Nyu-York məhkəməsi ABŞ prezidentliyinə iddialı Donald Trampı maliyyə fırıldaqlarında təqsirli bilib.

TEZADLAR.AZ CNN-ə istinadən xəbər verir ki, Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı mülki fırıldaqçılıq işində təqsirli bilib və ona 355 milyon dollar cərimə kəsib. Cərimənin faizlə birlikdə 450 milyon dollardan çox olacağı gözlənilir.

 Trampa, həmçinin Nyu-Yorkda qeydiyyatdan keçmiş hər hansı korporasiyada, o cümlədən ailə holdinqi olan “Trump Organization”da rəhbər vəzifələrdə işləmək də üç il müddətinə qadağan edilib.

 Trampın iki oğlu Donald və Erik də bu işdə cavabdehlik daşıyıblar. Məhkəmə onları "çoxsaylı fırıldaqçılıq işlərinə görə" məsuliyyətli hesab edib və hər birini 4 milyon dollar cərimələyib. Bundan başqa,  iki il müddətinə dövlət müəssisələrində rəhbər vəzifə tutmaq qadağan edilib.

Nyu York Baş prokuroru Letitsia Ceymes tərəfindən verilən iddiada cavabdehlər daha sərfəli bank kreditləri əldə etmək üçün 2022-ci il üçün maliyyə hesabatlarını saxtalaşdırmaqda günahlandırılıb.

 Lakin məhkəmə Trampın biznes lisenziyalarını ləğv etməyib, hansı ki,  Amerika mediasının yazdığı kimi, onun biznesinə son qoya bilərdi. Bununla belə, “New York Times” qeyd edib ki,  məhkəmənin qərarı Trampa “ciddi maliyyə zərbəsi” və “onun milyarder imicinə simvolik zərbə vurdu”.

 Baş verənlərə baxmayaraq, Tramp və onun tərəfdaşlarında tamamilə peşmanlıq və vicdan əzabı olmayıb.

Bu barədə məhkəmə qərarında bildirilib.

 “...Təqsirləndirilən şəxslər qətl və ya yanğın törətməyiblər, lakin onlar öz əməllərinin səhv olduğunu etiraf edə bilmirlər”.

 

Siyasətçi isə məhkəmənin qərarından hiddətlənib. “Hər şey (Co) Baydenə aparır. Bu, onun siyasi rəqibinə qarşı ifritə ovudur,  ölkəmiz heç vaxt belələrini görməmişdi”.

 Trampın vəkilləri apellyasiya şikayəti vermək niyyətində olduqlarını bildiriblər. CNN qeyd edir ki, onun nəzərdən keçirilməsi uzun müddət çəkə bilər.

 New York Times yazır ki, bu günə kimi yenidən ABŞ prezidentliyinə can atan Trampa qarşı biznes və siyasi karyerası ilə bağlı ən azı dörd ayrı cinayət işi açılıb. Söhbət Gürcüstanda 2020-ci il seçkilərinin nəticələrinin ləğvi cəhdindən, 2021-ci ilin yanvarında Kapitoliyə hücumdan, məxfi sənədlərlə qeyri-qanuni rəftardan və prezident seçkiləri üçün vəsaitin qanunsuz xərclənməsindən gedir.

Ümumilikdə Trampa qarşı 90-dan çox maddə üzrə ittiham irəli sürülüb. Maliyyə fırıldaqları ilə bağlı ilk məhkəmə prosesi isə martın 25-də başlayacaq.

Xatırladaq ki, 2022-ci ilin noyabrında ABŞ-ın sabiq prezidenti Donald Tramp qarşıdan gələn seçkilərdə Respublikaçılardan prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb. Sorğular göstərir ki, ABŞ-ın keçmiş rəhbəri, ona qarşı açılan cinayət işlərinə baxmayaraq, respublikaçılar arasında favorit olaraq qalır.

 

Y.Məmmədli