booked.netbooked.net booked.net  

(Bir şeirin sorağıyla...)

Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha!

“Zaman-zaman Şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı, Qəmgin Fəzi, Aşıq Hacı Göyçəli, Sərraf Şiruyə, Alqayıt kimi aşıq və şairlərə ünvan verən qədim oğuz yurdu Göyçə mahalının Daşkənd kəndi müasir poeziyamıza da yeni-yeni imzaları bu gün yeni ünvanda - Bərdə rayonunun Yeni Daşkənd kəndində gətirməkdədir.

Tanrı hər bir bəndəsinə bir istedad bəxş edir. Kiminə dərin hafizə, kiminə gözəl əl qabiliyyəti, kiminə təşkilatçılıq bacarığı, kiminə isə fitri istedad. Ulu tanrının fitri istedad verdiyi insanlardan biri də Aqşin Hacızadədir. O gözəl, iti qələmi olan bir şairdir.

Onun göz açdığı ailənin, ocağın bir çox yazarları kifayət qədər Azərbaycan ədəbi mühitində tanınmış simalardandır. Aqşin Hacızadə dünyaya gəldiyi gündən qulaqları şeirə, sözə, ədəbi fikirlərə hakim kəsilib. Şeirlərini oxuyanda bənzərsiz bədii təsvirlərin şahidi olursan və şeirlərdə yeni dəsti-xətt duyulur...”

Yuxarıda sitat gətirdiyim sətrlər bu elin-obanın sözünə-söhbətinə dərindən bələd olan tanınmış tədqiqatçı, şair Araz Yaquboğlunun - “Aqşin Hacızadə poeziyası” adlı Aqşin Hacızadənin yaradıcılığı haqqında qələmə aldığı əhatəli yazıdan bir parçadır.

“Bərdə rayonunun “Yeni Daşkənd” adlandırılan yaşayış məskəni Göyçə mahalının məşhur qədim Daşkəndinin adı ilə adlanmışdır. Bu kəndə hələ Sovet dövründə Göyçə mahalından, əsasən Daşkənddən ailələr köçüb daimi yaşamaq üçün məskunlaşmışlar və Göyçə mahalında yaşayan qohum-əqraba ilə müntəzəm olaraq gedt-gəl, xeyir-şərdə iştirak formalarında əlaqələr saxlamışlar. Yeni Daşkənd camaatı Göyşə mahalının qədim Daşkənd yurdunu ata-baba ocağı kimi indi də ürəklərində yaşadırlar. El şairi, şeirləri hələ 1965-ci illərdən aşıqların saz-sözündə səslənən, müğənnilərin repertuarında oxunan, Türk dünyasının ünlü-sədalı şairi Sərraf Şiruyə Yeni Daşkənddə yaşayıb-yaradır. Allah bu ocağa -Daşkəndli Həsən Xəyallı ocağına şeiriyyət-mənəviyyat bəxş etmişdir: Sərraf Şiruyyə, Aqil İmam, Eldar Həsənli, Aqşin Hacızadə, istedadlı və dərin ədəbi-nəzəri biliyə malaik gənc şair Qılman İman kimi şeir-hikmət təbli ziyalılar bu ocağın yetirmələridir. Qeyd etdiyimiz kimi, Aqşin Hacızadə də bu şeriyyət ocağındandır...”

Bu sətrlər isə Azərbaycanın söz-sənət ocağı sayılan, Dədə Ələsgər məbədgahı  Göyçə mahalının digər bilici ustadlarından biri olan Niftalı Göyçəlinin “Aqşin Hacızadə - şeiriyyət aləmi” adlı  maraqlı, müəllifi tanımaq baxımından olduqca əhəmiyyətli yazısındandır.

Bu iki tanınmış söz adamnın yuxarıda təqdim etdiyim fikirlərindən sonra mənim Aqşin Hacızadə haqqında burada əlavə nəsə qeyd etməyimə ehtiyac duyulmur. Hətta mənim əlavələrim şit, yersiz kəsədən desək yamaq kimi görünər və aşağıda sizlərə təqdim edəcəyim məsələnin şəfaflığına, obyektivliyinə kölgə salmış olardı. Bugünkü söhbətimizin mövzusu son günlər “O ŞEİRİ BİR DƏ SÖYLƏ, ƏRDOĞAN!” adlı şeiri ilə gündəm olan Aqşin Hacızadə ilə, onun adı qeyd olunan şeiri ilə bağlı olacaq.

Məsələ ondan ibarətdir ki, Aqşin Hacızadənin məlum şeiri müxtəlif saytlarda,  sosial şəbəkələrdəki səhifə və qruplarda müəllifin qələmindən çıxdığı kimi, heç bir dəyişikliyə uğramadan yayımlansa da bəzən onun öz adı qeyd olunmur. Oxucunun marağını cəlb etmək məqsədi ilə müəllifi “Təbrizli Tələbə” adı ilə yayımlayırlar. Bəlkə də buna səbəbiyyət verən şeirin sanki bir təbrizli gəncin dilindən qələmə alınmasıdır. Bu amil öz-özlüyündə o məşhur  frazada deyildiyi kimi, “Vətənin o başı, bu başı olmur...” həqiqətinin bariz nümunəsi kimi ortaya çıxır. Burda bir əlavə etmək istəyirəm: - “...Üstündən yüz Araz axsın, Totpaq, bizim torpağımız!!! Güney, Quzey fəqr eləməz, Oylaq, bizim oylağımız!!!” (Zaur Ustac) Bütün bunlara rəğmən  istənilən müəllifin adını qeyd etmədən ( bilərəkdən və ya bilməyərəkdən) əsərini yayımlamaq müəllifə, müəllif hüquqlarına hörmətsizlik olmaqla bərabər həm də, ən adi etik normalardan kənar bir hərəkət kimi qiymətləndirilməlidir. Aqşin Hacızadənin müəllifi olduğu, altını cızaraq qeyd edirəm dəyərli şairimiz, el ozanı Aqşin Hacızadənin qələminin məhsulu olan “O ŞEİRİ BİR DƏ SÖYLƏ, ƏRDOĞAN!” adlı şeirini sizlərə təqdim edirəm:

O ŞEİRİ BİR DƏ SÖYLƏ, ƏRDOĞAN!

(“...Zor ilə ayırdılar....” Ərdoğan)

Quzu kəsim şeir deyən dilinə,

O şeiri bir də söylə, Ərdoğan!

Səs verəcək harayına qırx milyon,

Hədəfinə yaman dəyib, bax, yaman,

O şeiri bir də söylə, Ərdoğan,

Qoy partlasın, qoy çatlasın bu İran!

 

Bircə bəndlik şeir ilə oyanıb,

Təbriz indi əyaq üstə dayanıb.

Əsrlərlə əsarətdən usanıb,

Çalxalanır, silkələnir bax bu an,

O şeiri bir də söylə, Ərdoğan,

Qoy partlasın, qoy çatlasın bu İran!

 

Haqdan deyir, sevmir haqqı, düzü də,

Bir şeytandı astarı da, üzü də.

Zamanıdı, dağılacaq özü də,

Bizi bizdən ayrı salan, ayıran,

O şeiri bir də söylə, Ərdoğan,

Qoy partlasın, qoy çatlasın bu İran!

 

Dilindəki şər-böhtandı, yalandı,

Erməniyə mehri-ülfət salandı.

İran ki var, İran deyil, ilandı,

Bu “ilana” qənim olsun o Quran, *

O şeiri bir də söylə, Ərdoğan,

Qoy partlasın, qoy çatlasın bu İran!

 

Yox, dolmasın Araz daha lil ilə,

Axsın Araz o tay-bu tay gül ilə.

Biz ki, birik millət ilə, dil ilə,

Niyə axı ayrı qalsın bu məkan,

O şeiri bir də söylə, Ərdoğan,

Qoy partlasın, qoy çatlasın bu İran!

 

O tay - bu tay Araz üstə yol salaq,

Bu birliyə alqış deyək, əl çalaq.

Bəsdir daha əsarətdə alçalaq,

Alçalmışıq düz iki yüz il, zaman,

O şeiri bir də söylə, Ərdoğan,

Qoy partlasın, qoy çatlasın bu İran!

 

Bu ayrılıq əbədilik yad olsun,

Pişəvəri ruhu daim şad olsun, *

Ünvanımız bircə ünvan, ad olsun,

Hey bir olsun Azərbaycan sonacan,

O şeiri bir də söylə, Ərdoğan,

Qoy partlasın, qoy çatlasın bu İran!

Qeydlər:

  1. Müqəddəs Quran kitabı.
  2. Seyid Cəfər Pişəvəri. 1945-1946-cı illərdə Milli Hökumətin rəhbəri.

12.12.2020.- Bərdə ş.

Bu şeirin Aqişin Hacızadə ruhunun süzgəcindən keçib həyat qazanmasını sübut etmək ötrü dəlilər gətirməyə ehtiyac olmasa da, maraq üçün  şairin digər eyni ruhlu, eyni kəlmə yüklü müxtəlif vaxtlarda qələmə aldığı başqa şeirlərdən nümunələr gətirməyi özümə borc bildim:

Füzuli virandı, izi qalmayıb,

Ağdamın adı var, özü qalmayıb.

Yaram var sinəmdə, yox, sağalmayıb,

Xocalım inləyir, Şuşam can verir,

Vətən oğullara silahlan deyir.

      Və ya

Söyləyə bilmirəm dildə arzumu,

Ağzımdan alırlar halal ruzumu.

Özüm öz əlimlə tutub ağzımı,

Boğula-boğula yaşayıram mən.

 

Narahat çırpınır rahatlıq tapmır,

Hər əlim yetənə ürəyim yatmır,

Ürəyim deyənə əllərim çatmır,

Yaxıla-yaxıla yaşayıram mən.

Digər bir nümunə:

Bu dil mənim dünyada Türklüyümü bildirir,

Cürətimi, əzmimi, sərtliyimi bildirir.

Neçə ağır döyüşdə mərdliyimi bildirir,

İstəmirəm ötüşsün sənsiz ayım, bir ilim.

Ay mənim doğma dilim, ay mənim ana dilim.

Və bu iki bəndlə bu məsələni yekunlaşdırmaq istəyirəm. Necə deyərlər, “arifə bir işarə bəs eylər”:

Gen gün üçün qoçumuz çox,

Şirinindən acımız çox.

Günahımız, suçumuz çox,

Tanrı bizi bağışlamaz.

Nə qədər ki, qalxmamışıq,

Ələ silah almamışıq,

Yurda övlad olmamışıq,

Tanrı bizi bağışlamaz.

Nümunələrə ötəri bir nəzər saldıqda belə, bütün şeirlərin eyni müəllifə məxsus olduğu aydın sezilir. Bu barədə bu qədər. Aqşin Hacızadəyə yaradıcılıq uğurları arzu edirəm. Bu işdə müsbət hal odur ki, hələlik şeirə müəlliflik iddiası ilə heç kim çıxış etmir. Müəllif şəriksiz və şəksiz olaraq Aqşin Hacızadədir. Ancaq, yaxşı olar ki, gələcəkdə daha böyük problemlərlə qarşılaşmamaq üçün Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən əsərləri üçün müəlliflik haqqında şəhadətnamə alsın.

Zaur Ustac

“Yazarlar” jurnalının baş redaktoru, şair-publisist

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN