Gürcüstanda 2024-cü ildə ölkədə baş tutacaq parlament seçkilərində "Vahid Milli Hərəkat" partiyasında daha çox azərbaycanlı namizəd iştirak edəcək.

Bu barədə jurnalistlərə müsahibəsində "Vahid Milli Hərəkat" partiyasının deputatı David Kirkitadze məlumat verib. "Qızıl gül" inqilabının 20 illiyi ilə bağlı keçirilən tədbir zamanı o qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar daima seçkilərdə fəal olublar və hər zaman onlara partiya daxilində böyük hörmət və sevgi olub: "Bu seçkilərdə Gürcüstan azərbaycanlılarının sayı "Vahid Milli Hərəkat" partiyasının tarixi ərzində heç vaxt olmadığı qədər çox olacaq", - deyə o vurğulayıb.

24 news.ge xatırladıb ki,  Gürcüstanda  hazırda "Vahid Milli Hərakat" partiyasında azərbaycanlıları ölkə parlamentində Abdulla İsmayılov təmsil etsə də, lakin onun heç bir siyasi aktivliyi və çıxışları müşahidə olunmur.

Döğrudan da Gürcüstanda yaşayan azərbaycanlıların bir çox problemləri var ki, onun həll edilməsinə ehtiyac var.

Bunlardan biri orta məktəblərdə azərbaycan dilində fənlər tədris edən kadrların çatışmazlığıdır, hansı ki, əksər hallarda məhz bu səbəbdən bəzi valideynlər övladlarını ana dilində oxutmaq istəmir. Əlbəttə, dövlət qurumlarında təmsil olunmaq üçün gürcü dilini bilməyə də ehtiyac var.

Azərbaycan məktəblərinin sayı da ilbəil azalıb. Məlumatlara görə, onların bir çoxunda isə təkcə azərbaycanlılar təhsil almır, digər millətlərin nümayəndələri də təhsil alır, sadəcə azərbaycanlıların sayı çox olduğu üçün azərbaycanlıların məktəbi kimi təqdim edilir.

...Soydaşlarımızı təmsil edəcək deputatların da bu və digər problemlərə işıq salması, ölkənini ictimai-siyasi həyatında fəal surətdə iştirakı və baş verənlərə parlamentdə fikir bildirməsi, təkliflər irəli sürməsi vacibdir. 

Y.MƏMMƏDLİ