Macarıstan parlamenti yaz sessiyasının ilk iclasında İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya edib.

TEZADLAR.AZ xəbər verir ki, bu Nazirlər Kabinetinin internet saytında yayımlanıb.

Yekun səsvermə zamanı 188 deputat bu təşəbbüsün lehinə, 6 deputat əleyhinə çıxış edib, 4 deputat isə səs verməyib.

Qeyd edək ki, Budapeşt Skandinaviya ölkəsinin bloka qəbulu ilə bağlı səsverməni uzun müddət idi ki, təxirə salırdı.

Türkiyə yanvar ayında İsveçin alyansa üzvlüyünü ratifikasiya etdikdən sonra Macarıstan bunu etməyən sonuncu müttəfiq ölkə oldu. Təsdiq edildikdən sonra o, rəsmi olaraq NATO-nun 32-ci üzvü olacaq.

Şimali Atlantika Müqaviləsinə yeni müttəfiqin qoşulması mərasimi, adətən NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilir. Mərasimdə sənədlər imzalanır və alyansın yeni üzvünün bayrağı qaldırılır.

Qoşulma haqqında sənəd daha sonra Birləşmiş Ştatlara təhvil verilir, bu, faktiki olaraq, bloka qoşulmaq üçün rəsmi prosedurun tamamlanması deməkdir.