Sentyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib.

Bu barədə MEK-dən məlumat verilib. Bildirilib ki, “Heydər Əliyev və musiqi mədəniyyəti” mövzusunda təşkil edilən lektoriyada MEK-in baş direktoru professor Məmməd Əliyev professional musiqi sənətinin, qədim köklərə dayanan milli musiqimizin gözəl bilicisi olan Ümummilli Liderin Azərbaycan musiqisinin inkişafı və beynəlxalq aləmdə tanınması istiqamətində gördüyü işlərdən, musiqişünasların fəaliyyətinin hər zaman yüksək qiymətləndirilməsindən, incəsənətimizin zirvələri fəth etməsi işində əvəzsiz xidmətlərindən danışıb. O qeyd edib ki, kitabxanada ulu öndər Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərini geniş aspektdən təhlil edən, həmçinin mədəniyyət və incəsənət sahəsindəki gördüyü əməli işlərindən bəhs edən dəyərli nəşrlər yer almaqdadır.

Heydər Əliyev Fondunun nümayəndəsi Zaur Əliyev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin qayğısı sayəsində yüksək sənət zirvələri fəth etmiş Azərbaycan milli musiqisi bu gün Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu cəmiyyətimizin bütün sahələrində müxtəlif layihələr həyata keçirərək Azərbaycanın inkişafına öz layiqli töhfələrini verir.

“İşğaldan azad edilmiş, Qarabağın mirvarisi sayılan Şuşa şəhərində mədəniyyət abidələrinin bərpası və yenidən qurulması, “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiyanın, “Xarıbülbül” musiqi festivalının keçirilməsi birbaşa Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən icra edildi. 29 ildən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi”, - deyə Fondun nümayəndəsi qeyd edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının müdiri professor Ülviyyə İmanovanın mövzu ətrafında geniş məruzəsi dinlənilib. Alim ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək, mədəniyyəti xalqın böyük sərvəti hesab edən dahi liderin respublikaya rəhbərlik etdiyi dövrlərdə ölkəmizin bütün sahələrində olduğu kimi Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə diqqətlə yanaşdığını qeyd edib.

Tədbirin bədii hissəsində Xalq artisti Gülnaz İsmayılova Asəf Zeynallının “Ölkəm” romansını, Əməkdar artist Səidə Şərifəliyeva Elza İbrahimovanın “Daha məndə dözüm yox”, Üzeyir Hacıbəylinin “Sənsiz” mahnısını təqdim ediblər.

Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgidə ümummilli lider Heydər Əliyevin milli musiqimizə qayğısına dair, həmçinin Azərbaycan Mədəniyyəti Dostları Fondunun və UNESCO-nun “Muğam dəstgahları” layihəsi çərçivəsində görülən işlərdən, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın mədəni irsinin qorunması, bütün dünyada daha geniş və ən yüksək səviyyədə təbliğindən bəhs edən dəyərli nəşrlər nümayiş olunub.

E.ŞİRİNOV

 


GÜNDƏM

Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA