Bakıda bir çox küçələrdə piyadaların, əlil və uşaq arabalarının hərəkəti üçün nəzərdə tutulan səkilər zəbt edilib.

Zəbt edilib deyəndə ki, icazə almaq üçün kiməsə “hörmət” olunmasa, heç kəs heç yerdə daşı-daş üstünə qoya bilməz... Bu, heç kəsə sirr deyil!

Həmin  “hörmət”lər bəzi məmurların cibini doldursa da, özümüzə hörmətsizlik gətirir... 

 Məhz bu “hörmət”lər sayəsində əlaqədar qurumların əməkdaşları bu qanunsuzluğu görsələr də, göz yumurlar, görməzdən gəlirlər.  Və yol kənarında apteki, mağazası, obyekti... olan şəxslər ( yaxud da darısqal məhəllələrdə tikinti aparmağa icazə verilənlər)  ərazini genişləndirərək, küçəyə-səkiyə doğru artırırlar.

Neçə illərdir zəbt olunmuş səkilərdən biri də Xətai rayonu, Neapol dairəsi, general Əliağa Şıxlinski küçəsində yerləşir. Həmin küçənin sol tərəfində Neapol dairəsi və eyniadlı şadlıq sarayı yerləşir. Səki isə hər gün maşınların sıx hərəkətdə olduğu ikitərəfli avtomobil yolunun sağ tərəfindədir. Küçənin sağ tərəfindəki səkiyə düzülmüş alabəzək, yöndəmsiz daşların (hər kəs öz “zövqünə” görə) üzərində yerimək, bu pillələrdən aşağı-yuxarı qalxıb-enərək hərəkət etmək bir başqa dərddir...  Bu səkidə əlil və uşaq arabalarını qətiyyən sürmək olmur. Nəzərə alsaq ki, yolun sağında həm də uşaq bağçası yerləşir vəziyyəti təsəvvür etmək o qədər də çətin deyil.

Hündür-alçaq, enli-ensiz, pilləkənli-pilləkənsiz bu səkidə araba ilə uşaq aparmaq, əlil insanların arabada istədikləri ünvana getməsi mümkünsüzdür. Bu yol ilə getmək üçün mütləq hər iki tərəfə maşınların şığıdığı avtomobil yoluna çıxmalısan və hər an hansısa avtomobilin səni vura biləcəyi qorxusu ilə dörd göz ilə yol getməlisən. 

 Lakin əlaqədar qurumlar bütün bunlara göz yumurlar və görmürlər. Ərazidə yaşayan çarəsiz sakinlər isə məsələnin həllinin müşkül olduğunu və  Allahın ümidinə qaldığını deyirlər...

 

Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA