booked.netbooked.net booked.net  

Rusiya-Ukrayna müharibəsində bir çoxları “qonşuya ümid olan şamsız qalar”, yaxud “qazsız qalar” məsəlini də yaxşıca dərk etdi...

Dünyanın ən məsum, ən günahsız, qorunmağa möhtac varlığıdı körpələr. Onlar dünyamızın - gələcəyimizin yönəticisi, aparıcısı, yeni düşüncəyə sahib beyinləridir.

Bu balaca məsumlar doğulduğu andan etibarən analarının, yaxınlarının baxımına möhtacdır: onlar yediklərinin, içdiklərinin xeyrini, yaxud zərərini bilməzlər, məhz analar onları ana südü ilə bəsləməyə qərar verəndə hər cür təhlükəli qidadan, bir çox xəstəliklərdən qorumuş olurlar.

Lakin təəssüf ki,  ÜST-ün də “körpələr 1 yaşadək ana südü ilə qidalanmalıdır” tövsiyəsinə baxmayaraq, bu, bütün analar üçün keçərli olmur.

Ya uşaq böyüdükcə ananın südü kifayət etmir, ya iş həyatını davam etmək məcburiyyətində qalır (bir çox müəssisələr, əsasən özəl iş yerləri analara 1 il məzuniyyət verməkdən imtina edir), yaxud tamamilə südünün olmamasını bəhanə gətirərək, körpəsini əvəzedilməsi heç bir bahalı “smes”lə mümkün olmayan ana südündən məhrum edir...  Hansı ki, süni uşaq qidaları heç bir halda ana südünü əvəz etmir.

Amma hər bir halda, uşaqların müəyyən müddətdən sonra əlavə qidalara ehtiyacı yaranır və valideynlər bu zaman  pediatrların məsləhət bildiyi hazır qidaları uşağın qida rasionuna daxil etməli olurlar. Çünki alternativ seçim budur – istəsək də, isəməsək də ölkəmizdə də süni uşaq qidalarına ehtiyac çoxdur, həmçinin digər müxtəlif tərkibli uşaq qidalarına. Ehtiyac çoxdur, amma məsələnin digər tərəfi bu qidaların bəzilərinin ağlasığmaz dərəcədə baha olmasıdır.

Süni uşaq “smes”ləri, həmçinin uşaqları üçün 4-cü ayından sonra məsləhət görülən  sıyıqlar (kaşa) həm inək, həm də keçi südündən hazırlanır. Bir çox uşaqlar var ki, inək südünə qarşı allergiyaları olur və bu zaman onlara keçi südündən hazırlanmış “smes” və “kaşa”lar  vermək tövsiyə edilir. Ümumiyyətlə, keçi südünün ana südünə daha yaxın olduğu bildirilir. Və elə əksəriyyətin də seçimi keçi südündən hazırlanmış uşaq qidalarıdır. Amma...

Qeyd edək ki, respublikamıza dünyanın müxtəlif xarici ölkələrindən idxal edilən uşaq qidalarının qiymətləri ilə tanış olduqda, statistik göstəricilərə görə, ölkədə ildən-ilə uşaq doğumunun azalmağa doğru getməsinə heç də təəccüblənmirsən.

Kiçik bir haşiyəyə çıxaq: hər bir qadın uşaq dünyaya gətirməzdən öncə, 9 ay boyunca ginekoloq-həkimin qəbul pulunu, laboratoriya analizlərini və USM-ləri, təyin ediləcək dərmanların, doğum evinin xərcini düşünmək məcburiyyətindədir. Özəl klinikalarda bu qiymətlər daha yüksəkdir. Uşaq dünyaya gəldikdən sonra da valideynlər bilmirlər uşağın gündəlik bezinin, qidasının, dava-dərmanının dərdini çəksinlər, yoxsa  əyin-başını düşünsünlər. Uşaq bağçalarının qiymətləri də kəllə-çarxda...

Azərbaycanda 2020-ci ildə 126 571 uşaq dünyaya gəlib. Bu rəqəm ötən illərdəkindən aşağıdır və artıq neçə illərdir doğum sayı azalmağa doğru gedir. Qeyd edək ki, bu say 2011-ci ildə 176 072 nəfər təşkil edib. Doğum faizinin geriləməsinə səbəb kimi, son 2-3 ildə pandemiyaya görə cütlüklərin ailə qura bilməməsi, sonsuzluq hallarının artması göstərilsə də, uşaqları boya-başa çatdırmaq üçün valideynlərə büdcələrinə uyğun olmayan az vəsaitin olması, onların gələcəyi barədə qayğıları, gənc ailələrin mənzil problemləri də az rol oynamır. Dövlət tərəfindən ailələrə “uşaq pulu” verilməsi məsələsi son zamanlar yenidən gündəmə gəlsə də, hələlik nəticə yoxdur. Bu məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa hətta uşaqlara 12 yaşa kimi sosial müavinətin verilməsi zəruriliyini qeyd etmişdi...   

***

Uşaq qidalarının qiymətləri ilə bağlı apardığım araşdırmanın nəticəsi doğrudan da inanılmazdır.

Belə ki, məşhur uşaq aləmi mağazalarından birindəki piştaxtalarda (burada uşaq arabalarından, oyuncaqlarından tutmuş hər şey var) keçi südündən hazırlanmış (valideynlərin daha çox üstünlük verdiyi) “Kabrita” uşaq “smes”inin 800 qramlıq qablaşdırması – 96 manat 10 qəpikdən (?) endirilərək 86 manat 50 qəpiyə (əvvəllər 83 manat 59 qəpiyə idi), 400 qramlıq qablaşdırmaları isə 52 manat 90 qəpiyə qoyulmuşdu.  “Kabrita” firmasının əvvəlki qiyməti 17 manat 10 qəpik olan sıyıqları isə, aksiya nəticəsində müvəqqəti olaraq 13 manat 70 qəpiyə endirilmişdi. Hətta 18 manat 90 qəpiyə satılan sıyıqlar vardı ki, onlar da 16 manat civarında endirimə salınmışdı.

 Daha sonra “Nenni”nin Bibikol 400 qramlıq keçi südündən hazırlanmış “smes”ləri  49 manat 90 qəpiyə, “Mamako”nun keçi südündən hazırlanmış “smes”ləri isə  87 manat 90 qəpiyə təklif edilirdi 800 qramlıq qablaşdırmada.

Diğər bir mağazada apardığım araşdırma nəticəsində məlum oldu ki, “Fleur Alpıne”nin tərkibi keçi südü olan sıyıqları 14 manat 62 qəpiyə, inək südü ilə hazırlananları isə 10 manat 37 qəpiyədir. Bu arada, qeyd edim ki, sıyıqlar 200 qramlıq qablaşdırmadadır ...

“Nestle” firmasının inək südlü NAN “smes”ləri  – 800 qramlıq qablarda olanların qiymətləri 25 manat 15 qəpik və 37 manat 45 qəpik arası dəyişir, həmçinin 400 qramlıq qablaşdırmaları 17 manat 10 qəpiyə təklif olunur.  “Smes”lərin NAN–EXPERTPRO-nin antiallergen olanları 400 qramlıq qablaşmada 37 manat 45 qəpiyə, hipoallergen olanları isə 24 manat 90 qəpiyədir.

“Aptamil”in inək südlü “smes”ləri də heç də ucuz deyil - 800 qramlıq qablaşdırması 77 manat 90 qəpiyə təklif olunur...

Qeyd edim ki, uşaqlar üçün hazırlanmış meyvə püreləri, cemlər,  peçenyelər, “sırok”, yoqurt, şirniyyatlar, şirələr və s. də demək olar ki, hamısı idxal məhsullarıdır. Məsələn, “Fleur Alpıne” firmasının uşaqlar üçün hazırlanmış 150 qramlıq qutulardakı peçenyelərinin qiymətləri əl yandırır: 6 manat 92 qəpikdən 7 manat 49 qəpik arası... Eyni firmanın tomat souslu 95 qramlıq tərəvəz püresi 6 manat 33 qəpiyə satılır.

Bu siyahını istənilən qədər uzatmaq da olar...

Amma fakt faktlığında qalır - uşaq qidaları inanılmaz dərəcədə baha və idxaldan asılı məhsuldur. Təsəvvür edin: inək südünə allergiyası olan uşaq üçün nəzərdə tutulmuş “Kabrita”nı almaq istəyən valideyn əlavə süddən asılı övladına həftədə bir dəfə 800 qramlıq qutu almaq məcburiyyətindədir. Bu “smes”lər üçün ortalama qiyməti 90 manatdan götürsək (yuxarıda qeyd edilib - 96 manat 10 qəpiyə satılırmış), bir aya 360 manat edir...  Uşaqlar arasında inək südünə, qlütenə qarşı allergiyası olanlar isə günbəgün çoxalır. Bu məhsulların distribütorları da, ya təklif etdikləri uşaq qidalarında qlütenin, yaxud palma yağının olmaması ilə öyünürlər, və ya onları hazırlayan ölkələrin keçilərinin, inəklərinin əvəzolunmaz südü ilə...   Ona görə də qiymətlər baha olmalıdır...

***

Qeyd edim ki, fevral ayında “PN Azerbaijan” MMC-nin AQTA-ya  müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 110 kq qida məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edildi. Düzdür, həmin xəbərdə söhbətin məhz hansı qidadan getdiyi açıqlanmasa da, fotoda zibilliyə atılan bir maşın qidanın “Kabrita” uşaq “smes” və “kaşa”ları olduğu aydınca görünürdü. Təsəvvür edin, qiyməti 90 manatdan baha olan bu “smes”lər, yaxud 18-19 manata satılan “kaşa”lar köhnəldilərək zibilxanaya atılır. Lakin istifadə müddəti bitməzdən əvvəl övladına bu “smes”ləri ala bilməyib, yuxusu ərşə çıxan analara ucuz qiymətə satılmır, yaxud xüsusi aksiya elan edib, hədiyyə olaraq verilmir...

***

Hər il tərkibini araşdırmaq üçün laboratoriyamızın olmadığı firmaların məhsullarına milyonlarla dollar vəsait ödəyirik. Valyutamız xaricdəki ciblərə axır.  Necə ola bilər ki, uşaq qidalarının yerli istehsalı ilə bağlı heç bir mütəxəssis təklif vermir, yaxud bu işin mütəxəssislərinə uşaq qidalarının öyrənilib hazırlanması, yerli - milli məhsullarımızın istehsalı ilə bağlı tapşırıq verilmir?..

Həm ölkənin valyutası xaricə daşınır, həm qiymətlər əhalinin cibinə uyğun olmur, həm də tərkibindən xəbərsizik.

Xatırladım ki, süni uşaq qidalarının tərkibi ilə bağlı vaxtaşırı problemlər meydana çıxır - bəzilərində yad cisim, salmonella çöpü və daha nələr tapılır... Bu, yalnız xarici ölkələrin araşdırmaları zamanı meydana çıxır və Azərbaycandakı alıcılar da bundan sonra məsələdən agah ola bilirlər... Hələ ki Azərbaycan alıcısı pulunu Niderland keçilərinin südündən hazırlanmış uşaq qidalarına vermək məcburiyyətindədir. Çünki o keçilər Saanen (Zaanen) cinsindəndir və Niderland fermerləri onları təzə döğranmış ot, meyvə, qarğıdalı, yerkökü və kartof qarışığı ilə bəsləyirlər...

Azərbaycanda isə keçi bəsləyən fermerlərimiz, onun südündən “smes”, “kaşa” hazırlaya bilən mütəxəssislərimiz, istehsal edən zavodumuz yoxdur. Sabah Niderlanddakı həmin keçilər hansısa xəstəliyə tutulsa, yaxud həmin ölkə hansısa səbəbdən məhsulunu bizə satmaqdan imtina etsə, belə çıxır ki, bizim inək südünə allergiyası olan uşaqlarımız ac qalmalıdır.

Amma illərdir universitetlərimiz var ki, qida mütəxəssisləri, texnoloqlar yetişdirir, bu sahə üzrə dissertasiya müdafiə edərək alimlik dərəcəsi alanlarımız var.

Bəs niyə biz körpələrimizi Niderland keçisinin, yaxud hansısa ölkələrin inəyinin -keçisinin ümidinə qoymalıyıq?!

Bəzi məlumatlara görə, 2010-cu ildə Azərbaycanda da uşaq qidası istehsal edəcək müəssisə tikilməsi gündəmdəymiş. Hətta həmin zavod 16,2 milyon dollar məbləğində dəyərləndirilib və istehsal edəcəyi uşaq qidasının 2000 ton həcmində olacağı müəyyənləşdirilibmiş. Zavodun tikintisinə 3,7 milyon dollar güzəştli kredit də ayrılıbmış. Bu zavoda rəhbərliyi də o dövrdə deputat olan və məşhur uşaq qidalarından birinin ölkədəki distribütoruna həvalə edilir. Lakin sonradan nə baş veribsə, bu layihə də xəyal olaraq qalır...

Hər il doğulacaq ən azı 120-130 min körpənin, həmçinin bütün kiçik yaşlıların uşaqlar üçün nəzərdə tutulan qidalara ehtiyacı var. Düşünürəm ki, uşaqlarımızı milli uşaq qidaları ilə təmin etməyin zamanı çatıb və artıq bu barədə düşünməyin vaxtıdır.

Yasəmən MƏMMƏDLİ

P.S. Məncə, Rusiya-Ukrayna müharibəsi hamımızı qəflət yuxusundan oyatmalıdır. Bir çox dövlətlərin tətbiq etdiyi sanksiyalar, dost olsa belə, öz ölkəsinin maraqları naminə çıxış etmələr, daxili bazardakı qıtlıq qorxusunu nəzərə alaraq ərzaq ixracına qadağa qoymalar və sair və ilaxır... Bu müharibədə hər kəs yalnız öz ölkəsinin mənafeyini, əhalisinin güzaranını düşündü... Və bu müharibədə bir çoxları “qonşuya ümid olan şamsız qalar”, yaxud “qazsız qalar” məsəlini də yaxşıca dərk etdi...

Biz də qonşuya ümid olmayaq ki, gələcəyimiz sual altında qalmasın.

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst. 6.3.19).

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN