Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını bu gün tərk edib.

Xatırladaq ki, Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan”“Anatoliy Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəlmişdi.

Səfər çərçivəsində gəmi heyətlərinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbulu, eyni zamanda iki ölkənin hərbi donanmaları arasında hərbi əməkdaşlığın müzakirə edilməsi nəzərdə tutulurdu.

Bundan başqa, mədəni və tarixi abidələrlə tanışlıq üçün gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, o cümlədən voleybol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılırdı.

Çox sevindirici və könülaçan xəbər idi, bu xəbər. Hərbçilər başqa məqsədlə yox, məhz dost sifətində, qonaq kimi gəlmişdilər. Voleybol oynayıb, çıxıb gedəcəklər.Biz də onların bu xoş məramını yüksək qiymətləndirib, qonağı gəmisində olan müxtəlif silahlara, o cümlədən “İqla” zenit raketinə görə yox, adi bir qonaq kimi qarşıladıq, yedirtdik, içirtdik, Bakını göstərdik, aydınlıq olsun deyə, gedəndə dallarınca  su da atdıq.

Rəsmi görüşlər də öz yerində. Düzdür, bu barədə bir o qədər dəqiq məlumata malik olmasaq da, verilən ümumi xəbərdən belə məlum olur ki,  dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Xəzər Flotilyasının hərbi nümayəndə heyətinin rəhbəri ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığı arasında işçi görüşü keçirilib. Belə ki, Azərbaycan HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-sı Xəzər flotiliyasının gəmilərin dəstə komandiri 2-ci dərəcəli kapitan Vladimir Zaytsevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Görüşdə Azərbaycan HDQ ilə Rusiya Federasiyası Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Amma bir məsələ mənim üçün qaranlıq qaldı. İdmanı çox sevən bir azarkeş kimi,rus hərbi dənizçilərinin bizim hərbi dənizçilərimizlə voleybol oynayıb- oynamamasından xəbər tuta bilmədim.  Oynadılarsa, “şot” neçə oldu? Biz udduq, yoxsa ruslar?

Şakir QURBANOV