Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Türkan qəsəbəsi üzrə icra nümayəndəsi Rövşən Quliyevə  məcburi göstəriş verib.

Bir neçə gün öncə KİV-də paytaxtın cəmi 35 kilometrliyində yerləşən qədim tarixə malik Türkanın  zibilxanaya çevrilmiş ərziləri, sakinlərin şikayətləri barədə yazılar dərc edilmişdi. Elə “Təzadlar” qəzetində də “Türkanda niyə zibil qutuları tapılmır?” başlıqlı yazı dərc edilmşdi

Adıçəkilən yazıda Türkan sakinlərinin problemlərindən (kənddə zibil qutusu olmadığından, yaşadıqları ərazinin zibilxanaya çevrilməsindən) bəhs edilmişdi.

Axır ki,  Xəzər rayonu, Türkan qəsəbəsinin  sakinlərinin harayına  ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidməti çatıb.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, qəsəbənin bir neçə yerində tullantıların qalaqlanması faktı müəyyənləşdirilib və əraziyə cavabdeh Xəzər rayonu, Türkan qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən həmin sahələrin təmizlənməsi təmin edilib.

“Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Türkan qəsəbəsi üzrə icra nümayəndəsi Rövşən Quliyevə məcburi göstəriş verilib”.

Xidmət rəsmisi tullantıların idarə olunmasına cavabdeh şəxsləri fəaliyyətlərini qanunamüvafiq həyata keçirməyə, sakinləri isə tullantıları müəyyən olunmuş sahələrə atmağa və təmizliyə riayət etməyə çağırıb.

"Tullantı atan da özümüzük, bundan şikayət edən də. Belə xoşagəlməz vəziyyətin yaranmaması üçün yaşadığımız mühiti zibilləməyək və ətraf mühitin çirklənməsinə şərait yaratmayaq”.

Bəli, zibilliklər təmizlənir, amma növbəti zibilliklərin yaranmaması həm sakinlərdən asılıdır,  həm də bu zibilxanaların əmələ gəlməməsi üçün qəsəbədə yetəri sayda zibil qutularının olmasından...

Y.MƏMMƏDLİ