Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində (DANX) yeni təyinat olub.

Əldə etdiyimiz məlumata görə, Anar Rzayev DANX-ın yeni rəis müavini təyin edilib.

Qeyd edək ki, Anar Rzayev 1973-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə Bakı şəhəri Nizami rayonu 251 saylı orta məktəbini bitirərək Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsinə daxil olub. 1994-1995-ci tədris ilində "ACTP" tələbə mübadiləsi müsabiqəsində Bakıda, sonra isə Moskva şəhərində qalib gələrək ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsi alıb.

1996-cı ildə Xəzər Universitetini fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universietinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirərək "Beynəlxalq İqtsiadi münasibətlər" ixtisası üzrə magistr dərəcəsi alıb.

2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” kafedrasına dissertant kimi təhkim edilib və 2013-cü ildə dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi adını alıb. Bir monoqrafiya və iki dərslikdə həmmüəllifdir. Üç dərslik tərcümə edib.

1996-cı ildə Şotlandiyanın «OBC Transport» şirkətinin nümayəndəliyində əməliyyatlar üzrə menecer vəzifəsində çalışıb. 1997-ci ildən 1998-ci ilin avqust ayınadək «DİALOG Freigşt İNTL» ABŞ-Rusiya birgə müəssisəsinin Baş Meneceri vəzifəsində işləyib. 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına kimi Niderlandın «Van der Вal Intl. Transport Bakı» Şirkətinin Baş Direktoru vəzifəsində çalışıb. 2008-ci ildə Beynəlxalq avtomobil nəqliyyat ittifaqı (İRU) tərəfindən “Top Road Transport Manager” adı ilə təltif olunub. 2001-2013-cü illərdə Moskviç Texxidmət ASC-nin idarə heyətinin sədri vəzifəzində çalışıb.

2004-cü ildən başlayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qruplarında saathesabı qaydada dərs deməyə başlayıb. 2010-2011-ci tədris ilindən 2013-2014-cü tədris ili daxil olmaqla Beynəlxalq İqtisadi Münasibətlər kafedrasında əvəzçiliklə yarım ştat müəllim vəzifəzsində çalışıb.

2014-cü fevral ayından 2017-ci ilə kimi İqtisad Universitetinin «Beynəlxalq İqtisadiyyat (ingilis dilli)» kafedrasının müdiri vəzifəsini icra edib. 2014-cü il oktyabr ayından İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Mərkəzinin (əvvəl İngilis dilində tədris mərkəzi adlanıb) direktoru vəzifəsinə təyin olunmub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəxalq iqtisadiyyat” (ingilis dilində) kafedrasının dosentidir. 2018-ci ilin mayından dekabrına kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində çalışıb. 2018-ci il dekabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris və təlim texnologiyaları üzrə prorektoru vəifəsinə təyin olunub.

2015-ci ilin oktyabrında gənc nəslin təlim-tərbiyə sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Azərbaycan, ingilis, rus, fars dillərini bilir.

ELBAR