Nizami Süleymanoğlu

Ötən məqaləmdə demişdim ki, növbəti yazıda Yəhudi Dünyasına surəti möhtərəm Prezidentə olmaqla müraciət edəcəyəm. 

İstər Seçkin Yəhudi Dünyasına, istərsə də möhtərəm Prezidentə 2015-ci ildə çap etdirdiyim “Uzaqları yaxından görənlər” kitabımda müraciət etmiş kimi olmuşam. Necə? Seçkin yəhudi xalqına, dünyasına rəqəmləşdirilmiş sözlərlə, ikilik misralarla elə sevgi, sayğı, ehtiram bəslədim ki, sonra kitabı oxuyanda özüm də heyrətə gəldim. Allah, Allah bu nə sevgidir içimdən vulkan kimi 200 səhifədə püskürüb? Yəhudi vəkil 1956-cı ildə atamın Rusiya həbsxanasından 10 illik həbsinə bəraət aldı. Bunu 2012-ci ildə bilmişdim. Atam həbs həyatından heç vaxt danışmazdı. Nə isə... Dünyada elə bir kitab görmədim ki, o kitabın arxa cildində müəllif yaşadığı ölkənin rəhbərinə müraciət yaza. Sözügedən kitabda həmin müraciət də var. O zaman yəhudi səfirliyinə də, ölkə rəhbərinə də göndərmişdim. Yəhudi dünyasından nə istəməliyəm? Heç nə.

Qarışqaya deyirlər, hara gedirsən? Cavab verir ki, Həccə. Deyirlər, axı bu gedişlə vara bilməzsən ora. Qarışqa sözü bağlayır ki, heç olmasa o yolda öləcəyimi bilərəm. Yəhudi dünyasına müraciətim qarışqanın mesajından ibarətdir. Dünya üstümə tökülsə də...

***

Rəhmətlik Heydər Əliyevin ona yaxşılıq edən kiməsə fərdi müstəvidə yaxşılıq borcu qalmadı. Ancaq mən heç nə istəmədim. Qətiyyən düşünülməsin ki, o borclu qaldı. Yox! Mən təşəkkür ifadəsilə qəbul etmədim. Axmaqlığıma görə deyil. Qayda belədir ki, nə isə qəbul etsəydim, gərək gerçəkləri deməyəydim. Gerçəkləri yazmağı üstün tutdum. Özümdən, ailəmdən, hər şeydən... O nəinki kiməsə borclu qaldı, əksinə, müxtəlif yaxşılıqlarla, satınalmalarla insanları sanki sehrlədi. Kiməsə borclu da qalmadı. Ölümə inanmıram, Allah aciz deyil ki, öz sonsuz mülkündən yer üzünün xəlifəsinə 50-100 il ömür verə, işini bitirə. Allah əbədidirsə, ruh başqa aləmlərdə yaşayır. Ona görə də vaxtilə yazmışdım.

Köç edən var neçə milyon diridən də diridir,

Azərbaycana bax, gör kimin heykəlləridir?

Möhtərəm Prezident İlham Əliyevə gələndə... Deyim ki, özümü Allahın iradəsi altında qlobal idarəetməyə tabe hiss edirəm. Prezidentə öncə bu yöndən baxıram. Məni kimlərsə qəbul etməyə, anlamaya və ya anlamaq istəməyə bilər. Hər kəsin öz işidir. 40 il Azərbaycana, türk dünyasına xidmətlərimi görməzlikdən gəlib ölkə rəhbərinə 2003-cü ildə həsr etdiyim kitaba və sairələrə görə məni “töhmətləndirirlər”. Guya yazmasaydım, o prezident olmayacaqmış kimi. Önəmli deyil. Önəmli olan budur ki, Allaha sığınıb nələr deyəcəyindən sezgilənəcəyəm.

İnsanın şairliyi seçməsilə - şairliyin insanı seçməsi fərqlidir. Şəxsimdə anladım ki, adı Nizami olub, Füzulidə doğulanın şair olmaqdan başqa yolu olmur. Həyat özü də kitabdır, anlayışla oxuyanlara... Bəşəriyyət Qlobal pult ilə diri ölülər kimi idarə olunur. Allah da hər şeyi görür. Mən də baş-gözləri bir yana, qəlbimin TƏK GÖZÜ ilə görə bildiyim qədər görürəm.

***

Yaradan insanları özünün İlahi həzzində əbədi İLAHİKRATİYA prosesində iştirak üçün yaradıb. Ağıl, şüur, ruh, qəlb də verib ki, fərqli seçim imkanları olsun. İblisi də yaradıb. Dərin təfəkkürdə iblis Yaradana xidmətçidir. Müxalif görəvləndirilmədir iblisin işi, möhlət də buna görədir. İlahinin iblisə möhlət tanımağında hansısa zamana qədər olan vaxt məsafəsinin mövcudluğu var. Dini kitablar bu möhlətin qiyamətə qədər olduğunu vurğulayır. Allah yaratdıqlarına sığmaz. Zamanı da yaradan Odursa (buna şübhə yox), O zamansızdır.

İBLİSİN TƏRS PSİXOLOJİSİ

Allah təkdir, iblis də tək! Bu təkliklərin fərqi isə tək deyil. Birinci şəriksizlikdə təkdir. İkinci isə bu şəriksizliyə xidmətdə tək. İblis bu xidmətini TƏRS PSİXOLOJİ ilə təzahür etdirir. Bu üslub tanışdır.

Yaradılan ağıl Yaradanın mahiyyəti, zatı, sirri haqqında fikir yürüdə bilməz. İnsan ağlı bu dərklərə qapalıdır. İblis də çox şeyi bilsə belə, İlahinin özəl sirlərini bilə bilməz. İnsan Allahın 99 deyilən ad-sifətlərindən, əsmalarından, təcəlliyatından agah ola bilər. Dini mənbələr insanların cahilliyindən, dönüklüyündən, nankorluğundan, unutqanlığından və sair xüsusiyyətlərindən söz açıb, bəhs edib. Eyni zamanda, onun yer üzünün xəlifəsi, əşrəfi olması özəlliyini də vurğulayıb. Dini mənbələrə görə, insanda da qovulmuşluq var, Cənnətdən. Ancaq insan iblisdən fərqli olaraq lənətlənməyib. Nələr müşahidə olunur yer üzündə? İnsanların xəlifəliyində yetərincə sadiq olmazlığı qarşısında iblisin öz görəvinə sadiqliyi... Aldığı möhlətə uyğun sözünü, iddiasını tutur o... Üstəlik, vurğulanan lənətlənmə ağırlığı altında... Düşünün, iblisin özünü lənətləndirmə bahasına Yaradana müstəsna xidmət dərinliyində insanları saf-çürük etmək özəlliyi aşkardır. Bəs insan? İnsan çox cüzi istisnalarla öz xəlifəliyinə xəyanət edib, adamlaşmağa deyil, şeytanlaşmağa davam etməkdədir. Səid Nursi həzrətləri yüzə yüz haqlıdır. “İblis, şeytan özlüyündə şər, pis deyil, insanların şeytanlaşması pisdir”.

Fikrimcə, 20 il öncəki beşlik misralarım da haqsız deyil.  

Yaradana sevgilərdən doymuram,

Kəndirimi üzülməyə qoymuram.

Qərəzlə heç iblisə də söymürəm,

Lazım olsa yaratmazdı Yaradan.

Onda ağ da seçilməzdi qaradan.

***

Ötən sayda üzərində işlədiyim bir əsər haqqında qeyri-adi iddia ilə söz getmişdir. İmkansız görünən bir şeyin olduğuna inanmazdıq, istəniləni imkanlı hala gətirə bilir. Bir insana, ya millətə bəslənən sevginin miqyası ağlagəlməz yeniliklər yarada bilər. Müəllifi ən çətin zənn edilən qərarlara gəlmək qarşısında qoyar. Sevməyi bacarana bacarmaqdan başqa yol qoymur sevgi. Sevgiyə layiq olmayanın özü də sevgili əsər yarada bilməz. Çünki özü sevgiyə layiq olmayanda içdən gələn sevgi bacarığı da zəif olar. Zəif isə heç bir əsərində əsl sevgi yarada bilməz.

Dünyada lənətlənmiş toplum yoxdur. Bunu fərqli ifadələrlə, əsaslandırmalarla, sözügedən kitabın birinci hissəsində yazmışam. Məşhur türk ilahiyyatçı xoca Ehsan Əliaçığı dinlədim. Haqlı olaraq buyurur: “”Yəhudilərin zalimlikləri” Quranda qınanılırsa, bu, zalimliyin qınanılmasıdır, yəhudiliyin deyil”.

Müsəlmanlıq İslam aləmindəki zülmkarların əlində, dilində, əməlində zülmü maskalamaq vasitəsinə çevirilib. Allahla, Quranla aldatmadır İslam aləmindəki proses, istisnalarla...   

Yəhudi dünyası haqqında xəyallarımın mövzularıma, layihələrimə uyğun böyüklüyünün o xəyalların gerçəkləşmə ehtimalından çox kiçik olması, əlbəttə, arzulanmaz olar. Ona görə də tək kitabla deyil, başqa sahələrdə də məqsədlərimi aktivləşdirməyə çalışacağam. 

Yəhudi dünyasını yəhudi kimi sevirəm desəm, bu yanlış olar, səmimiyyət həddini aşmaq olar. Səmimiyyətin şərhə, izaha ehtiyacı olmur. O öyrədilməyən təbiilikdir, varsa var, yoxsa yox. Seçkin yəhudi xalqının toplum kimi biri-birinə bəslədiyi sevginin ən dərin qatlarını sevirəm. Onların çəkdiyi ağrı araşdırmalarımdan sonra ruhumda, beynimdə, şüurumda qeyri-adi təsirlənmələr yaradıb.

Xalqı qınamaq qətiyyən mənim işim deyil, gerçəyi gerçək kimi demək isə fərqlidir. Azərbaycanlılarda istisnalarla fədakarlıq edən övladlarına nəinki sahib çıxmaq, hətta sayğı duymaq geni də aktiv deyil. Qabil-Habil qarşıdurmasıdır İslam-türk dünyasında. Biri var, gözü çıxan qardaşından ibrət alıb öyrənəsən, biri də var, gözünü elə qardaşın çıxara. Paxıllıq, bir-birimizin başından basıb, ayağından çəkmək vərdişi içimizi bürüyüb. Ona görə məlum gündəyik. Ruslaşma, farslaşma və sairələşmə orientasiyalarında psixoloji sığınacaqlar axtarışı davam edəcək.

İnsan qədri bilinməyən mühitlərdə bulunmaq istəməz. Mühitini dəyişər, düşüncəsini dəyişər. Hətta qürbət ağrısına dözüb, Vətən coğrafiyasını da dəyişər. Yəni mühit, şərait, təsirlər qarşısında seçimlə qədərini dəyişə bilir insan.

Poeziya ruh işidir. İnsanın düşündüyü, duyğulandığı kimi yaşaması, yaşamaq imkanı və ya arzusu istiqamətinə yönəlməsi təbiidir. Bu imkanlar uyğun gəlməyəndə və ya olmayanda səbəblər araşdırılıb, çarə bulunmalıdır. Xüsusən yaradıcı, sənət sahibləri üçün.

ZAMANIN DÖNƏMİ...

Yeni Dünya Düzəni köhnə dünya düzəninin yıxılması deməkdir. Bina uçurulmasa, yerində yenisi tikilə bilməz. Qorbaçovun yenidənqurması SSRİ-ni dağıtdı. Bəşəriyyət xeyir gördümü? İndi daha böyük gərginliklərin gedişatıdır. İnsanlararası yardımlaşma ruhu da öləziyir. Nə deyim? Köhnə nəsil gördüyünü görüb, yeni nəsli-gəncləri qorumaq, onlara kömək olmaq yollarını açmaq şərtdir.

Poeziya yaratmaqdır, həyata, gözəlliyə vurğunluqdur. Ana südü kimidir poeziya - pak, tərtəmiz, həyatvericidir...

2019-cu ilin avqustunda 10 illik mülki məhkəmədə şər, şantaj iddialarla çəkişmələrdən sonra 24 illik ata mənzilindən ailəvi çıxarılma mənim üçün qaysaqtutmaz təhqir yarası olub. Bu yaranın izləri sözümdə, əsərlərimdə, misralarımda istər-irstəməz hər hansı formada təzahür etməyə bilməz. Sanki həyatımdakı əcaib, sözəgəlməz boşluğun dibindəyəm.

Olsun, quyunun dibi də, hətta cəhənnəm də Allahındırsa, xoşdur. Dünyanın işini bilmək olmur, Konfutsi demiş: “Öldürməyən zərbə insanı ucaldır”.

***

Çoxu bilir ki, orta məktəbdə “Mənim arzum” başlıqlı bir inşa mövzusu yazdırıblar. Mən də yazmışdım ki, özüməm, arzuma çatmışam və özüm olaraq qalacağam. Pis-yaxşı çalarlarla kiməmsə, özüməm, özüm... İndi deyirəm, özüm olub qalmaq üçün azı 50 il əziyyətlər çəkdim. Yarım əsrlik özüm olmaq yolunda çəkdiyim əziyyətləri, ödədiyim bədəli heç edib, güdaza verəsi deyiləm. Yaltaqlıq da, qorxaqlıq da mənim üçün qəbuledilməzdir. Ancaq anlayış və səmimiyyətə özüməməxsus baxışlarım var. Nəinki müxaliflik, heç ziyalı olmaq öhdəliyim də olmayıb. Müharibə başlayana kimi ticarətçi olmuşam. Yeddi fərqli maqazin işlətmişəm, çayxanam olub. Böyük pullar görmüşəm.

Vətən mövzusuna görə ticarəti atdım.

Füzulidə müharibə dövründə 130-dan çox erməni dinc əhalisini ölümün və cürbəcür işgəncələrin cəngindən Allahın izniylə xilasında vasitəçi oldum. Bunu bacaranın nə qədər azərbaycanlının xilasında vasitəçi olduğunu Allah bilər. Füzulinin tarixi ərzində ən güclü alternativlər içindən ən çox faizlə (89) seçilən rayon soveti deputatı oldum. Xainlər hiylə ilə o zaman ali sovetə yolumu bağladı. Füzulinin danışan dili onda kəsildi. Həmin xainlik hərlənib-fırlanıb yenə üstümə gəldi Füzulidən...

Aclıqdan və ölümdən Allahın izni ilə xilas etdiyim ailədən...

(Ardı olacaq)


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA