Türkiyədə və Kanada yaşayan Azərbaycan sevgili bacılar hər zaman diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi yolunda əllərindən gələni ediblər... 

…Harada doğulmasından və yaşamasından asılı olmayaraq insan milli kökünü, milli kimliyini unutmur. Damarında axan qan səni nəslinin, şəcərənin aid olduğu torpaqlara çəkir, hansı vəzifə-titul sahibi olmağına rəğmən… Vətənin üçün darıxırsan, həsrətini çəkirsən. Onunla birgə nəfəs alırsan. Hələ söhbət türk millətindən, Azərbaycan türkündən gedirsə…

***

Onlar - iki bacı Səmra və Səma xanımlar Vətən müharibəsi başlayandan 44 gün dua ediblər, dilək tutublar: “Torpaqlarımız işğaldan azad olunsun, o müqəddəs yerləri - Qarabağı ziyarət edək, Şuşaya gedək, Cıdır düzündə gəzək, dualarımızı bir də orda edək”.

Və budur, diləkləri hasil olub, Allaha şükürlər edərək onlar Bakıdadırlar və Şuşaya gedirlər… Dillərindən düşməyən şükürləri, gözlərinin alışıb yanan sevinc parıltısı ilə təpədən-dırnağa yurdlarını sevirlər.

Mənimlə həmsöhbət olduqda Azərbaycan türkcəsində danışmağa çalışdıqca, o gözəl, axıcı səslərilə cümlələr qurduqca bu torpaqlarda doğulmasalar da, qəlblərindəki vətən sevgisinə heyran qalıram və bu böyük vətənpərvər xanımlarımızla qürur duyuram, onları kəşf edirəm. Bizdən uzaqlarda yaşayan qan bağlarımızın daşıyıcısı olan bu xanımların həyat yolu, uğurları ilə fəxr edirəm. 

***

 ...Səmra Coşkun Mersin ixtisasca hüquqşünasdır. Coşkun Semra xanımın ata soyadıdır. O, uzun illər Türkiyədə məhkəmə hakimi vəzifəsini icra edib. Ağır Cinayətlər Məhkəməsinin hakimi olub, oradan əməkli olub, daha sonra gənc əməkli (təqaüdçü) olub... Türkiyə qanunlarına görə, notarius kimi fəaliyyət göstərmək üçün, ən azı 15 -20 il hakim, prokuror, yaxud vəkil kimi fəaliyyət göstərməlisən. Səmra xanım da uzun illər hakim kimi fəaliyyət göstərdikdən sonra, son 20 ili notarius vəzifəsində çalışıb. Və hazırda təqaüddədir.

Səmra xanım ata və anasının Azərbaycanda döğulduğu barədə «Təzadlar»a müsahibə verir: “…Ana babam Stalin repressiyası dövründə Azərbaycanı tərk edərək, Türkiyəyə üz tutub. Ata babam isə daha öncədən Türkiyəyə köçüb. Biz Türkiyədə doğulmuşuq. Ata-anamız bizə Azərbaycan barədə söhbətlər edər, baba-nənələrimizin xatirələrini danışardılar. Görmədiyimiz vətənimizi uzaqdan sevərək, onun həsrəti ilə böyüdük biz…”.

Səmra xanım  insanın öz doğma torpağından qopmasının mümkün olmadığını söyləyir: «Əvvəllər dogma vətənimizə gəlmək mümkün deyildi, qadağan idi (Sovet dövrünü nəzərdə tutur - RED.), amma sonra qadağalar götürüldü və gəlmək qismət olanda, öncə anamızı gətirdik. Doğulduğu torpağı görmək, vətənini ziyarət etmək anama 2016-cı ildə qismət oldu. 90-a yaxın yaşı olmasına baxmayaraq, o, torpaq və vətən həsrətinə dözmədi və dogma yurduna gəldi. Hazırda anamız 95 yaşını keçib və səhhətində problemlər var. Ona görə onu gətirə bilmədik“.

Səmra xanım doğma yurduna beşinci dəfə gəldiyini bildirir. Və bu dəfəki gəlişlərinin əsas məqsədinin Qarabağı, işğaldan azad edilən torpaqlarımızı ziyarət etmək olduğunu bildirdi.

"…44 günlük Vətən müharibəsi dövründə mən hər an – gecə-gündüz Azərbaycanla bağlı xəbərləri təqib edirdim. Hardan olursa-olsun  - televiziyadan, internetdən… Hər gün torpaqların işğaldan azad olunması ilə bağlı şad xəbərləri gözləyirdim. Hər şad xəbəri eşitdikcə, qanadlanıb uçurdum. Bir anım belə vətənimi düşünmədən keçmədi. Əllərim göydə hər gün dua etdim, niyyət tutdum… Nəhayət, Zəfər xəbəri verildi və mən o zaman dünyanın ən xoşbəxt insanı olduğumu hiss etdim. O çox böyük bir xoşbəxtlik idi. Müqayisə olunmayacaq dərəcədə… Ağladım, sevindim, güldüm… O hissi anlatmaq belə mümkün deyil, kəlmələrə sığmaz. Hətta Azərbaycandakı televiziya aparıcısı qələbə xəbərini verərkən kövrəlib ağladığında, mən ondan da çox ağlayırdım. O xəbəri ağlamadan dinləmək mümkün deyildi, əks təqdirdə, gərək o insanda ürək olmasın…  ”, - deyən Səmra xanım o hissləri yenidən yaşayır və gözləri sevinc yaşları ilə dolur…

***

…Bildirir ki, İstanbulda həkim kimi fəaliyyət göstərən Azərbaycandan olan oğulları, qızları var, o zaman onlar vətənimizə gəliblər və hər gün baş verənlərlə bağlı ona müjdəli xəbərlər verirlərmiş. "Bacı, Xudafərin körpüsünü aldıq, bacı, Şuşaya daxil olduq…». Onlar Azərbaycandan aldıqları xəbəri mənə deyirdilər, mən televiziyadan öncə onlardan xəbəri öyrənmiş olurdum. Çox xöşbəxtəm, çünki ən böyük xoşbəxtlik Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi, Qarabağda bayrağının dalğalanması və müstəqilliyini qorumasıdır. Və mən onu gördüm”, - deyə Səmra xanım şükr edir.  

Səmra xanım bildirir ki, ermənilər də anlayırdılar ki, o torpaqlar onların deyil və bir gün Azərbaycan oğulları həmin şəhərləri, kəndləri geri alacaq və ona görə də yerlə-yeksan edərək dağıtdılar: «İnsan vətən hesab etdiyi yeri abad etməzmi? Onlar bilirdilər ki, işğal etdikləri torpaqlar vətənləri deyil, onlara qalmayacaq, ona görə də istifadə etdikləri qədər etdilər, vəhşicəsinə taladılar… Şükür Allaha ki, indi də rədd olub getdilər...”.

***

…Səmra xanımın bacısı Səma Coşkun Aktik (folklorşünas -tarixçi) isə uzun illər tarix müəllimi kimi çalışıb. Hazırda Kanadada yaşayır. Səma xanım “Tərbiyə verdiyim övladlarıma da bildiyim qədər tariximizi anlatmağa çalışmışam…», - deyir.

Eyni ilə bacısı Səmra xanım kimi Vətən müharibəsində özü Azərbaycandan uzaqlarda olsa da, ürəyi bizimlə olub. “Mən Kanadada yaşasam da, ürəyim sizinləydi, ruhən, qəlbən, dualarım ilə Azərbaycanla idim. Hər gün Vətənim üçün, buradakı bacı –qardaşlarım üçün dua edirdim. Allahdan bir istəyim vardı -Vətənim bu bəladan qurtulsun, torpaqlarımız işğaldan azad olunsun,  düşmənlə üz-üzə dayanan oğullarımızı qorusun! Biz Kanada da diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi ilə bağlı əlimizdən gələni edirik. Şükürlər olsun, bu həmrəyliyin bariz nümunələrini görməkdəyik...".

”, - deyərək yenə də əllərini göyə qaldıraraq dua edir.

Səma xamım pandemiya səbəbi ilə son iki ili Türkiyəyə gələ bilmədiyini söyləyir: “…İstanbula gəldim və ilk olaraq Çanaqqalaya getdim. Mustafa Kamal Atatürkə və onun yaxın silahdaşlarına dualarımı etdim. Bir türk qadını olaraq hər şeyimizi ona borcluyuq… Daha sonra arzuladığım kimi, ata yurdum - ana yurdum Azərbaycana gəldim və buna görə o qədər xoşbəxtəm ki, sözlə ifadə edə bilmirəm. Nə xoşbəxtəm ki, türkəm – türk qadınıyam. Yurdumuza, bütün dünyaya sülh və əmin-amanlıq arzulayıram. Həmişə könül açıqlığı ilə bir-birimizlə görüşək, arxa duraq, sahib çıxaq. Çox xoşbəxtəm ki, Qarabağ torpaqları işğaldan azad edilib və biz azad Şuşamızın ziyarətinə gedəcəyik. Bu sevincimizi heç cürə izah edə bilmirik…”

Bəli, biz də sevincliyik. Sevincliyik ki, həmsöhbətimiz olan Səmra və Səma xanımlar kimi qəlbi torpaq sevgisi ilə döyünən, yuxularında vətənini görən, yurdunun sevincinə, kədərinə şərik çıxan Azərbaycan övladlarına bu gün «Doğma Qarabağa – Şuşaya xoş gəlmisiniz!» deyə bilirik. Qürurluyuq ki, damarlarında türk qanı axan cəsur, uğurlu həyat yolu keçən xanımlarımız harada yaşamalarından, hansı vəzifə sahibi olmalarından asılı olmayaraq, yenidən bu torpaqlara dönürlər, sevincimizə şərik çıxırlar və fəxrlə – «Azərbaycan türküyük!» deyirlər!

YASƏMƏN MƏMMƏDLİ

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.İst. 6.3.14).

 


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA