booked.netbooked.net booked.net  

“Avroviziya”da Azərbaycanla bağlı baş verənlər məqsədyönlüdür, yoxsa texniki xəta olub?

Azərbaycanın münsifləri nə üçün müsabiqədən kənarlaşdırılıb?

Bu sualları "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında ünvanlayıb.

O, “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsində baş verən anlaşılmazlığın kökünü axtarmağa çalışıb.

“Ötən gün başa çatan "Avroviziya 2022" Beynəlxalq Mahnı Müsabiqəsinin rəsmi resursunda Azərbaycan münsiflərinin Ukraynaya 6 səs verdiyi görünür, lakin

Azərbaycanın bu yarışla bağlı münsiflər heyəti isə Ukraynaya 12 bal verildiyini bildirir.Azərbaycanın münsiflər heyətinin səsini açıqlamalı olan jurnalist Nərmin Salmanova bu qərarın elan edilməsi üçün canlı bağlantının alınmadığını açıqlayıb.

O, bu bağlantının qarşı tərəfin günahı ucbatından alınmadığını qeyd edib.

Qarşı tərəf -  "Avrovizion 2022" təşkilatçıları, Avropa Yayım Birliyi isə bununla bağlı rəsmi açıqlama veriblər.

Onlar Azərbaycan da daxil olmaqla 6 ölkənin münsiflər heyətinin səsvermə qaydalarını pozduğunu və manipulyasiya etdiyini bildiriblər. Buna görə də bu ölkələrin münsiflərinin qərarları ləğv edilmiş və qaydalara uyğun olaraq təşkilatçılar əvvəlki mərhələnin nəticələrini əsas götürərək özləri ölkələr üzrə balları qeyd ediblər”, - deyə ekspert qeyd edib.

 “Kimdir günahkar?” sualını ünvanlayan Osman Gündüzün sözlərinə görə, burada üç mümkün variant ola bilər:

“Birincisi, “Avroviziya” kifayət qədər siyasiləşmiş bir yarışmaya çevrilib. Güman ki, siyasi motivlər əsasında, ikili standartlar əsasında yanaşma olub və AYB məqsədyönlü olaraq Azərbaycanın münsiflər heyətinin verdiyi balları nəzərə almayıb və səsvermə qaydalarını pozduğunu bəhanə edərək münsiflərimizi yarışdan kənarlaşdırıb

İkincisi, ola bilər ki, bizim münsiflər heyətində səsvermə ilə bağlı fikir ayrılığı olub və bununla bağlı öncədən, nəticələr elan olunandan qabaq informasiya sızıb. Yarışın qaydalarına görə bu tip hallarda nəticələr nəzərə alınmır.

Üçüncüsü, güman etmək olar ki, Münsiflər Heyəti hansısa səbəblərdən canlı yayımda balları elan etmək istəməyiblər və məqsədyönlü olaraq bağlantı yaratmayıblar”, - deyə bildirib.

O, “yəni, necə deyərlər, səsvermədə məqsədyönlü olaraq iştirak etmək istəməyiblər” variantını da istisna etmir.

“Nə etməli? AYB artıq rəsmi qərarını verib. Azərbaycanı manipulyasiyada və qaydaları pozmaqda ittiham edib. Münsiflər heyəti isə bunu təkzib edir” qeyd edən ekspert məsələ ilə bağlı təkliflərini də irəli sürüb.

“Düşünürəm ki, bu xoşagəlməz proseslərdə Azərbaycanın adı hallandığından Azərbaycan hökumətinin bu məsələni araşdırması, canlı bağlantıya cavabdeh olan telekommunikasiya operatorlarına sorğular verməsi, münsiflərin iclasının protokollarına və gedişinə baxış keçirməsi və yekun nəticələr əsasında rəsmi açıqlama verməsi doğru olardı.

Əgər yuxarıdakılardan birinci variant doğru olarsa, onda bir müddət Azərbaycanın bu yarışı rəsmi olaraq boykot etməsi də nəzərdən keçirilə bilər” – bildirib.

Xatırladaq ki, mayın 14-də İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Avroviziya” mahnı müsabiqəsinin finalında 25 ölkənin təmsilçiləri mahnılarını təqdim ediblər. Azərbaycan təmsilçisi Nadir Rüstəmli müsabiqədə  “Fade To Black” adlı mahnısını 15-ci nömrə altında çox möhtəşəm ifa edib.

Ölkələrin münsif  səsverməsində təmsilçimiz 103 bal toplasa da, xalq səsverməsində cəmi 3 xal toplayıb. Məlumata görə, N. Rüstəmliyə yalnız Gürcüstan tamaşaçıları səs verib...

Təəssüf ki, Azərbaycan “Avrovision 2022” mahnı müsabiqəsində 106 səs ilə 16-cı yerdə qərarlaşası olub.

Qeyd edək ki, hətta məşhur ingilis yazıçısı Coan Roulinq də tvitter hesabında Azərbaycanın yarışmadakı çıxışı barədə "qarət edildi" - "Azərbaycanın haqqını yedilər" şərhini yazıb...

Yarışmadan sonra  Azərbaycan münsifləri 12 balı böyük Britaniyaya deyil, Ukraynaya verdiklərini, lakin qarşı tərəfin texniki səhvi ucbatından xalların Britaniyanın hesabına yazıldığını açıqlayıblar. Daha sonra “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı Avropa Yayım Birliyi (AYB) dünənki yarışmanın səsverməsi zamanı 6 ölkənin münsiflər heyətini, o cümlədən Azərbaycanı qaydaları pozmaqda ittiham edərək,  müsabiqədən çıxarıldığını bəyan edib.

***

Qeyd edək ki, İTV "Avroviziya"da baş verənlərlə bağlı açıqlama yayıb.

"Bəyan edirik ki, biz müsabiqə təşkilatçılarına azərbaycanlı münsiflərin səs verdiyi ölkələrin adlarını göndərmişdik. Həmin siyahıya əsasən, 12 bal Ukraynaya verilmişdi. Yarışma təşkilatçıları buna cavab olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndələrindən final şousunun sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər. Biz bu istəyi qətiyyətlə rədd etmişik. Dərhal təşkilatçılara sorğu xarakterli rəsmi məktub göndərilib və canlı yayımda onlardan alınan nəticələrin deyil, bizim jürinin səslərini açıqlayacağımızı, bu məsələni isə ictimailəşdirəcəyimizi bildirmişik. Yalnız bundan sonra bizə cümə axşamı keçirilən yarımfinal mərhələsi zamanı 6 ölkənin, o cümlədən Azərbaycanın səsləri ilə bağlı müəyyən “qəribəliyin” olduğu barədə məlumat verildi. Qeyd edək ki, bu “qəribəlik”lə bağlı bizə cümə axşamından şənbə günü finalın sonuna qədər heç bir məlumat verilməyib, hansısa “sübutlar” indiyə qədər təqdim olunmayıb.

Yayım zamanı İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi Azərbaycanda münsiflərin səsverməsinin nəticələrini elan etməyə tam hazır olmasına baxmayaraq, yarış təşkilatçıları Bakıya bağlanmayıb, bizim adımızdan öz nəticələrini elan ediblər. Bu prosesin Bakıdan aparılmaması isə texniki problemlərlə əlaqələndirilib.

 Halbuki bizdə səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem yox idi. Bir daha vurğulayırıq ki, biz təşkilatçılara İctimai Televiziyanın adından səsləri elan etməyə heç bir hüquq verməmişik.

Biz bu məsələ ilə bağlı rəsmi cavab gözləyirik və ondan asılı olaraq növbəti addımlar atmağı planlaşdırırıq. Ümid edirik ki, yaranmış vəziyyət tezliklə ədalətin qorunması şərtilə çözüləcək".

İTV -nin də açıqlamasından açıq-aşkar məlum olur ki, ölkəmizə qarşı  məqsədyönlü şəkildə ədalətsiz davranılıb və bu işin arxasında kimlərsə var. Məsələ ilə bağlı yəqin ki, sonadək gediləcək və günahkarlar kim olursa- olsun, ifşa ediləcək. Haqlı ikən, haqsız duruma salınmamıza heç cürə göz yummaq olmaz.

Və belə görünür ki, Azərbaycan bir müddət bu siyasiləşmiş yarışmanı baykot etməlidir...

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN