavirusun tüğyan etdiyi bir vaxtda - soyuq qış günlərinin axşam saatlarında ev-eşiyindən didərgin düşərək sığınacaqlarda, metrolarda gecələyirlər - soyuq daşlar üstündə bir-birinə sığınaraq bu dəhşətin bitəcəyi zamanı gözləyirlər...

Müharibə isə təkcə insan itkisi demək deyil, həm də yuz illiklər boyu qorunub saxlanılan memarlıq abidələrinin, tarixin məhvi deməkdir...

***

...Kiyevdə əli silah tutan hər kəsə silah paylanılıb. Onlar vətənlərini müdafiə etmək üçün son nəfəslərinədək döyüşəcəklərini bildirirlər.

Bununla yanaşı, Ukraynada minlərlə insan qonşu ölkələrə köç etmək məcburiyyətində qalıb. Sərhəd rayonlarında 10 kilometrlərlə uzunluqda maşın karvanı düzülüb. Ölkəyə gələn əcnəbi “TIR” sürücüləri vətənlərinə qayıtmaqda çətinlik çəkirlər. Hətta Türkiyə vətəndaşı olan bir sürücü TV-yə müsahibəsində rus tanklarının onun yük avtomobilinə də xəsarət yetirdiyini söylədi...

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, ölkədə 4 günlük müharibə ərzində 352 dinc sakin həlak olub, 1684 nəfər yaralanıb. Səhiyyə naziri Viktor Lyaşko da Rusiyanın hərbi əməliyyatları (4 gün ərzində) nəticəsində 16 uşağın öldüyünü açıqlayıb.

Məlumatlara görə, fevralın 27-də Rusiya raketi Kiyevdə 16 mərtəbəli binanın həyətinə düşüb, bir neçə nəfər yaralanıb. Rusiya hərbçilərinin Kiyev yaxınlığındakı Qostomel hava limanına hava hücumu nəticəsində dünyanın ən böyük və güclü təyyarələrindən biri - Ukrayna istehsalı olan AN-225 “Mriya” yandırılıb.

“Ukroboronprom”un baş direktoru Yuri Qusev bildirib ki, ilkin hesablamalara görə, onun bərpası üçün 3 milyard dollardan və 5 ildən çox vaxt lazımdır.

Qeyd edim ki, dünyanın bir çox ölkələrində, o cümlədən Rusiyada da müharibənin dayandırılması üçün aksiyalar, piketlər keçirilir. Oğulları müharibə bölgəsinə göndərilən rusiyalı analar da əlacsız və narahat durumdadır.

***

Son məlumatlara görə, Ukrayna hərbçiləri Kiyev küçələrində ayrı-ayrı təxribat və kəşfiyyat qruplarını məhv edir. Rusiya qoşunları isə şəhərə daxil olmağa cəhd edir. Və hələ ki, Kiyev alınmaz qala kimi mübarizə aparır...

***

Bəli, Ukrayna İkinci Dünya müharibəsindən sonra ikinci dəfədir ki, od içində yanır, yandırılır.

Bu gün İkinci Dünya müharibəsindən söhbət düşəndə, Ukrayna ərazisində yaradılmış Babi Yar faciəsi (arxiv məlumatlarına görə, təxminən 200 min insan Babi Yarın qurbanı olub, bunların üçdə biri yəhudi idi), Kiyevdəki Sıretski, Lvovdakı Yanovski və başqa həbs düşərgələri, yüzlərlə həbsxana və gettolar yada düşür: işğalçılar tərəfindən yandırılan Ukrayna kəndləri, Ukrayna vətəndaşlarının Almaniyaya məcburi əmək üçün deportasiyası və s. İkinci Dünya müharibəsinin statistikası göstərir ki, Ukrayna ötən tarixdə təxminən 8-10 milyon insan itirib. Buraya döyüş əməliyyatlarının bütün iştirakçıları daxildir. İkinci Dünya müharibəsində itkilərin sayında müxtəlif tədqiqatçılar və tarixçilər öz rəqəmlərinə istinad edirlər: 40 milyondan 60 milyona qədər. Müharibədən sonra əsl məlumatlar gizlədilib. Stalin dövründə SSRİ-nin itkilərinin 8 milyon nəfər, Brejnev dövründə bu rəqəm 20 milyona, Qorbaçovun dövründə isə 36 milyonadək yüksəldi...

Bəli, Rusiya o zaman yanında olan və yanında olduğu Ukrayna ilə bu gün üz-üzədir-düşməndir! Rusiya birmənalı şəkildə keçmiş postsovet ölkəsinin NATO-ya daxil olmasını istəmir. Və bununla bağlı aylardır ki, danışıqlar aparıb, tələblər irəli sürüb, xəbərdarlıqlar edib... Halbuki Ukrayna NATO-ya qəbul edilməyib. Lakin Ukraynanın daha çox Aİ-yə, ABŞ-a, NATO-ya meyl etməsi supergücün planlarını pozur və onu hövsələdən çıxarır. Bəhanələr isə var - Donbas və Luqansk.

Bildiyimiz kimi, Vladimir Putin Ukraynada hərbi əməliyyatlara başlamazdan 2 gün öncə qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı. Rusiya Müdafiə Nazirliyi “xüsusi əməliyyat” zamanı yalnız hərbi infrastrukturları nişan alacaqlarını, mülki insanlara, yaşayış obyektlərinə zərər verməyəcəklərini bildirdi, amma...

Bu gün dünya Üçüncü Dünya müharibəsinə “hamilədir”. Qərb, Aİ ölkələri, ABŞ hələ ki, Rusiyanı sanksiyalarla dayandırmağa çalışır, lakin kim zəmanət verə bilər ki, belə davam edərsə, onlar da bu müharibəyə qoşulmayacaq?..

***

Ukraynada 3 il əvvəl hakimiyyətə gəlmiş keçmiş aktyor, ssenarist, prodüser - “Xalqın xidmətçisi” adlı televiziya serialından sevilən Volodimir Zelenski isə arxasında böyük güclər olmasına, ölkəyə milyonlarla dollar yardım edilməsinə baxmayaraq, meydanda təkdir. Arxalandığı isə Ukrayna xalqıdır və onun iradəsidir...

Ekran əsərində canlandırdığı Ukrayna prezidenti rolu düz 4 il sonra səhnədə deyil, prezident kürsüsündə bu rolu icra etməsində tramplin oldu. “Xalqın xidmətçisi” filmin adı olaraq qalmadı, həm də təmsil olunduğu partyanın adına çevrildi.

Bu gün başdan-başa öz qədimliyini diqtə edən Kiyevin - Müqəddəs Andrews Kilsəsi, Sofiya Kafedralı, Mağaralar Monastırı, Qızıl Qapısı, Müqəddəs Mikayılın Qızıl Qübbəli Monastırı, Mariinsky Parkı və daha nələri... Hitler Almaniyasının 80 il əvvəlki hücumundan sonra Rusiyanın təhdidi ilə üz-üzədir. Və bu müharibənin nə qədər davam edəcəyi də sual altındadır. Böyük bir tarixə, mədəni irsə malik dövlətin tarixi abidələri yer üzündən silinə bilər, həmçinin mənim onunla bağlı xatirələrim də...

Slavyanların ilk tarixi dövləti parçalanmaq, dağılmaq üzrədir, lakin 70 yaşlı müdrik Vladimirin 42 yaşlı qanı qaynayan Volodimirin üzərində qələbə çalması naminə Ukraynanı bada verəcəyinə inanmaq istəməzdik. Hətta qələbə çalsa belə, ən azından tarix bunu ona bağışlamaz və unutmaz - İkinci Dünya müharibəsinə görə Adolf Hitleri unutmadığımız kimi...

Yasəmən MƏMMƏDLİ

P.S. Yeri gəlmişkən, baş rolda Vera Alyontovanın çəkildiyi “Moskva göz yaşlarına inanmır” filmini də ilk dəfə Truskavesin yay kinoteatrında izləmişdim...

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN