Vətənimizə əbədi köçün kutlu olsun, Yaqub Zurufçu...

Yaqub Zurufçunun 1989-cu ilin oktyabrında Azadlıq Meydanındakı konserti yaxşı yadımdadır. Ümumiyyətlə, o illərdə Türkiyədən, Avropadan türk ruhuyla bağlı soraq verən insan, musiqi, videokasset nə varsa, böyük maraq doğururdu.

Yaqub Zurufçu “Ayrılıq” mahnısıyla tanındı, sevildi.

Heyif ki, ötən illərdə onu ardıcıl olaraq bu kimi mahnılarla efirlərdə çox görmədik.

Bu gün Güney Azərbaycan soraqlı şeir, mahnı ifalarına rast gəlirik: uşaq anasıyla, ya ayrı-ayrı uşaqlar ayrıca ulusal soraqlı şeirlər deyirlər, mahnılar oxuyurlar.

Ancaq həm də Güney Azərbaycanda, ya da oradan Avropaya, Amerikaya gedənlərin halında qərbçiliyin açıq etkisini görmək olur. Bu hal çağdaş Güneyli şairlərimizin, yazarlarımızın yaradıcılığında da özünü göstərir. Şeirlər postmodernləşir, ulusal istəklər sanki arxa plana keçir...

Təzadlı görünsə də, bütün bunlar ulusal əhvalla yanaşı – atqulağı gedir. Çox zaman özgəliklər daha güclü görünür. Deməli, ulusallıq ruhunu səngiməyə qoymamalıyıq. Yaqub Zurufçuların halındakı kədərli doğmalıq yoxalmamalıdır. “Dərdli ölür, dərd qalır (İnam Ata – Asif Ata)”.

Güneydəki soydaşlarımız farsçılığın basqısı altında olduqlarından ana dilində təhsil ala bilməyiblər, kimin talantı olubsa, çalışıb inkişaf edib, bir neçə sahəni birləşdirməyə məcbur olub.

Vətəni kutsallaşdıran nədir? Onun torpağı, suyu, əcdadlarımızın əzəldən bəri burada yaşaması, bir sözlə, kutsallaşan torpaqda ömürlərin ömürlərə calanması, soyların bir-birini əvəz etməsi.

Dil, tarix, ruh birliyimiz...

Yaqub Zurufçunun Amerikada yaşaya bilməyib Azərbaycana gəlməsini dəyərləndirirəm. Bu, onun həsrətli mahnılarının ömründə təsdiqidir, vüsalıdır.

Ata deyirdi: “İnsan dünyaya sığmır, Vətənə sığır”. Niyə? Ona görə ki, Vətən – Dünyadan genişdir.

İllərlə tanıyan-bilənlər mənə Avropanın, Qərbin gözəlliyindən danışdılar. Dedim heç yana getməyəcəyəm, fikrim də yoxdur. Babalarımın yaşadığı Vətənimdə qalıb torpağımı kutsallaşdıracağam. El dilində necə deyirlər? Gəzən şələ bağlamaz.

Vətənimizə əbədi köçün kutlu olsun, Yaqub Zurufçu.

Soyun var olsun.

Işıqlı Atalı 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA