booked.netbooked.net booked.net  

SİMA yeni rəqəmsal imzanın inteqrasiyası sürətlənib.

Artıq “ASAN Login” sisteminə də qoşulub.

Bu barədə "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  sosial şəbəkə hesabında bildirib.

 “Çox uğurlu bir addımdır. Düşünmək olar ki, qısa zamanda RİNN və ASAN birgə xeyli işlər görüblər inteqrasiya üçün” bildirən ekspert SİMA-nın ASAN-a inteqrasiyasını izah edərək bildirib ki, artıq müxtəlif dövlət sistemlərinə, 80-dən çox dövlət portallarına girişlə bağlı vətəndaşlar daha asan və sadə bir identifikasiya alətinə malik olub.

“Yəni, bu məsələdə, sadəcə portallara giriş məsələsində ASAN-a dəxli olmayan ASAN imzanin inhisarçılığının qarşısı alınıb”, - vurğulayıb.

Amma o, hesab edir ki, hələlik bu o demək deyil ki, vətəndaş bütün dövlət xidmətlərini SİMA ilə əldə edə biləcək, sənədlərini SİMA ilə imzalayacaq, çünki  ciddi problemlər qalır və xidmətlərin özünün SİMA-ya inteqrasiyası hələ yeni başlayıb.

Ekpert əmindir ki,  vətəndaşlar bundan sonra SİMA-nın üstünlüyünü, real faydasını görə biləcəklər.

“Məsələn, hələlik kifayət qədər populyar olan, ciddi ictimai-sosial əhəmiyyət kəsb edən xidmətlər, vergi xidmətləri, notarial xidmətlər, MİDA xidmətləri, əmlak xidmətləri SİMA-ya inteqrasiya olunmayıb. Vətəndaşın təqdim etdiyi sənədlərin isə SİMA ilə imzalanması üçün mütləqdir ki inteqrasiya olunsun.

Düşünürəm ki, bu xidmətlərin, xüsusilə də vergi xidmətlərinin daha tez bir zamanda SİMA-ya inteqrasiyasına ehtiyac var”, - qeyd edir.

Osman Gündüzün sözlərinə görə, məhz bu sahədə mobil imza olan ASAN imzanın inhisarçılığı ən yüksək həddədir.

“Bildiyim qədər RİNN, AzİnTelecom hazırda əlaqədar qurumlarla birgə SİMA-nın dövlət xidmətlərinə inteqrasiyası istiqamətdə çalışırlar.

Elə bu gün keçirilən “Korrupsiyanın qarşısının alınmasında texnologiyaların rolu” mövzusunda ictimai dinləmələrdə də, həm də bu haqda müzakirə aparılıb.

SİMA-nın əsas üstünlüyü odur ki, mobil nömrəyə bağlı deyil, vətəndaş heç yerə getmədən, vaxt itkisinə yol vermədən, eləcə də imza üçün vəsait sərf etmədən rəqəmsal bir identifikasiya vasitəsi, sənədləri imzalama vasitəsi əldə etmiş olur.

SİMA mobil tətbiqlərini yükləyib heç bir ödəniş etmədən, qısa bir anda, biometrik (üztanıma) texnologiyası ilə qeydiyyatdan keçib bu rəqəmsal imzanı əldə etmək mümkündür.

Ümid edirəm, qısa zamanda SİMA-nın populyar və ictimai əhəmiyyət kəsb edən dövlət xidmətlərinə inteqrasiyası başa çatacaq”, - deyə Osman Gündüz bildirib.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imzanın “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiyası yekunlaşıb. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN Login” Vahid Giriş Sistemi üzərindən müraciət edilən dövlət xidmətlərini indi SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə daha əlçatan olacaq.

Xatırladaq ki, vətəndaşlar SİMA vasitəsilə “ASAN Login”ə daxil olmaqla (https://asanlogin.my.gov.az/auth), bura inteqrasiya olunan 80 portal və sistemə vahid məkandan giriş-çıxış imkanı əldə edəcəklər.

SİMA-dan istifadə edərək heç yerə getmədən, vaxt itkisinə yol vermədən, eləcə də imza üçün ödəniş etmədən “myGov”, “ASAN ödəniş”, "e-Sosial", "e-Agro", "e-Satınalma", "e-Hərrac", İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Reklam Agentliyi, Mərkəzi Bankın Elektron Müraciətlər Sistemi, eləcə də digər sistemlər üzərindən göstərilən xidmətlərə daha rahat giriş edə bilərsiniz. Hazırda qeyd olunan portallar üzərindən təqdim edilən xidmətlər üçün sənədlərin SİMA ilə imzalanmasına dair inteqrasiya davam edir.

Ümumiyyətlə, SİMA vasitəsilə imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq mümkündür.

SİMA mobil tətbiqində qeydiyyatdan keçməklə rəqəmsal imzanın əldə edilməsi Elektron Hökumət Portalında təqdim edilən xidmətlərə girişi daha asan edir.

Artıq elektron imza əldə etmək üçün xidmət ofislərindən asılılığa son qoyulur. Bununla da ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaş olduğu yerdən elektron dövlət xidmətlərindən yararlanmış olacaq. Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə səbəb olacaq.

Rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır.

Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

Və SİMA doğrudan da, işlərimizi asanlaşdıracaq.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN