Azərbaycan və İran ədəbiyyatının görkəmli nümayəndəsi, şair Məhəmmədhüseyn Şəhriyarın doğum günüdür.Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) (1906, Təbriz – 18 sentyabr 1988, Tehran) - daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə Azərbaycan türkü olan şair.

Seyid Məhəmmədhüseyn Behcət Təbrizi 1906-cı il iyulun 31-də Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. Təbrizdə Motahari, Tehranda Darülfünun məktəblərində və tibb kollecində təhsil alıb. Xorasan və Tehranda notarius və bank işlərində çalışıb. İlk şeirlər kitabı 1931-ci ildə Tehranda nəşr olunub. “Heydərbabaya salam” poeması ona böyük şöhrət gətirib və əsər dünyanın əksər dillərinə tərcümə olunub. Azərbaycan və fars dillərində bir çox məşhur əsərlərin müəllifidir. Məhəmmədhüseyn Şəhriyar uzun müddət davam edən xəstəlikdən sonra 18 sentyabr 1988-ci ildə Tehranda vəfat edib və Təbrizdə Şairlər məqbərəsində dəfn olunub. Təbriz məktəblərindən birinə və Təbriz Universitetinin Ədəbiyyat fakültəsinin böyük salonuna şairin adı verilib. Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır.

Ürəkdən gələn sözlər...

Sacımın qəmli simlərində mənim,
Bakının başqa bir təranəsi var.
Sinəmin dar xərabəsində dərin
Bu cəvahirlərin xəzanəsi var.

Mən sizin şanlı qəhrəmanlarızı
Sözlərimdə həmişə yad edərəm.
Zülmə qarşı qılınc sözüm kəskin,
Qəhrəmanlar kimi cahad edərəm.

Sən kimi qardaş öz qarındaşını
Atmayıb, özgə kimsə tutmayacaq.
Qoca Təbriz dəyüz min il keçsə
Bakı qardaşların unutmayacaq!

Gəlmişik doğma yurdumuz Bakıya,
Qoy bu, tarixdə iftixar olsun.
Şəhriyardan da bu üfqlərə
Bir sınıq nəğmə yadigar qalsın...
***
Dedim: Azər elimin bir yaralı nisgiliyəm mən;
Nisgil olsam da gülüm, bir əbədi sevgiliyəm mən.
El məni atsa da, öz gülşənimin bülbülüyəm mən.
Elimin farsca da dərdini söylər diliyəm mən.
Haqqa doğru nə qaranlıq isə, el məşəliyəm mən.
Əbədiyyət gülüyəm mən!

Sızlayır əhvalıma sübhə qədər tarım mənim,
Təkcə tarımdır qara günlərdə dildarım mənim...
Ey, bu qəmli könlümün tabi-qərarı, söylə bir,
Əhdi-peymanın nə oldu, noldu ilqarım mənim?.
Şəhriyaram, gərçi mən öz mülkümün sultanıyam,

Göz yaşımdan qeyri yoxdur dürri-şəhvarım mənim. (Tərcümə Mübariz Əlizadənindir)
Gedər bədbəxtliyin ardınca hər iranlı sərgərdan,
Bu bədbəxt millətistiqbal edər bədbəxtliyi hər an.
Baxın, fəqir bir rəmmal bir bədbəxtə açmış fal,
Dolub bədbəxt ilə bu ölkədə həm küçə, həm meydan.
Dilənçi söykənib divara, sanki bir nəfər rəssam
Çəkib bədbəxtliyin timsalını, divara vermiş can.
Satar İranı xainlər, xiridar əcnəbilərdir,
Neçin əqli-vətən tutmaz vətən dəllalına divan?!

***
Aşıq deyər, bir nazlı yar var imiş,
Eşqindən odlanıb yanan var imiş,
Bir sazlı-sözlü Şəhriyar var imiş,
Odlar sönüb, onun odu sönməyib,
Fələk çönüb, onun çarxı çönməyib.
Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarı köynək qızıl olmaz.
Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.
Şəhriyarın ürəyi də səninki tək yaralıdır...
Səndən ayrı düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan...
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan!
Tarix az görməyib qudurğanları,
Qanlını qan tutar, qandır onları.
Enmə öz zirvənin ucalığından,
Ey ana torpağım, ey Azərbaycan!
***
Heydər Baba, sənin gönlün şad olsun,
Dünya varkən ağzın dolu dad olsun,
Səndən keçən tanış olsun, yad olsun,
Deynə, mənim şair oğlum Şəhriyar,
Bir ömürdür qəm üstünə qəm qalar.
***

Bizi yandırır yaman ayrılıq,
Bu darıxdıran duman ayrılıq,
Başa sovurur saman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq...

Qan dəryasına cuman ayrılıq,..
Qəddimi edib kaman ayrılıq.

***
Bizim ki, süfrəmizdə yavan çörək də yoxdur,
Toxa nə var, yoxsula isti xörək də yoxdur,
Qış günü pambıqdan ağ, üzüm kömürdən qara
Ocaqda yandırmağa quru təzək də yoxdu...
Nə camaldan, nədə ki, kamaldan pay almışam,
Həsrətinə yanmağa bir şux mələk də yoxdur. («Yoxdur”)(Tərcümə H.Billurinindir).

***
Başdan, candan keçən millət
Bayramın mübarək olsun!
Küfrü kəsib biçən millət,
İslamın mübarək olsun.
Ay atalar, ay analar,
Ehsansız qəbul olubdur.
Kuyi-Minada kəsilən
Qurbanız qəbul olubdur.
Cihada bel bağlayandan
İmanız qəbul olubdıır.
Səflər içrə san verdin sən,
Cəbhələrdə can verdin sən.
Millətüvə kömək çıxdın,
Qansızlara qan verdin sən.
O pak qana qanlar qurban, bayramın mübarək olsun!
O pak cana canlar qurban, bayramın mübarək oisun!..
Dünyadan vaz keçən oğul, bayramın mübarək olsun!
Şəhid camın içən oğlu, bayramın mübarək olsun!
(“Bayramın mübarək olsun”)

 Şakir QURBANOV