Qırğızıstan Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv olduqdan sonra 53 konvensiya və 1 protokolu ratifikasiya edib.

Qırğızıstan KİV-nini məlumatına görə, bu barədə BƏT-in Qırğızıstan Respublikasındakı milli koordinatoru Bolotbek Orokov Qadın, Uşaq Hüquqları və Gender Bərabərliyi Şurasının iclasında məlumat verib.

Onun sözlərinə görə, bu, MDB ölkələri arasında ən çox sayda konvensiyalardan biridir. Rusiya 60-dan çox konvensiyanı ratifikasiya edib.

 

“Qırğızıstan 1992-ci ildən Beynəlxalq Əmək Təşkilatının üzvüdür. BƏT dövlətləri ədalətsizliyin, o cümlədən gender bərabərsizliyinin aradan qaldırılmasına yönəlmiş standartları qəbul edirlər”, - BƏT koordinatoru qeyd edib.

 

2004-cü ildə Bişkekdə BƏT-in ilk layihə ofisi açılmışdır. O vaxtdan bəri hökumət nümayəndələrini, sahibkarları və işçilərini bir araya gətirən bu beynəlxalq təşkilat Qırğızıstanda layiqli əmək şəraitinin yaradılması istiqamətində fəal iş aparır.

Qeyd edək ki, bu gün Qadın, Uşaq Hüquqları və Gender Bərabərliyi Şurasının iclası zamanı  iş dünyasında gender bərabərliyi ilə bağlı beynəlxalq əmək standartlarının müddəaları təqdim edilib, onların icrasında, o cümlədən qanunvericilik səviyyəsində boşluqların müzakirəsi, boşluqların aradan qaldırılmasında şuranın rolunun müzakirəsi nəzərdə tutulub.

 

Xatırladaq ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə, I Dünya Müharibəsindən sonra, Versal müqaviləsi əsasında yaradılmışdır. 

BƏT sosial iqtisadi, insan və əmək hüquqlarını müdafiə edən nüfuzlu beynəlxalq təşkilatdır. BƏT-in digər ixtisaslaşdırılmış təşkilatlardan əsas fərqi onda üçtərəfli təmsilçiliyin olmasıdır. Həm hökumətlərin, həm işəgötürənlərin, həm də işçilərin nümayəndələri BƏT-in bütün direktiv orqanlarında təmsil olunurlar və konvensiyaların, tövsiyələrin qəbul edilməsində iştirak edirlər. BƏT-in Ali orqanı ildə bir dəfə çağırılan Beynəlxalq Əmək Konfransıdır. Konfranslar arası dövrdə BƏT-in siyasətini həyata keçirən seçkili inzibati şuradır. BƏT-in daimi fəaliyyətində olan katibliyi Beynəlxalq Əmək Bürosudur. Başqa strukturlar, komitələr də fəaliyyət göstərir. BƏT-in Konfransı əmək sahəsinə dair beynəlxalq normativ sənədlərin qəbulu ilə bağlıdır. Bu sənədlər konvensiya və tövsiyələr şəklində olur. Konfrans həmçinin ölkələrin qoşulduğu konvensiyalara əməl etmələrinə nəzarət edir.

Azərbaycan da  1992-ci ildən bu təşkilatın üzvüdür və  indiyədək BƏT-in 59 Konvensiyasına qoşulub. Həmçinin tşkilatın daha iki Konvensiyasının ratifikasiya edilməsi imkanlarının qiymətləndirilməsi istiqamətində işlər aparılır.

 

Y.MƏMMƏDLİ