İltizamnamənin alınmasına baxmayaraq yük partiyalarının satıldığı faktı aşkar olunub

  

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-nın yaydığı məlumata görə, nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından fiziki şəxs Yalçın Nemət Oqtay oğlu tərəfindən cari ilin 6 və 10 sentyabr tarixlərində idxal edilən ümumi çəkisi 47600 kq, hüquqi şəxs “Salamoğlu-2020” MMC tərəfindən isə 7, 8 və 14 sentyabr tarixlərində idxal edilən ümumi çəkisi 70800 kq olan ərzaqlıq kartof məhsul partiyalarına Agentliyin müfəttişləri baxış keçirib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Nümunələrin götürülməsi prosesində yük sahibinin və onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilib və ekspertiza keçirilənə qədər məhsul partiyasının toxunulmazlığı ilə bağlı xəbərdarlıq olunaraq onların bu barədə iltizamı alınıb.

Aparılmış ekspertizanın nəticələrinə əsasən, qeyd edilən beş idxal partiyasının hər birində ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilmiş zərərverici (Phthorimaea operculella – kartof güvəsi tırtıl mərhələsində) aşkar edilib.

Karantin tətbiq edilmiş bu cür zərərli orqanizmlər ətraf mühitə, ölkənin iqtisadi potensialına təhlükə yaradır. Belə ki, kartof güvəsi kartof məhsuluna ziyan vuraraq onu tez bir zamanda xarab etməklə yanaşı, həmin xəstəliyin ölkə ərazisində yayılmasına və digər təsərrüfatlarda da böyük iqtisadi zərərlərin meydana gəlməsinə gətirib çıxara bilər. Belə zərərli orqanizmlər kütləvi yayıldıqda sahədə və ya çardaq altında müvəqqəti saxlanılan kartof məhsulunu 2-3 həftə ərzində tamamilə məhv edə bilir.

Qanunvericiliyə əsasən, hər hansı məhsul partiyasının zərərli orqanizmlərlə sirayətlənməsi müəyyən edildiyi halda həmin məhsul partiyasının məhv edilməsi və ya zərərsizləşdirilməsi zəruridir. Həmçinin müvafiq qanunvericiliyə görə, karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısını almaq və ya məhdudlaşdırmaq üçün lazımi fitosanitar tədbirlərin yerinə yetirilməsi hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahəsində başlıca vəzifə və öhdəliklərindəndir. Lakin ekspertizanın nəticələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsi üçün yüklərin saxlandığı anbarlara Agentliyin əməkdaşları tərəfindən təkrar baxış zamanı yuxarıda qeyd edilən şəxslərdən iltizamnamənin alınmasına baxmayaraq yük partiyalarının satıldığı faktı aşkar olunub və bununla da qanuni yazılı tələblərin yerinə yetirilmədiyi müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülməsinə başlanılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasında sanitar-fitosanitar sistemin təkmilləşdirilməsi məqsədilə 2017-ci ildə Qida Təhlükəsizliyi Agentliyi yaradılmış və qida təhlükəsizliyi ilə əlaqədar vahid səlahiyyətlər həmin quruma ötürülmüşdür. 2018-ci ildə Agentliyin nəzdində Qida Təhlükəsizliyi İnstitutu təsis edilmişdir.   

 Digər səlahiyyətlərlə yanaşı, Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə, sanitar və fitosanitar qaydalara əməl olunmasına, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və sanitar sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət sanitar və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini həyata keçirir. 

Xatırladaq ki, AQTA-nın müntəzəm olaraq xalqın sağlamlığını, Respublikanın ərzaq təhlükəsizliyini qorumaq məqsədilə apardığı bu nəzarət tədbirləri bəzi işbazlara sərf etmir. Hətta ekspertizanın nəticələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsi üçün yüklərin saxlandığı anbarlardan məhsul icazəsiz  götürülərək satılıb. Hansı ki, həmin məhsulda Phthorimaea operculella aşkarlanıb və satışına qadağa qoyulub.

Yəqin ki, qanunlarımız bu şəxslərə qarşı öz sözünü deyəcək, özü də ən sərt şəkildə!

Y.MƏMMƏDLİ