booked.netbooked.net booked.net  

Ötən həftə Tverdən gələn xəbər hamını sarsıtdı...

Martın 27-də Azərbaycan Silahlı Qüvvələrinin sabiq baş cərrahı, polkovnik, tibb elmləri doktoru, əməkdar həkim, professor Famil Babayev son illər yaşadığı və çalışdığı Rusiyanın Tver şəhərində dünyasını dəyişib. Onun ölümü qəfil oldu, vaxtsız oldu və bu xəbərə heç kəs inanmaq istəmirdi...

Martın 28-də Tver Dövlət Tibb Universitetində, 29-da isə mərhumla Bakıdakı evində vida mərasimi keçirildi və professor Famil Babayev Müdafiə Nazirliyinin Fəxri qarovul dəstəsinin müşayiəti ilə son mənzilə yola salındı.

Qeyd edək ki, Famil Əlikərəm oğlu Babayev 1967-ci il yanvarın 2-də Haçıqabul rayonunda qulluqçu ailəsində dünyaya göz açıb. Atası Əlikərəm Babayev uzun illər indiki Şirvan, o zamankı Əli-Bayramlı İES-də sex rəisi işləyib. Öz işini dərindən bilən və barmaqla sayıla biləcək mütəxəssislərdən olub. Anası Şəfiqə xanım tibb işçisi olub və ümumiyyətlə, Famil Babayevin nənəsi də, nənəsinin anası da bu sahədə çalışıblar.

***

...İllər öncəsi valideynləri 6 yaşlı Famili Hacıqabul şəhər 9 saylı (indiki 6 saylı) orta məktəbə gətirəndə ibtidai sinif müəlliməsi Füruzə xanım bilmirdi ki, əlindən tutub hərfləri yazmağı öyrətdiyi şagirdi Azərbaycanın gələcək baş hərbi cərrahı, cəsur və fədakar zabiti olacaq və harda olursa-olsun vətəninə, el-obasına şərəf, baş ucalığı gətirəcək, çox insanın ümid işığı olacaq...

Qısa zaman kəsiyində Familin iti zəkası, intizamlı və hər zaman dərslərinə hazırlıqlı olması diqqətdən yayınmadı. Zaman keçdikcə həm sinif yoldaşları, həm də müəllimləri onun ən çətin dərs tapşırıqlarının belə, qısa zamanda öhdəsindən gəlməsinin, xüsusi riyazi istedadının şahidi oldular.

O, tarix, ədəbiyyat, rus və fransız dili fənlərini gözəl bilməsi ilə yanaşı, dəqiq elmlərin əsl bilicisi idi. Onu çətin sual qarşısında qoymaq mümkün deyildi. Sinfin ən yaxşı oxuyan əlaçılarındandı. Lakin onun riyaziyyatdan, kimyadan, fizikadan... aldığı “əla”nın özü də fərqli idi... Bunu hamı bilirdi. Və hamı onu da bilirdi ki, o, hansı sahəyə üz tutsa, orada yüksək nəticə göstərəcək, uğur qazanacaq. Və qazandı da...

***

...Famil Babayev orta məktəbi “əla”  qiymətlərlə başa vurduqdan sonra indiki Azərbaycan Dövlət Tibb Universitetinin cərrahiyyə fakültəsinə daxil olur, həm də yüksək bal ilə. 4-cü kursda isə o zamankı SSRİ Müdafiə Nazirliyindən hərbi kafedrada təhsil alması üçün bir neçə tələbə ilə onu Saratov Ali Hərbi Məktəbinə göndərirlər. Daha sonra o, Moskva Vilayət Hərbi Dairəsində iş fəaliyyətinə başlayır və keçmiş SSRİ-nin bir çox qarnizon hospitallarında cərrah kimi çalışır.

***

...Famil artıq uğur hekayəsini yazmağa başlamışdı. Özü də çox sürətlə. Əvvəlcə universitetdəki müəllimləri, daha sonra fəaliyyətə başladığı hərbi komandanlıq onun çox istedadlı olduğunu görür və onlar Famil Babayevi savadlı və bacarıqlı mütəxəssis, ciddi hərbi nizam-intizama riayət edən məsuliyyətli zabit kimi itirmək istəmirdilər. O, fərqli idi: məsuliyyəti ilə, savadı ilə, fədakarlığı və arzuları ilə...

Onun bu uğur hekayəsinə artıq tərifnamələr, medal, orden belə əlavə olunmuşdu - o zamankı SSRİ-nin “Döyüş xidmətlərinə görə” medalı  və “Qırmızı Ulduz” ordeni.

Qeyd edək ki, “Qırmızı Ulduz” ordeninin verilməsi (təsis edildiyi 1930-cu ildən 1991-ci ilədək) yalnız SSRİ DİN-nin, DTX (“KQB”) və ya Müdafiə Nazirliyinin yüksək səlahiyyət sahiblərinin təqdimatı ilə həyata keçirilirdi.

***

...Vətənin dar günündə - birinci Qarabağ müharibəsi başlayanda Azərbaycana qayıdan Famil Babayev həkim kimi əvvəlcə Ağdamdakı Qaradağlı kəndində, sonra Sarıcalı hospitalında çalışıb. Daha sonra Qaradağ rayonunun Ələt qəsəbəsindəki Hərbi Hospitalda fəaliyyətə başlayıb. 1992-ci ildən isə Müdafiə Nazirliyinin Baş Klinik Hərbi Hospitalında cərrahiyyə şöbəsində çalışmağa başlayır. 2007-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin baş cərrahı kimi fəaliyyət göstərib və tibb xidməti polkovniki rütbəsinə yüksəlir. Hansı hospitalda fəaliyyət göstərməsindən asılı olmayaraq, o, daima yaralı əsgərlərimizin köməyinə tələsib, onların həyatını qurtarmaq üçün mücadilə aparıb. Onunla vaxtilə çərrahiyyə şöbəsində çalışan tibb işçilərinin sözlərinə görə, yüksək tibbi biliyə, bacarığa sahib olan Famil Babayev fasiləsiz, ardıcıl olaraq cərrahi əməliyyatlar aparıb. Hətta Ağdamda yaralı əsgərləri əməliyyat edərkən qida qəbul etməyə vaxtı olmayan cərraha şirinçay verərək, onu ayaqda saxlayıblar... O, vaxtilə Şuşanı ən son tərk edənlərdən olub - yaralı əsgərlərimizə sonadək yardım edib.

Klinik Hərbi Hospitalın aparıcı cərrahı olan Famil Babayev 2016-cı ilin Aprel döyüşləri zamanı da gecə-gündüz yaralı əsgərlərimizin yanından ayrılmayıb. O, vətənpərvər, xalqını sevən, işinə məsuliyyətlə yanaşan, daima xəstələrini düşünən cərrah və əsl insan olub. Zamanının böyük hissəsini onun şəfalı əllərinə möhtac insanlara yardım etməkdə keçirib.

F.Babayev 60-dan çox elmi əsərin, bir neçə monoqrafiyanın və tədris vəsaitlərinin, ixtiralara dair üç patentin müəllifi olub. Almaniya, ABŞ və Türkiyə universitetlərində təcrübə keçib, cərrahiyyənin inkişafına mühüm töhfələr verib.

Azərbaycanda xidmət müddəti bitdikdən sonra Famil Babayev 2017-ci ildən Tver Dövlət Tibb Universitetində fəaliyyət göstərməyə başlayıb və Cərrahiyyə fakültəsinin kafedra müdiri təyin edilib. Universitetin onun barəsində yaydığı nekroloqda “Koronavirus infeksiyasının qızğın çağında Babayev bu bəladan kənarda qalmadı. Universitetdə kafedra müdiri olarkən könüllü olaraq “qırmızı zona”da əməli işə keçdi. O, 6 saylı Şəhər Kliniki Xəstəxanasının bazasında yerləşən Yoluxucu Xəstəliklər Xəstəxanasına müdir təyin edildi, hansı ki, koronavirus xəstələrinə cərrahi yardım göstərilirdi”, - deyə bildirilir.

***

Qeyd edək ki, Famil Babayev Universitetin Mərkəzi Problem Komissiyasının və Dissertasiya Şurasının da üzvü olub. Onunla Tverdə birgə çalışan həkim həmkarları da paylaşımlarında Famil Babayevin tibb elmi üçün böyük itki olduğunu qeyd ediblər. Həmkarı Georgi Vakulin onun haqqında “Yuxarı Volqa diyarının bütün təbabəti üçün gözlənilməz və tamamilə dəhşətli itkidir. Sanki 2017-ci ildə Famil Əlikərəmoviç şəhərimizə gələrək kafedraya rəhbərlik edəndə səmamızda bir ulduz yandı”, - deyə sosial şəbəkə hesabında qeyd edib. Vakulin onu parlaq zəkaya malik cərrah, erudit, savadlı, səriştəli, son dərəcə incə - mədəni insan və inanılmaz iş qabiliyyətli, elmi fikirlərin uçuşduğu şəxs adlandırıb. O, bu itkiyə necə dözəcəklərini və işləməyə necə davam edəcəklərinin aydın olmadığını bildirib və ailəsinə başsağlığı verib.

...Onun ailəsi - həyat yoldaşı Təranə xanım Famil Babayevlə eyni peşə sahəsində, hətta eyni hospitalda çalışıblar. Təranə xanım həkim-kardioloq olub və 2019-cu ilin may ayında dünyasını dəyişib. Həyat yoldaşının itkisindən sonra Famil Babayev Tver DTU-də təhsil alan gənc qızına bu acını unutdurmaq üçün əlindən gələni edir. Ata-qız bir-birinə sığınaraq bu ortaq kədərlərinə məlhəm olmağa çalışırlar. Lakin amansız ölüm universitetin 5-ci kursunda təhsil alan Dilarəni atasız da qoyur...

***

...Anası Şəfiqə xanım ömrünün ahıl çağında oğlunun, gəlininin dünyadan vaxtsız getmələrinə yanıb-yaxılır. Ana oğlunun bütün həyatını təhsilə, işinə sərf etdiyini, özü üçün yaşamadığını, nəvəsi Dilarənin gələcəyi ilə bağlı həyata keçirə bilmədiyi arzularına görə təəssüflənir. Hadisədən xəbər tutan vaxtilə çalışdığı hospitaldakı cərrahiyyə şöbəsinin tibb bacıları da vida mərasimində iştirak edərək, onun əvəzedilməz cərrah, əsl zabit olduğunu vurğulayırlar. Tibb bacısı Əbdülrəhimova Elnarə Famil Babayevin onu Türkiyəyə kardiocərrahiyyə üzrə təhsil almağa göndərməsindən göz yaşları ilə danışır, onu rəhmətlə anır. Fatimə Məmmədova  və Anaxanım Ələkbərova professorla hospitalla yanaşı, məşhur klinikalardan birində də hər gün ağır cərrahi əməliyyatlar həyata keçirdiklərini bildirirlər.

“Həyəcan siqnalı” verilən kimi doktor həmişə hazır vəziyyətdə qoyduğu çantasını çiyninə ataraq tez hospitaldan çıxardı. O, həmişə irəli, əsgərlərimizin yanına can atardı. Çox vətənpərvər insan idi“, - deyə Fatimə xanım bildirir.

Fəaliyyətinə yaxından bələd olanlar Famil Babayevin çalışdığı klinikalarda həkimlərə ustad dərsləri keçdiyindən bəhs edir və təcrübələrindən çıxış edərək danışdıqlarını kolleqalarının necə heyranlıqla dinlədiklərini, savadına, izahlarına  təəccübləndiklərini söyləyirlər. Famil Babayev xarici ölkələrdə də  mühazirələr oxuyub, 5 dildə sərbəst şəkildə danışa bilib.

Həmkarları onu təsvir edərkən, yüksək tələbkarlığına baxmayaraq, son dərəcə mədəni, xəstələrinə qarşı həssas və qayğıkeş yanaşmasından bəhs edirlər.

Famil Babayev vətəninə olan böyük sevgisi, mücadiləsi, zəhməti, möhkəm iradəsi, əzmi ilə gənc nəslə örnəkdir. O, bütün varlığı ilə vətənini, millətini sevirdi.  Vətəndən uzaqda  - Rusiyada fəaliyyət göstərdiyi illərdə də məhz  insanpərvərliyi, intellekti, işinə məsuliyyəti, yüksək biliyi ilə Azərbaycanın adına hörmət gətirirdi.

Qeyd edək ki, Famil Babayev “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı,

 “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı,

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918 - 2013) yubiley medalı,

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı,

“Vətən uğrunda” medalı (2016-cı il Aprel döyüşlərindən sonra),

“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı,

 “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı

“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı,

“Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adı və digər təltiflərlə mükafatlandırılıb.

***

...Professor Famil Babayev fəxr ediləcək zabit ömrü yaşadı. Həyatı dövrün çətin sınaqlarından, çətinliklərindən keçdi. Hərbi cərrah olaraq ön xətdə yerləşən bütün bölgələrdə - hospitallarda, səngərlərdə oldu. Daima insanların həyatını qurtarmağa tələsdi. Yaralı əsgərlərimizi həyata qaytarmaq üçün əlindən gələni etdi. Vətən üçün yaşamaq, torpağı uğrunda bir an tərəddüd etmədən ölümə belə getmək onun həyat kredosu idi. 

Onun vaxtsız ölümü tibb aləmi üçün böyük itkidir. Və düşünürəm ki, Azərbaycan onu daha əvvəl o, Tverə gedərkən itirdi. Və belə bir mütəxəssisin xidmət müddəti bitdikdən sonra Azərbaycandan getməsinə mane olmamaq böyük günah idi... Hansı ki, Tverə getdiyi qısa müddət ərzində onun bacarığını, savadını dərk edənlər onu bir çox vəzifə postlarına təyin edərək yaşıl işıq yandırdılar. Və özünü realizə etməyə imkan verdilər...  

Belə insanlar dünyaya az-az gəlir. O, seçilmişlərdən idi - səmada ulduz kimi parladı, qaranlıqlara işıq saçıb nura qərq etdi və qəflətən söndü... Lakin özündən sonra ixtiraları, elmi əsərləri, xeyirxahlıqları, həyatını qurtardığı neçə-neçə insan ömrü qaldı. Və bir də... həyata keçirə bilmədiyi yarımçıq qalmış arzuları, dünyalar qədər sevdiyi  Dilarəsi...

Ruhuna ehtiramla,

YASƏMƏN MƏMMƏDLİ 

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 6.3.10.)

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN