booked.netbooked.net booked.net  

Atamı xatırlayarkən...

Bu vaxtda qədər atam haqqında, onun işıqlı siması barədə yazmaq, necə deyərlər, ürəyimi boşaltmaq istəmişəm, ancaq bacarmamışam. Fani dünya atamı məndən 40 ilə yaxın zaman kəsiyində uzaqlaşdırsa da, onun əzəmətli və nüfuzedici çöhrəsi gözümün önündə həmişə canlanır. Yəqin ki, yaşlı və orta nəslin hal-hazırda yaşayan və onu tanıyan Füzuli rayonunun əhalisi, xüsusən də doğulub boya-başa çatdığı Qərvənd və ətraf kəndlərin sakinləri əminəm ki, Səfərov Əli Qərib oğlunu hörmət və ehtiramla xatırlayırlar.

Bəzən insan öz keçmişini xatırlamaq, valdeynin kimliyi barədə danışmaqdan yan keçir. Nəyə görə? Çünki camaat arasında əməlləri ilə yadda qalmayan, ancaq bioloji varlıq kimi təkcə öz övladlarını böyüdənlər adiləşir, dünyasını dəyişəndən sonra tez də unudulurlar. Belə valdeynlər yalnız öz övladlarının yaddaşında qalırlar.

Mənə elə gəlir, o insanlar dünyadan köçəndən sonra xatırlanır ki, onlar təkcə öz ailəsi üçün deyil, ətrafı, qohumları və kəndi üçün müəyyən bir iş görməklə yadda qalsın. Təvazökarlıqdan uzaq olsa da, atam Əli Qərib oğlu Səfərov sıradan olan bir vətəndaş yox, onu tanıyanların həqiqi sevdiyi ağsaqqallardan biri olmuşdur.

Əmisi oğlu İsrafil Səfərovdan eşitdiklərimdən: “Əli mənim ən çox istədiyim qohumlarımdan biri idi. O, yaşca məndən 10-12 yaş kiçik olardı. Onun uşaqlığı gözümün qabağında keçib. Yaşından çox böyük görünərdi. Enli kürəyi, dolu bədəni, uca boyu ilə tay-tuşlarından seçilərdi. O vaxtlar (30-40-cı illər arası) kəndin rəhbər işçiləri boş vaxtlarında cavan uşaqları güləşdirmək, onların qol güclərini sinamaq kimi əyləncəli idman oyunları keçirməkdən zövq alırdılar. Belə tədbirlərdə Əli həmişə seçilər, hətta yaşca özündən böyük olanlara aman verməyərək, onların kürəyini yerə vurardı. Belə uğurlu nəticələr onun qohum-qardaşlarını sevindirsə də, Əlinin qeyri-adi gücə malik olması kənddə özündən müştəbeh rəhbər işçilərin xoşuna gəlmirdi. Elə bil onlar bu cavan uşağı özlərinə gələcək rəqib hesab edirdilər. Məhz bunun nəticəsi idi ki, hələ 17 yaşı tamam olmamış Əlini kənddən verilən danos nəticəsində rayon hərbi komissarlığına çağrılaraq tez-tələsik Böyük Vətən müharibəsində iştirak etməyə apardılar”.

Hazırda yaşayan 86 yaşlı bacısı Zərqələm Səfərovanın dediklərindən: “Bir Allah bilir ki, Əli mənim üçün nə qədər əziz və sevimli idi. O, mənim qəlbimdə əbədi yaşayır. Əli vəfat edəndə elə  bildim ki, arxamızda bizə həmişə dayaq olan bir dağımız yox oldu. Təkcə bir epizodu xatırlatmaq istəyirəm. Mən xəstələnərək rayon xəstəxanasına düşmüşdüm. Məni əməliyyat edən həkimlər çox ümidsiz idilər. Həyatla ölüm arasında çabalayırdım.

Xəstəxananın dəhlizində oturub vəziyyətimin kritik olmasını müşahidə edən Əli həkimlərə dedi: “Eşidin və agah olun ki, mən bacımı evə sağ-salamat aparmalıyam. İndi düşünün, nə lazımdır edin ki, o, sağ-salamat ailəsinin yanına qayıtsın, əks halda, sizi xəstəxanadan evinizə buraxmayacam. Mənim bacım ölməməlidir”.

Canına vəlvələ düşən həkimlər mənə lazım olan qanın ancaq Xankəndində olduğunu dedilər və 3 saat müddətində qanın xəstəxanaya çatdırılmasını xahiş etdilər. Həyat yoldaşım yaxın bir qohumla qanı həmin müddətdə xəstəxanaya çatdırdılar. Qan tez köçürüldü və bununla da mən ölümə qalib gəldim. Mənim bu gün həyatda sağ qalmağım, yaşamağım göydə Allah, yerdə Əlinin hesabınadır”.

***

Atam müharibəyə gedəndə ancaq 7 illiyi qutarmağa macal tapmışdı. O, dost Ukrayna torpağında alman işğalçılarına qarşı yüz minlərlə azərbaycanlılardan biri kimi müharibəyə qatılaraq 6 ay ağır döyüşlərdə vuruşmalı olur. Döyüşlərin birində düşmən tərəfindən atılan mərmilərin partlaması nəticəsində əvvəlcə bir ayağı sıradan çıxır, sonradan zədələnmiş ikinci ayağıda möhkəm qaralır. Həkimlər bu zədələnmiş ayağı da dizdən yuxarı kəsmək məcburiyyətində qalırlar. Bəli, bu, ədalətsiz bir müharibənin ailəmizə vurduğu ən ağır zərbə idi. Beləliklə, ağır yaralanmış atamı təxliyə edərək Tbilisidəki hərbi qospitala yerləşdirirlər. Atamın ağır yaralanması və qospitalda müalicə alması xəbəri ailə üzvlərinə çatır. Düz səkkiz ay müalicə olunan atam böyük qardaşı Möhsüm əminin köməkliyi ilə qonşu ölkədən kəndimizə gətirilir. Onun fiziki cəhətdən çətin bir durumda müharibədən qayıtması qardaşları və qohum-əqrəbalarını bərk sarsıdır. Bircə şeydə onlar təsəlli tapırlar ki, o, sağdır, onun ucadan gələn səsi yenə öz əzəməti ilə fərqlənir.

Atam 1950-ci ilin payızında ailə həyatı qurur. Onu əmisi qızı ilə evləndirirlər. Bu izdivacdan 3 oğul və 6 qız övladı dünyaya gəlir. Övladlarını böyüdüb boya-başa çatdıran atam bu böyük külfətin maddi təminatını təkbaşına ödəməkdə çətinlik çəkməmişdir. Çünki onun ağıllı və səriştəli təşkilatçılığı maddi durumunun həmişə normal vəziyyətdə olmasına kömək edərdi.

Qeyd etdiyim kimi, atam natamam təhsilli və I qrup müharibə əlili olmasına baxmayaraq, kənddə təftiş komissiya sədri, briqadir, azad partiya təşkilat katibi kimi müxtəlif vəzifələr aparmaqla fəal həyat mövqeyindən geri qalmamışdır. Onun qollarında qeyri-adi güc var idi. Nisbətən yaşlı vaxtlarında belə, onun qolunu qatlamaq mümkün deyildi. O, ayaqlarına protez geyinib və qastillərdən tutaraq atın belinə asanlıqla qalxırdı. Maşının az olduğu keçən əsrin 60-70-ci illərində əsas minik vasitəsi at olduğundan həmişə atımız olub. Mən öz rayonumuzda və respublikamızın digər rayonlarında iki ayağını dizdən yuxarı itirən çox adamlar görmüşəm, ancaq onların heç biri protez ilə gəzməyi bacarmamış, ancaq əlil arabasından istifadə edə bilmişlər. Bu cür qeyri-adi xüsusiyyət və mübarizlik, qətiyyətlə deyərdim ki, ancaq atama məxsus idi. Elə bil çox gənc ikən dəhşətli müharibə nəticəsində onu tərk edən ayaqlarının gücü sanki qollarında cəmləşmişdi.

Atam məlumatlı adam idi. O, respublika və dünyada gedən siyasi proseslərə xüsusi maraq göstərirdi. Mətbuatla çox maraqlanırdı. 60-70-ci illərdə ən çox “Kommunist”, “Sovet kəndi” və rayonda çıxan “Araz” qəzeti evimizin gündəlik qonağı olardı. Yadımdadır ki, o, mənə dünya ölkələrinin başçılarının kim olduğunu əzbər öyrənməyi məsləhət bilərdi. Mən həvəslə müəyyən müddətdən sonra onun öyrətdiklərini həvəslə cavablandırardım. Atam möhkəm yaddaşa və fitri istedada malik idi. O, partiyaya keçirdiyi ziyalı və kolxozçular üçün hazırlanan protokollardakı qərarları birnəfəsə sinədən deyərdi. Onunla hər hansı siyasi məsələ haqqında polemikaya girən adam sözsüz ki, uduzardı.

Atam ailəcanlı olduğu kimi, həm də çox qohumcanlı idi. O, təkcə öz övladlarının yox, erkən dünyasını dəyişən qardaşı uşaqlarının da qayğısına qalar, onlara bir ata kimi böyüklük edərdi. Heç zaman ailədə ayrı-seçkiliyə yol verməzdi. Təkcə onu xüsusi vurğulayım ki, o, tək öz oğlunun deyil, qardaşı oğlanlarının da ali məktəblərə qəbul olunmasında zəhmət çəkmişdi. Onların ali məktəbi bitirəndən sonra rayonda müəyyən vəzifələr tutması üçün o, öz nüfuzundan istifadə edərək rayon partiya komitəsinin və icraiyyə komitəsinin rəhbərlərinə təsir edərək istədiyinə nail olmuşdur.

Atamın xeyirxahlığının və qohumcanlılığının mən deyərdim ki, analoqu yox idi. Bunu onunla izah edirəm ki, I qrup əlil kimi böyük fiziki qüsuru olan bir insan əziyyətə qatlaşaraq Rusiyanın Tula şəhərinə getmiş, Böyük Vətən müharibəsində almanlar tərəfindən əsir götürülmüş və müharibə bitəndən sonra əsirlikdən qurtulan, doğulduğu yerə getməyi yasaq olunan və bu şəhərdə ikinci sürgün həyatı yaşayan əmisi oğlunu dözülməz vəziyyətdən xilas edərək özü ilə ölkəmizə, doğma kəndimizə gətirməyə müvəffəq olmuşdur.

Atam yaxşı nitq qabiliyyəti, məntiqli danışığı ilə seçilirdi. O, əsgər olan vaxt rus dilini yaxşı öyrənmiş və bu dildə fikrini sərbəst ifadə etmək bacarığına malik idi. Yadımdadır, mən uşaq idim, atamın dayısı nəvəsi ağlaya-ağlaya evimizin qapısından içəri daxil oldu. Bütün ailəmiz cavan oğlanın bu cür həyacanlanmasından təsirlənmişdi. Atamın bir qohum kimi ən çox istədiyi dayısı oğlu sürücü işləyən Hüseynqulu Rəhimovun Vladiqafqaz şəhərində (20 iyul 1990-cı ilə qədər Orconikidze) qəza edərək tutulduğu xəbərini gətirmişdi. O, ağlaya-ağlaya dedi: “Əmi, sənin üçün uzaq bir yerə getmək çətin olsa da, əlacımız ancaq sənədir və səndən başqa bir kimsəmiz yoxdur”.

Bu xəbər atamı da bərk təsirləndirmişdi. O, 60-cı illərdə dəbdə olan “Zim” markalı maşını kirayə edərək təxminən Bakıdan 1500 km uzaqda yerləşən şəhərə getməli oldu.

Məhkəmə prosesində söz alıb danışan atamın sürücülərin təsadüfən qəza etməsini əsaslandıraraq, əlil olmasına baxmayaraq, əziyyətlə uzun bir yol gələrək tutulan qardaşının köməyinə ehtiyacı olduğunu bildirmiş və elə onun məhkəmədən azadlığa buraxılmasına nail olmuşdur.

Başqa bir əmisi nəvəsinin Bərdədə tutulduğunu eşidən atam həmin qohumunun da həbsdən azadlığa çıxmasına çalışmış və əks tərəfin səyinə baxmayaraq, məhkəməni qohumunun xeyrinə qərar qəbul etdirməsini bacarmışdır.

Belə faktları çox sadalamaq olar. Kəndimizdə az adam tapılar ki, atam bu və ya digər sahələrdə onların çətin işlərini həll etməmiş olsun. Onun rayonda sözü keçdiyini və müəyyən nüfuz sahibi olduğunu bilən kənd adamları müxtəlif xahiş və problemlərini yerinə yetirmək üçün bizim evimizə gələrdilər. Kimisi istehsalat idarəsi, kimisi hərbi komissarlıqda, kimisi polisdə, kimisi ictimai təminat şöbəsində düyünə düşən işinin həll olunmasında atamın köməkliyinə ehtiyac duyurdular. Atam xeyirxah və ürəyi yumuşaq olduğu üçün  əziyyətlərə qatlaşaraq öz kəndçilərindən lazımi köməyi əsirgəmirdi.

Atam elə bir vəzifə sahibi deyildi. Onun müsbət həll etdiyi işlərin ona aidiyyəti olmasa da, o, bir ağsaqqal kimi kənd adamlarının işinə təmənnasız yarayaraq, onların hörmət və etimadını qazanırdı.

Qardaşı oğlu, hazırda pensiyada olan Vahid Səfərovun dediklərindən: “Əmimin ədalətli, iradəli və qətiyyətli bir insan olduğunu hələ uşaq yaşlarında olarkən hiss etmişdim. Bir əhvalatı xatırlamaq yerinə düşər. Dayım Əvəzin toyu idi. Toy başlayar-başlamaz rayon hərbi komissarlığından kəndə gələn nümayəndə onu maşına mindirərək komissarlığın yerləşdiyi rayon mərkəzinə apardı. Adət-ənənəmizə uyğun olmayan bu haqsız hərəkətə dözməyən əmim təcili rayona gedərək dayımın geri dönməsinə nail olaraq qohumların və kənd camaatının nigarançılığına son qoydu. Mənim müxtəlif vəzifələrdə işləməyimində əsasını əmim qoymuşdu. Belə ki, mən kəndimizdə 2 il kolxoz sədri işlədim. Elə oldu ki, rayonda rəhbər işçilərdən biri ilə aramızda böyük bir narazılıq yarandı. Əmim mənə məsləhət etdi ki, dalaşdığın adam sənə müəyyən zərər yetirər, get, ərizə yaz və işdən çıx, mən səni yaxşı bir işə qoyduracağam. Əmimin məsləhəti ilə birinci katibin qəbuluna gedərək ona ərizəmi təqdim etdim və işdən azad oldum. Bir neçə gündən sonra əmim birinci katibin işə gəlməsini gözləyərək, onunla kabinetinə gedən girişdə görüşür. Əmim birinci katibə deyir ki, Vahid mənim oğlumdur, onun gələcəyi var, eşitdiyimə görə, itehsalat idarəsində boş yeriniz var. Mən canımın yarısını vətən yolunda qoymuşam. Özümün məsul vəzifələrdə işləməyimə fiziki qüsurum mane oldu. Elə bilirəm ki, oğlumun müəyyən mənada məsul bir işdə işləməsi mümkündür. Mənim sizə bu cür xahiş etməyə mənəvi haqqım çatır. Əmimin xahişi, sözsüz yerinə yetirildi və mən yeni işə təyin olundum. Bu andan başlayaraq mənim karyeramda sanki yüksəliş başladı. Məlum hadisələrə kimi rayonda müxtəlif məsul vəzifələrdə işlədim”.

Atam həmkəndlisi Ümüd kişi ilə birlikdə kəndin ayrı təsərrüfat kimi fəaliyyət göstərməsi üçün rayonun əlaqədar təşkilatları arasında məsələ qaldıraraq bu mürəkkəb işi həll edə bilmişlər.

Yaxşı yadımdadır ki, kəndin bir hissəsi uzun müddət elektrik işiğına həsrət qalmışdı. Planlaşdırma zamanı qonşu kənddən olan bir mərdimazar Bakıdan gələn işçi qrupuna kəndin yuxarı hissəsdindəki evlərin bu kəndə aidiyyəti yoxdur deməsi plana düşməyən 20-ə qədər evin işiqsız qalmasına səbəb olmuşdu. Məhz atamın təkidi və tələbi ilə bir neçə il sonra kəndin bu hissəsinin elektrikləşməsi baş tutmuşdur.

Atam hansı işin qabağına düşürdüsə həmin işi ən azı 90 faiz müsbət həll edirdi. Atamı bir dəfə çox ümidsiz gördüyümü də xatırlayıram.  Onun bir tanışını tutmuşdular. O, möhkəm xarakterə malik, sözündən dönməz və çox qürurlu bir insan idi. Bu cəhətlər atamın ona olan rəğbətini şərtləndirirdi. Bir gün atamla rayon mərkəzinə getmişdik. Haqqında danışdığım adamı polisin (o vaxt milis adlanırdı) növbətçi otağında saxlayırdılar. Atam dedi ki, iki blok siqaret, üç-dörd şiş kabab bişirtdirib mənim adımdan həmin şəxsə çatdırarsan. Bəs sən niyə görüşə getmirsən? - deyə atama müraciət etdim. Atam dedi ki, oğlum mən onda görüşə gedərdim ki, mənim həmin adama köməyim çatsın, əgər bunu edə bilmirəmsə getməməyim daha yaxşıdır. Deyərsən ki, Əli biraz nasazdır, gələ bilmədi. Bir də ki, o, sifarişlə rəhbərlik tərəfindən tutulub və onu həbsdən azad etdirmək mənim gücüm xaricindədir.

Atamın bir ağsaqqal kimi xeyirxah əməlləri, onun övladlarını həmişə camaat içində sonsuz məhəbbətlə yada salınmasına, yaxşı bir nəslin davamçısı kimi xatırlanmasına kölgə salmır, əksinə, xoş məramla yad edilir. Təəssüf ki, nəsillərə nümunə olan belə insanlara hazırda az rast gəlmək olur.

Mən qürur duyur və fəxr edirəm ki, Səfərov Əli Qərib oğlunun ailəsində dünyaya gəlmişəm. Allah sənə rəhmət etsin, ata!     

Ehtiram Səfərov,

filologiya üzrə fəlsəfə doktoru

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN