Mədəniyyət naziri Anar Kərimovun qərarına əsasən

22-25 iyul tarixlərində Milli Mətbuat Günü münasibətilə Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədi ilə media nümayəndələri və onların birinci dərəcəli ailə üzvləri (valideynlər, həyat yoldaşı, bacı-qardaş və övladları) üçün Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərə giriş sərbəst olacaq.

Muzeylərin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.

Yeri gəlmişkən qeyd edək ki, Mədəniyyət naziri Anar Kərimov, həmçinin mətbuat nümayəndələrinə peşə bayramları münasibəti ilə də təbrik-müraciət ünvanlayıb. 

Nazir təbrik mətnində "Əkinçi zəhməti, biləyinin gücü, qəlbinin hərarəti ilə milli mətbuatımızın inkişafı, sağlam gələcəyi, bölgədə sülh və təhlükəsizlik naminə informasiya toxumları səpən Zərdabi davamçılarını Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bütün əməkdaşları adından ürəkdən təbrik edirik. Nazirliyimizin bütün yeniliklərini, layihə və  struktur fəaliyyətlərini qərəzsiz işıqlandırdığınıza görə  hər birinizə ürəkdən təşəkkür edirik. Sizinlə daha sıx, məhsuldar əməkdaşlığımızı davam etdirmək üçün öhdəmizə düşən vəzifəni bundan sonra da yerinə yetirəcəyimizə əmin ola bilərsiniz", - deyə vurğulayıb.

O, eyni zamanda Azərbaycanın 44 günlük Vətən Müharibəsindən sonra azad edilmiş bölgələrə ezam olunmuş və peşə fəaliyyətlərini yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalmış jurnalistlərimiz - Məhərrəm İbrahimov və Sirac Abışovun adlarını da hörmətlə yad edib.   

JASMİN